Mətbuat Şurasından jurnalistin döyülməsi ilə bağlı AÇIQLAMA
14:57 SosialBakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və ardınca yaşanan insident ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.
Olaylar.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurası məsələ ilə bağlı mövqeyini açıqlayıb.
Şuranın bəyanatında bildirilib ki, belə faciəli hadisələr cəmiyyətdə təbii olaraq ciddi narahatlıq yaradır. Baş verənlərin səbəbləri, məsul şəxslərin müəyyənləşdirilməsi və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı sualların cavablandırılması mühüm əhəmiyyət daşıyır.
Mətbuat Şurası qeyd edib ki, jurnalistlərin hadisənin təfərrüatlarını araşdırması və ictimaiyyətə məlumat çatdırmağa çalışması onların peşə vəzifələrinin bir hissəsidir.
Açıqlamada "Real TV" əməkdaşlarının hadisə ilə bağlı jurnalist fəaliyyətini həyata keçirərkən fiziki təzyiqlə üzləşməsi yolverilməz hal kimi qiymətləndirilib.
Şura vurğulayıb ki, jurnalistlərin qanuni fəaliyyətinə mane olmaq, onlara qarşı güc tətbiq etmək və ya təhdidlər səsləndirmək qəbuledilməzdir. Hər hansı narazılıq və fikir ayrılığı yarandıqda mübahisələr zorakılıq yolu ilə deyil, qanunun tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun həll edilməlidir.
Bununla yanaşı, Mətbuat Şurası faciəli hadisələrin işıqlandırılması zamanı jurnalistlərin peşə etikası qaydalarına və həssas yanaşma prinsiplərinə riayət etməsinin vacibliyini də xatırladıb. Xüsusilə azyaşlıların və yeniyetmələrin iştirak etdiyi hadisələr barədə məlumat hazırlanarkən daha diqqətli davranılmalıdır.
Şura ümidvar olduğunu bildirib ki, baş vermiş insidentin bütün təfərrüatları obyektiv və hərtərəfli araşdırılacaq, hadisədə iştirak edən şəxslərin hərəkətlərinə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək.