Gürcüstanda azərbaycanlıların seçkilərdə həlledici rolu və regional sabitliyə töhfəsi- ÖZƏL
27 Oktyabr 2024 16:04 SiyasətGürcüstan cəmiyyətinin əhəmiyyətli bir parçası olan azərbaycanlılar bu ölkədəki seçkilərdə fəal iştirakı ilə, regionun sabitliyi və davamlı inkişafına mühüm töhfələr verirlər. Azərbaycan dövlətinin Gürcüstanla münasibətləri gücləndirməyə yönəlmiş siyasətini və Prezidentin bu istiqamətdəki təşəbbüslərini dəstəkləyən soydaşlarımız Gürcüstanın siyasi proseslərinə inteqrasiya olunmaqla həm də Azərbaycan-Gürcüstan dostluğunu möhkəmləndirmiş olurlar. Bu, hər iki ölkə üçün qarşılıqlı faydalı bir münasibət yaratmaqla regionda sülh və əmin-amanlığı qoruyur.
Azərbaycanlıların Gürcüstanda hakim partiyaya verdikləri dəstək həm ölkədaxili sülh və sabitliyin təminatında, həm də qərb siyasətinin gətirmək istədiyi ayrıcı xətlərə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir. Gürcüstanın 300 min nəfərlik azərbaycanlı icması, seçkilərdə öz prinsipal mövqelərini ortaya qoyaraq ənənəvi dəyərlərə sadiq qaldıqlarını bir daha nümayiş etdirdilər. Gürcüstanın müxtəlif regionlarında yaşayan azərbaycanlılar bu seçkilərdə yüksək iştirak göstəriciləri ilə hakim partiyanın ümumi səslərinin 7-8 faizini formalaşdırdı ki, bu da ölkənin siyasi istiqamətinə həlledici təsir göstərmək gücündə oldu.
Seçkilərin nəticələri Qərbin Gürcüstan üzərində ayrıcı xətlər yaratmaq cəhdlərinə və regionda münaqişələri alovlandırmaq siyasətinə ciddi bir cavab oldu. Gürcüstandakı azərbaycanlı icma da digər vətəndaşlar kimi sülhün və stabilliyin yanında yer aldı. Qərbin təsiri altında bölgəni parçalamaq və onu müharibə müstəvisinə gətirmək cəhdləri iflasa uğradı və Gürcüstanın azərbaycanlı icması regionun taleyində birbaşa rol oynadığını bir daha göstərdi. Bu birlik, Azərbaycanın və Gürcüstanın, Ermənistanın regiondakı təxribatçı siyasətinə qarşı möhkəm bir mövqedən çıxış etdiklərini və hər iki ölkənin regional təhlükəsizlik məsələlərində həmfikir olduqlarını göstərdi.
Əgər bu seçkilərin nəticələri əks istiqamətdə olsaydı, bölgədə qərbpərəst bir prezident və hökumət ilə parçalanma təhlükəsi daha çox ola bilərdi. Gürcüstanın və Azərbaycanın birliyi ilə həm regionda ikinci bir cəbhə açılması təhlükəsi qarşısı alınmış oldu, həm də hər iki dövlət öz milli maraqlarını qorumağa davam edir. Tarix də göstərir ki, bu birlik olduqda həm Azərbaycan, həm də Gürcüstan öz ərazilərinin, milli maraqlarının və təhlükəsizliyinin müdafiəsində daha güclü olurlar.
Ümid edirik ki, Gürcüstan hakimiyyəti, xüsusən də hakim partiya, seçkilərdə göstərilən bu dəstəyin qarşılığında azərbaycanlıların ehtiyaclarını və problemlərini daha yaxından araşdıracaq və onların həlli istiqamətində addımlar atacaq. Bu yanaşma Gürcüstandakı azərbaycanlıların həm rifahını artıracaq, həm də iki ölkə arasında dostluq əlaqələrinin güclənməsinə təkan verəcək.
Ermənistan tərəfi isə, ümid edirik ki, regiondakı ümumi maraqlara uyğun olaraq bölücü və təxribatçı yanaşmadan çəkinəcək və həm Azərbaycana, həm də Gürcüstana qarşı düşmənçilik siyasətindən imtina edəcək. Gələcəkdə regional əməkdaşlıqla Ermənistanın da bu bölgədə stabil və sülh içində birgəyaşayışa meyllənəcəyinə ümid bəsləyirik. Bu, Qafqazın ümumi rifahı və davamlı sülhü üçün mühüm bir addım ola bilər.