Dünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur - İƏT-in baş katibi
19:21 SiyasətDünyada beynəlxalq normaların zəifləməsi müşahidə olunur.
Olaylar.az xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan deyib.
"Vəziyyəti və üzləşdiyimiz çağırışları - durğun Ümumdünya Ticarət Təşkilatı, iflic vəziyyətində olan Təhlükəsizlik Şurası, qeyri-funksional ticarət və maliyyə sistemləri, zəifləmiş beynəlxalq normalar və beynəlxalq maliyyə institutlarının fəaliyyət göstərməməsini nəzərə alsaq, bu fonda gələcəyin indi burada olması özlüyündə böyük nailiyyətdir", - o deyib.
Məcid Xan qeyd edib ki, bu gün qloballaşma prosesində iştirak etmək üçün ölkələrin könüllü olaraq tərk etdikləri o mövqeləri və bazaları bərpa etmək istəyi var. Və bu tendensiya getdikcə güclənir.
"Bizim üçün həqiqətən də bu istəyə nəyin səbəb olduğunu başa düşmək vacibdir" - o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.