Ermənistan hansı məqsədlə silahlandırılır?
09:09 SiyasətMəkrli niyyətlər Cənubi Qafqaza yönəlib
Cənubi Qafqazda siyasi gərginlik davam etməkdədir. Belə ki, Ermənistanla Azərbaycan arasında müharibə bitsə də sülh müqaviləsinin imzalanması məsələsi dalana dirənib. Gürcüstanda keçirilən parlament seçkiləri isə ölkəni əməlli başlı silkələyib. Etiraf edilməlidir ki, regionda baş verən çaxnaşmalarda xarici qüvvələrin rolu kifayət qədərdir. Bölgədə siyasi və iqtisadi marağı olan ölkələr regionu daim təzyiq altında saxlamağa çalışırlar. Elə bu səbəbdən də separatçı qüvvələri maliyyə və hərbi texnika ilə təmin edirlər. Hazırda Ermənistanın ABŞ, Avropa Birliyi, Fransa və Hindistan tərəfindən silahlandırılması prosesi daha da sürətləndirilib. Qərbin işğalçı dövləti açıq şəkildə müasir hərbi texnika ilə təmin etməsi Ermənistanın ən yaxın vaxtlarda savaşa başlamaq ehtimalını artırır. Nəzərə almaq lazımdır ki, sözügedən dövlətlər, Ermənistana təkcə kütləvi qırğın silahı deyil, həm də özlərinə sərf edən təlimatlar verirlər. Şübhəsiz ki, bu təlimatın arxasında Cənubi Qafqazı nəzarət altına almaq istəyi durur. Vəziyyətin bu cür davam etməsi Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh müqviləsinin bağlanma ehtimalını sıfıra endirir. Çünki, Ermənistanın silahlandırılması işğalçı dövləti yeni müharibəyə sürükləmək anlamına gəlir. Ermənistanın xarici havadarlarının dəstəyindən şirnişərək belə bir addım atması istisna olunmur. Prosesin belə davam etməsi hansısa mərhələdə yeni regional savaşa yol aça bilər.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda sülh prosesinin pozulmasına görə mövcud situasiyada məhz ABŞ, Avropa Birliyi və Fransa birbaşa siyasi məsuliyyət daşıyırlar. Riyakar siyasət yürüdün bu dövlətlər sözdə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiklərini bəyan etsələr də əməldə sülh mövzusu üzərindən manipulyasiya edirlər. Digər tərəfdən, onların birmənalı şəkildə ermənipərəst mövqe tutmalrı heç kimə sirr deyil.
Son vaxtlar Ermənistanın silahlandırılmasında Hindistan daha fəallıq nümayiş etdirir. Hindistan Ermənistana "Pinaka" reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb. Bu barədə həm Hindistan, həm də Ermənistan mediası məlumat yayıb. Xatırladaq ki, Hindistan Ermənistana "Akash" zenit-raket kompleksinin ilk batareyasını da göndərib. "Akash" 25 km məsafədə döyüş təyyarələrini, raketləri, pilotsuz təyyarələr və digər hava aparatlarını vura bilən yer-hava raketidir.
Ortaya belə bir sual çıxır-nədən Ermənistan hərbi sursatı silah satışı üzrə daha cox inkişaf etmiş ölkələrdən deyil, məhz Hindistandan alır? Axı Hindistan özü birbaşa silah istehsal edən ölkələr sırasında deyil. Məsələyə aydınlıq gətirmək üçün aşağıdakı faktlara diqqət yetirək. Ermənistana silah satan Hindistan özü başqa ölkələrdən silah alır və raketlər, təyyarələr, döyüş gəmiləri istehsal etmək üçün tələb olunan kritik texnologiyalara sahib deyil. Əksinə, silah alarkən onların hazırlandığı texnologiyaları da əldə etməyə çalışır. Məsələn, 2023-cü ildə ABŞ "General Electric" şirkətinin Hindistanda bu ölkənin döyüş təyyarələri üçün mühərriklər istehsal etməsi ilə bağlı razılaşma əldə edilib. Bundan əlavə, Hindistan özünün ən yeni təyyarədaşıyan gəmisi üçün Fransadan qırıcı təyyarələr almağı düşünür, həmçinin, fransız, alman və ya ispan texnologiyasından istifadə edərək sualtı qayıqlar və ABŞ-la Fransa istehsalı olan mühərriklə işləyən döyüş təyyarələri istehsal etmək istəyir. Daha bir maraqlı məqam Hindistanın Rusiya silahının ən böyük alıcı olması faktıdır. Belə ki, Hindistan ordusunun silah arsenalının 65%-i Rusiyadan alınmış silahlardır. Hindistan hərbi sənayesinin uğuru kimi təqdim edilən "BrahMos" raketləri həm də Rusiyanın hərbi-texniki əməkdaşlıq çərçivəsində ötürdüyü texnologiyalar əsasında hazırlanıb. Ermənistanın da almağa maraq göstərdiyi "BrahMos" raketləri Rusiyanın "Oniks" raketləri əsasında hazırlanıb, yaxud bu yaxınlarda rəsmi İrəvanın Hindistandan aldığı "Pinaka" reaktiv yaylım atəş sistemləri Rusiyanın "Smerch" sisteminin texnologiyası əsasında istehsal olunur. Hindistandan alınan "Konkurs" tank əleyhinə raketləri də Rusiyanın verdiyi patent əsasında hazırlanıb. Belə məlum olur ki, Hindistan sınqadan çıxmayan, özünü doğruldub doğrultmayacağı sual altında olan hərbi sursatı Ermənistana sırımaqda mənfəət əldə etməklə yanaşı, həm də siyasi məqsəd sərgiləyir.
İstənilən halda göstərilən bütün cəhdlər Azərbaycan üçün keçərli deyil. Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, militarist siyasətini davam etdirəcəyi təqdirdə Azərbaycanla münasibətlərin normallaşdırılmasında müəyyən problemlər yarana bilər. Hətta yekun sülh sazişinin imzalanması prosesində çətinliklər yaranar. Bu baxımdan rəsmi İrəvan Azərbaycanın bu xəbərdarlıqlarını nəzərə almaq zorundadır.
Alim