AEBA gələcək üçün BMT paktını həyata keçirməyə sadiqdir - Baş direktorun müavini

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) gələcək üçün BMT paktını həyata keçirməyə sadiqdir.

Olaylar xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müavini Najat Moxtar deyib.

"Qabaqcıl texnologiyalara bərabər çıxışın təmin edilməsi və elmi bərabərsizliklərin aradan qaldırılması gələcək paktın uğurla həyata keçirilməsi üçün vacib şərtlərdir. AEBA elmə, innovasiyaya və bütün üzv dövlətlərlə əməkdaşlığa diqqət yetirərək onun həyata keçirilməsinə sadiqdir", - o deyib.

Moxtarın sözlərinə görə, AEBA-nın əsas fəaliyyət istiqamətlərindən biri elmi və texnoloji potensialın inkişafı, eləcə də səhiyyə üçün qabaqcıl həllərin tətbiqidir.

"Xüsusən, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin təkmilləşdirilməsi məqsədilə tibb mütəxəssislərinin ixtisasının artırılması ilə məşğuluq", - o bildirib.

Onun sözlərinə görə, bu gün Afrika əhalisinin 70 faizinin xərçəngdən müalicə almaq imkanı yoxdur.

"Bu o deməkdir ki, insanın doğulduğu yer çox vaxt onun sağ qalma şansını müəyyən edir və bu vəziyyət qəbuledilməzdir", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31