Əli Mustafa: "Azərbaycanın nümayiş etdirdiyi yanaşma yeni bir sülh modelidir" – ÖZƏL

"Dövlətlərin daxili siyasətinə aid olan işlərə qarışmamaq prinsipi və dövlətlərin suveren bərabərliyi prinsipi beynəlxalq hüququn əsas prinsiplərindəndir. Azərbaycan da bu prinsiplərə əsaslanaraq hesab edir ki, hər bir dövlət digər dövlətin daxili işlərinə qarışmamalıdır. Bu, beynəlxalq hüququn prinsiplərindən irəli gələn normal yanaşmadır və burada müstəsna bir hal yoxdur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir. Ölkəmizdə çoxsaylı xalqlar və etnik qruplar yaşayır. Multikulturalizm Azərbaycanın quruluşunun və mahiyyətinin ayrılmaz hissəsidir. Burada fərqli xalqlara, dəyərlərə və mədəniyyətlərə hörmət və sevgi, qarşılıqlı anlaşma, eyni zamanda, mədəni zənginləşmə mövcuddur. Təbii ki, multikulturalizm müxtəlif xalqların bir arada yaşamasını, fərqli mədəniyyətlərə hörmət və sevginin olmasını nəzərdə tutur. Lakin eyni zamanda, burada vacib bir məqamı da qeyd etmək istərdim. Multikulturalizm çərçivəsində kiçik xalqlara göstərilən diqqət və hörmət ön plana çəkilsə də, böyük xalqların da hörmətə və ehtirama layiq olduğu vurğulanmalıdır. Bu, heç də hər hansı ayrı-seçkiliyə yol verilməsi anlamına gəlməməlidir. Azərbaycanda yaşayan bütün xalqların hüquqlarının müdafiə olunması, o cümlədən azsaylı xalqların, ölkəmizdə yaşayan türklərin, eləcə də digər etnik qrupların öz dillərinin, mədəniyyətlərinin və dəyərlərinin qorunması, hüquqlarının tanınması və onlara diqqət göstərilməsi multikulturalizmin mahiyyətini təşkil edən əsas məsələlərdəndir. 

Ekspert qeyd edib ki, Azərbaycanın qələbə qazandıqdan sonra sülhə çalışması da əhəmiyyətli məqamdır. Adətən, müharibədə məğlub olan və zəif tərəf sülh əldə etməyə çalışır. Lakin Azərbaycanın qələbəsindən sonra fərqli yanaşma ortaya qoyuldu. Azərbaycan qarşı tərəfə sülh təklif etməklə ərazi bütövlüyü prinsipinin qorunmasına töhfə verdi. Ölkəmiz öz ərazilərinin işğalına son qoydu və güclü olmasına baxmayaraq, Ermənistan ərazilərinə daxil olmadı.
Azərbaycan Ermənistan ərazilərində işğalçılıq planları qurmadı. Əksinə, regionda sülhün təmin olunmasına, Ermənistanın zəif vəziyyətinə baxmayaraq, münaqişənin uzadılmamasına və bu ölkənin ərazi bütövlüyünün pozulmamasına səy göstərdi. Bu baxımdan, Azərbaycanın nümayiş etdirdiyi yanaşma yeni bir model kimi qiymətləndirilə bilər. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31