Azərbaycan qlobal təhlükəsizliyə töhfə verir

Azərbaycan -ABŞ münasibətləri  bir neçə istiqamət üzrə inkişaf edir

Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət ölkəmizin beynəlxalq imicinin artasına səbəb olub. Artıq dünyanın söz sahibi olan iri dövlətləri və beynəlxalq təşkilatları Azərbaycanla bərabərhuquqli, ikitərəfli münasibətlər qurmağa üstünlük verirlər. Hazırda Azərbaycan dünyanın qlobal siyasi və iqtisadi problemlərinin həlli məkanına çevrilib. Ölkəmizdə uğurla təşkil edilən və tarixi qərarlarla yadda qalan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) sessiyası fikrimizi bir daha təsdiq etmiş olur. COP29-un yekun plenar iclasında bu tədbirin gözəl təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə olunan qətnamənin qəbul edilməsi təsadüfi deyil. 
Məlum olduğu kimi Azərbaycan müstəqillik əldə etdikdən sonra istənilən dövlətlə bəraəbərhüquqlu və ikitərəfli əməkdaşlığa üstünlük verir. Eləcə də Azərbaycan ilə ABŞ arasındakı münasibətlər bir neçə istiqamət üzrə fəal inkişaf etdirilir. Hazırda iki ölkə arasındakı siyasi, iqtisadi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etməkdədir. Elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi münasibətilə Donald Trampla telefon danışığında da iki dövlət arasında səmərəli əməkdaşlıq barədə fikirlər səslənib. Belə ki, Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı seçkilərdə inamlı qələbənin Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsi olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını ifadə edib. Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib və ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulayıb.
Yeri gəlmişkən xatırladaq ki, prezident Baydendən fərqli olaraq Donald Trampın birinci hakimiyyəti dövründə Azərbaycanla ABŞ arasında münasibətlər normal səviyyədə inkişaf edib. Prezident İlham Əliyevin hələ Şuşa mediaforumunda Trampın 1-ci idarəçiliyi dövrü haqqında səsləndirdiyi fikirlər bunu bir daha təsdiq edir: " Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda mən bu məsələdə, bu mövqedə yeganə deyiləm. Bizə gəldikdə, bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".
Xatırladaq ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti bir sıra parametrlərə görə birmənalı olmayıb. Belə ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə olan "Azadlığa dəstək Aktına 907-ci düzəliş" adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mühüm əngələ çevrilmişdi. İki dövlət arasında əlaqələr və siyasi münasibətlər ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində yaxınlaşıb. Burada əsas amillərdən biri gənc, müstəqil Azərbaycanın yürütdüyü azad və balanslaşdırılmış xarici siyasət kursunun seçilməsi sayıla bilərdi. Eləcə də, Ümummilli Liderimizin milli maraqlarımıza xidmət edən neft strategiyası ABŞ - Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verdi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan enerji sahəsindəki mühüm əməkdaşlıq sonrakı mərhələdə münasibətlərin daha da yaxınlaşmasına yol açdı. Bu, həm də ABŞ ilə Azərbaycan arasında çoxtərəfli iqtisadi əməkdaşlıqda əsaslı amilə çevrildi. Nəticə etibarı ilə müasir dövrdə iki ölkə arasında mühüm iqtisadi, siyasi və digər sahələrdə mühüm əlaqələr mövcuddur. Eləcə də, Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfə hər zaman ABŞ tərəfindən yüksək dəyərləndirilib. Bu, təhlükəsizlik seqmenti üzrə əməkdaşlığın dərinləşməsinə imkan yaradıb. 11 sentyabr terrorundan sonra ABŞ-ın formalaşdırdığı beynəlxalq antiterror koalisiyasındakı fəal iştirakımız, Əfqanıstan və digər regionlarda sülhməramlı missiyanın tərkibində fəaliyyətimiz əlaqələrin inkişfında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı dövrdə isə "907-ci düzəliş"in dondurulması rəsmi Bakı ilə Vaşiqnton arasındakı münasibətlərin daha da dərinləşməsini şərtləndirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət isə iki dövlət arasında münasibətləri yüksək səviyyəyə çatdırıb. Hazırda Azərbaycan və ABŞ sülh və təhlükəsizilik məslələrinə öz töhfələrini verməkdədir. Lakin dünyada gedən proseslər deməyə əsas verir ki, təhlükəsiz dünyanın bərqərar olması üçün siyasi liderə ehtiyac duyulur.  Başqa sözlə, hazırda dünyanın ənənəvi dəyərləri qoruyan, təhlükəsiz dünya uğrunda mübarizə aparan liderlərə ehtyacının olması vacib məsləyə çevrilib. Xatırladaq ki, dünyada D.Tramp, R.T.Ərdoğqn, V.Orban, A.Vuçiçvə kimi liderlər yetişib ki, onların idarəçiliyi dövründə ölkələrin möhkəmlənməsi, milli dəyərlərin aliliyinin təmin edilməsində müstəsna xidmətləri olub. Azərbaycanın da sabitlik adası kimi özünü təsdiq etməsi və milli gücünü davamlı olaraq artırması bilavasitə lider amili ilə əlaqədardır. O Lider ki, adı inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur, islahatçı və yenilikçi yanaşması ilə fərqlənir, mükəmməl geosiyasət bilicisidir, milli həmrəyliyin qarantıdır. Ən əsası, İlham Əliyevin güclü dövlət konsepsiyası konyuktur maraqları ehtiva etmir, hakimiyyətin mühafizəsinə deyil, dövlətçiliyin qorunmasına  hədəflənib. İlham Əliyevin güclü dövlət konsepsiyasının əsas prinsiplərindən biri siyasi təkamüldür. Siyasi təkamülə nail olmaq üçün isə yenilənən islahat kursu ilə yeniləşmək, ictimai münasibətlərdə keyfiyyət dəyişikliklərinə nail olmaq, idarəetmə standartlarını yüksəltmək və digər innovativ metodlardan istifadə etmək lazımdır. 
Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm amillərdən biri davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında və rəhbərliyi altında görülən işlər nəticəsində ölkənin idarəetmə sistemi təkmilləşdirilir, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin etməklə yanaşı, hakimiyyət komandasının monolitliyini daha da gücləndirib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatların cəmiyyət tərəfindən təqdirlə qarşılanması İlham Əliyevin güclü dövlət konsepsiyasının uğurla reallaşdırılmasından xəbər verir. Bu, həm də ictimai etimada əsaslanan yeni münasibətlərin təşəkkülüdür. 
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31