Qlobal rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır - Tomas Lamanauskas

Qlobal rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır.

Bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin müavini Tomas Lamanauskas deyib.

Tomas Lamanauskas qeyd edib ki, pakt çərçivəsində rəqəmsal vasitələrin tətbiqində məqsəd yeni strukturlar yaratmaq deyil, mövcud boşluqları aşkar etmək və onların aradan qaldırılması yollarını tapmaqdır.

O vurğulayıb ki, qlobal rəqəmsal təşəbbüs rəqəmsal uçurumun aradan qaldırılmasına yönəlib, çünki dünyada 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.

Lamanauskas süni intellekt kimi yeni texnologiyalardan istifadəyə və onların həyata keçirilməsi ilə bağlı risklərin idarə olunmasının vacibliyinə xüsusi diqqət yetirib.

"Rəqəmsal imkanlar hamı üçün əlçatan olmalıdır və texnologiyaların, o cümlədən süni intellektin inkişafı ilə bağlı riskləri düzgün idarə etmək vacibdir", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31