Azərbaycan bu perspektivlərdən maksimum səviyyədə istifadə etməyə çalışacaq- ÖZƏL
12 Noyabr 2024 18:51 Siyasət"COP29 tədbirinin belə yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi, eyni zamanda, Azərbaycanın beynəlxalq məkanda siyasi iradəsi üçün də geniş imkanlar açdı. Bundan sonra Azərbaycanın beynəlxalq məkanda daha qətiyyətli və prinsipial mövqe tutması üçün elə bir ciddi əngəl qalmamış oldu. Hətta hesab etmək olar ki, Azərbaycan dünyanın aparıcı dövlətləri sırasına qatılmaq üçün olduqca böyük imkanlar qazanmış oldu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Təbii ki, belə situasiyada rəsmi Bakının qlobal cazibə mərkəzinə çevrilmək niyyəti qətiyyən diqqətdən yayınmır. Azərbaycan dövlətinin yaxın gələcəkdə həm regional, həm də qlobal anlamda siyasi iradə mərkəzinə çevrilməsi üçün potensial imkanları daha ön plana çıxmış kimi görünür. Bu baxımdan hesab etmək olar ki, Azərbaycanın bütün bu prosesləri, perspektivləri nəzərə alaraq müəyyən manevrlər etməsi qətiyyən gözlənilməz deyil. Xüsusilə də rəsmi Bakının Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə münasibətləri daha ön plana çəkməsi, eyni zamanda bu dövlətlərlə qarşılıqlı münasibətlərin inkişafına xüsusi diqqət ayırması gələcək perspektivlər baxımından böyük önəm daşıyır. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının son vaxtlar beynəlxalq məkanda da müəyyən təsir imkanları qazanması yaxın gələcəkdə qlobal siyasi məkanda yeni iradə mərkəzlərinin meydana çıxmasına münbit şərait yaradır. Bu baxımdan da Azərbaycanın həm Cənubi Qafqazda, həm Xəzər hövzəsində, həm də Orta Asiya məkanında aparıcı dövlətlərdən bir kimi çıxış etməsi tamamilə təqdirəlayiq və önəmli bir prosesdir. Böyük ehtimalla Azərbaycan bu perspektivlərdən maksimum səviyyədə istifadə etməyə çalışacaq və yaxın gələcəkdə Türkiyə ilə ittifaqda olduğu kimi, Mərkəzi Asiya dövlətlərini də Azərbaycan-Türkiyə ittifaqı ətrafında daha sıx birləşdirərək Avropa Birliyinə alternativ xarakter daşıyan Türk Dövlətləri Təşkilatının iqtisadi, siyasi potensialını qlobal siyasət məkanında təsirli faktora çevirmək imkanlarından yararlanacaq".
Qiymət Mahir