Gələcək üçün BMT paktının uğuru onun icrasından asılıdır - Qay Rayder
18:47 SiyasətGələcək üçün BMT paktı ilə bağlı razılığın əldə edilməsi özlüyündə indiki geosiyasi şəraitdə mühüm uğur idi, lakin onun tam həyata keçirilməsi ilə real nəticələr əldə olunacaq.
Olaylar xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasına videomüraciətində BMT baş katibinin siyasi məsələlər üzrə müavini Qay Rayder deyib.
"Biz irəli getməliyik və bütün səviyyələrdə açılmış imkanlardan istifadə etməliyik. Pakt 21-ci əsrdə qlobal idarəçiliyi gücləndirmək məqsədi daşıyır ki, beynəlxalq institutlar dəyişmiş dünyada səmərəli fəaliyyət göstərə bilsinlər. O, 1963-cü ildən bəri ilk dəfə olaraq Afrikaya qarşı tarixi ədalətsizliklərin düzəldilməsi prinsipini təsbit edən BMT Təhlükəsizlik Şurasının islahatı və Şuranın daha təmsilçi olması zərurəti kimi mühüm müddəaları ehtiva edir", - o bildirib.
Onun sözlərinə görə, sənəddə inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınmaqla qlobal maliyyə arxitekturasına dəyişikliklər də nəzərdə tutulub. Buraya qabaqcıl texnologiyalara, o cümlədən süni intellektə ədalətli çıxışı təmin edəcək qlobal rəqəmsal pakt daxildir və ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələri rəqəmsal sahənin tənzimlənməsi prosesinə cəlb edir. Pakt həmçinin ilk dəfə olaraq dövlətlərin gələcək nəsillər üçün qəbul edilən qərarların uzunmüddətli nəticələrini nəzərə almaq öhdəliklərini müəyyən edir.
"BMT-nin Baş Katibi üzv dövlətlərdən əsas beynəlxalq proseslər vasitəsilə islahatları irəlilətmək üçün paktın yaratdığı impuls üzərində dayanmağa davam edəcəklərini gözləyir. Xüsusilə, 2025-ci ilin iyununda İspaniyada baş tutacaq İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Konfrans beynəlxalq maliyyə sisteminin modernləşdirilməsi üçün imkanlar yaradacaq. 2025-ci ilin noyabrında Qətərdə keçiriləcək Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti regional təşəbbüslərin müzakirəsi üçün mühüm platforma olacaq. Bundan əlavə, pakt beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquqlarının və davamlı inkişafın qorunması üçün BMT ilə Afrika İttifaqı, Avropa İttifaqı və digər regional təşkilatlar arasında əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur", - o bildirib.
Qay Rayder qeyd edib ki, paktın uğurla həyata keçirilməsi üçün geniş spektrli maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti, özəl sektor, yerli hakimiyyət orqanları, milli parlamentlər, elmi ictimaiyyət və başqalarının iştirakı lazımdır.
"Mən sizi paktdakı öhdəlikləri araşdırmağa, ölkəniz üçün ən uyğun olanları müəyyənləşdirməyə və onların real fərq yaratmaq üçün tərəfdaşlıq qurmağa dəvət edirəm", - o əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.