Avropa İttifaqının “missiya oyunu”
12:21 SiyasətQərbin "binokl diplomatiyası" hələ çox oyunlardan çıxacaq
Beynəlxalq sülh və təhlükəsizlik uğrunda cəhdlərin artırılmasına ehtiyac olduğu bir dövrdə Avropa İttifaqı (Aİ) mövcud münaqişə ocaqlarını alovlandırmaq yolu tutub. Quruma üzv dövlətlərin sülh və təhlükəsizliyə eyni mövqe sərgiləməsi məsələni bir az da qəlizləşdirir. Reallıq ondan ibarətdir ki, Avropa İttifaqı münaqişələrin cözülməsi üçün barış missiyasını yerinə yetirmək əvəzinə, tərəflər arasında nifaq toxumu səpir. Aİ-nin bu siyasətini konkret olaraq Cənubi Qafqaza münasibətində aydın şəkildə sezmək olur. Belə ki, qurum bütün mümkün vasitələrdən istifadə edərək Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışır. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq kapituliyasiya aktına imza atmış Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin imzalanmasına maneə törətməyi hədəf seçib. Elə bu məqsədlə də işğalçı dövlətə maliyyə və hərbi dəstək verməyi ali məqsəd kimi qarşısına qoyub. Qeyd edək ki, Avropa İttifaqı Ermənistanda ilkin olaraq 100 müşahidəçidən ibarət uzunmüddətli mülki missiya yerləşdirib. Bəyan edilən məqsədlərindən biri kimi də Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında sabitliyin təşviq edilməsi göstərilib. Hazırda Ermənistanda Aİ-nin mülki missiyasının fəaliyyət göstərməsi fikrimizi bir daha sübut etmiş olur. Təkcə bu addımın arxasında Avropa İttifaqının gizli və məkrli niyyətinin olduğu üzə çıxır. İlbəil sözügedən mülki missiyanın sayının artırılması qurumun gizli planlarının tərkib hissəsidir. Missiya əməkdaşlarının sayının 138 nəfərdən 209-a çatdırılması işğalçı dövlətin müharibəyə fokuslaşdırılmasından başqa bir şey deyil. Belə halda missiyanın təhlükəsizlik və sülhə xidmət edəcəyi sual altına düşür. Hansı ki, Ermənistan qətiyyən təhdid edilmir, əksinə sülh müqaviləsi təklif edilir. Məsələ orasındadır ki, Aİ-nin monitorinq missiyası heç də Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məqsədi daşımır. Əsas məqsəd Türkiyə, Rusiya, İran və Azərbaycan barədə kəşfiyyat məlumatı toplamaqdır.
Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri qane etmir. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar. Məsələ orasındadır ki, Avropa İttifaqının "missiya oyunu"na üzv dövlətlər də qoşulublar. Bu isə o deməkdir ki, Qərbin "binokl diplomatiyası" hələ çox oyunlardan çıxacaq. Elə Ermənistana səfərdə olan Polşa prezidenti Andjey Dudanın Azərbaycanla şərti sərhəddə olması buna bariz nümunıdir. Birmənalı şəkildə qeyd edilməlidir ki, Polşa prezidentinin bu addımı Aİ-nin "missiya oyunu" planının tərkib hissəsidir. Məlumata görə, Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib. Polşa prezidenti Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsində olub və Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə birgə patrul xidməti həyata keçirib. Azərbaycan Xarici işlər Nazirliyi (XİN) Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib: "Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır".
Məlum olduğu kimi 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı Şurasının rəhbərliyi Polşaya keçəcək. Aİ-yə rəhbərlik edəcək Polşa prezidentinin İrəvana xüsusi səfəri və sərhədi ziyarət etməsi Aİ-nin Ermənistanda müşahidə missiyasının gələcəyi ilə bağlıdır. Hələlik bu barədə konkret qərar olmasa da fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq missiyanın daha iki il Ermənistanda qalması fikri var. Avropanın ölkəmizə qarşı ikili siyasəti bu istəyin reallaşacağını deməyə əsas verir. Nəzərə alaq ki, Duda Bakıya COP29-da iştirak üçün gəlmişdi və paralel olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini də müzakirə etdi, Ermənistana isə xüsusi səfər proqramı ilə gedib. Onu da qeyd edək ki, Azərbaycan birmənalı olaraq müşahidə missiyasının müddətinin uzadılmasına qarşıdır. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan sərhədində fəaliyyətə başlayan missiyanın müddəti iki aylıq razılaşdırılsa da, daha sonra rəsmi Bakının mövqeyi nəzərə alınmadan müddəti uzadıldı. İstisna edilmir ki, Aİ-yə rəhbərlik edəcək Polşanın prezidenti İrəvanda müşahidə missiyasının müddətinin uzadılmasının yollarını da müzakirə edib. Odur ki, Azərbaycan bütün diplomatik vasitələrdən istifadə etməlidir ki, missiyanın müddətinin uzaqdılması baş tutmasın.
Alim Hüseynli