Gürcüstandakı seçkilər regionda dəyərləndirmənin düzgün nəticəsi oldu- ÖZƏL
27 Oktyabr 15:58 Siyasət"Gürcüstandakı seçkilər bütün dünyanın diqqət mərkəzində idi. Mövcud proses ölkənin Qərblə birləşmək və Moskvanın orbitinə qayıtmaq arasında uzun müddət davam edən çəkişmədə həlledici məqam kimi qiymətləndirilirdi. Sülh müharibəyə, ənənəvi dəyərlər isə qeyri-sağlam dəyərlərə qarşı mübarizənin təməl daşına çevrilmişdi. Gürcüstandakı seçkilər həm də unikal nəzəri çərçivələrlə məhdudlaşmayan xüsusi empirik maraq kəsb edən məsələ idi. Axı siyasət insan davranışı elmidir. Bu, insanların fəaliyyətinin müəyyən bir seqmentinə - cəmiyyətin rəsmi hökumət mexanizmində baş verən və ya açıq şəkildə nəzərəçarpan təsirə malik olanlara aiddir. Beləliklə və nəticə etibarilə Gürcüstandakı seçkilər regionda dəyərləndirmənin düzgün nəticəsi oldu.
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Habelə, davranış elmlərinin əsas konsepsiyalarının mütləq siyasi davranışın öyrənilməsinin ayrılmaz hissəsi olduğu inkarolunmaz dərəcədə doğrudur və geniş şəkildə qəbul edilir. İkincisi, o da eyni dərəcədə doğrudur ki, siyasət sferasında fəaliyyətin təhlili üçün xüsusilə aktual olan davranış nəzəriyyəsinin elementlərini inkişaf etdirmək siyasət elminin məsuliyyətidir. Bunu tətbiqi baxımdan regionun üzərinə köçürdükdə isə o da qalır Ermənistanın yürüdəcəyi siyasətə. Hələ onu vurğulayaq ki, seçkinin nəticəsi Azərbaycanın və Gürcüstanın Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi. Şübhəsiz ki, seçkilərin nəticəsi fərqli olsaydı, burada Qərbin ötən bülbülü olan prezidentlə birlikdə regionu dağıtmaq, bölgədə ikinci cəbhə formalaşdırmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti qalib olacaqdı. Seçkinin nəticələri ayırıcı xətləri, Avropa trayektoriyasını genişlətmək cəhdlərinə zərbə, sadəcə Gürcüstanın deyil, regionun reaksiyasıdır. Qayıdaq Ermənistana. Kağız üzərində olan nəzəriyyələrdən fərqli olaraq müstəvi üzərində yerləşsə də, enişli-çıxışlı siyasi relyefə malik coğrafi mövqeyimiz dəyişdirilə bilməz reallıqdır. Odur ki, yəqin aqibəti sonu olmadan, sonda Ermənistan da regiona mənsub olduğunu dərk edəcək. Qərar qəbuletmə nəzəriyyəsi empirik sosial elm üçün əsas mərkəzlərdən biri kimi qəbul edilir. Düzgün qərarların qəbul edilməsinə maraq indiyə qədər çoxlu sayda hadisələrin baş verməsinə görə əldə edilən nəticəyə inamdan irəli gəlir. Hər halda indiyə kimi vəd edilənlə, əldə olunan nəticə arasında uçurum aydın göründüyündən inamın faiz nisbəti də bəllidir. Gürcüstandakı soydaşlarımız da xüsusi təşəkkürə layiqdirlər ki, güclü Azərbaycan dövlətinin və onun dahi Liderinin regionla bağlı yürütdüyü siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına istiqamətlənmiş siyasətini dəstəklədilər. Ümid edirik ki, qaliblər siyasətdə və onun tətbiqində danışıq nöqtələrinin çoxunu regionda sülh, sabitlik, ənənəvi dəyərlərə uyğunlaşdırmağa sadiq olacaqlar. Ümid etdiyimiz bir digər məsələ də odur ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra Gürcüstanda yaşayan soydaşlarımızın qayğılarına daha həssaslıqla yanaşacaq, problemlərin həlli istiqamətində konkret qərarlar qəbul edəcəklər. Çünki Gürcüstanda yaşayan 300 min azərbaycanlı hakim partiyanın ümumi səslərinin formalaşmasına 7-8 faiz töhfə verərək məskunlaşdıqları bütün regionlarda səs faizini yüksək saxlayıblar. Məsələnin vacibliyi həm də ondadır ki, bu nəticə öz əhatə dairəsi və təsir mexanizmlərinə görə seçki prosesində və bütövlükdə Gürcüstanın siyasi arenasında əhəmiyyətli, hətta həlledici potensiala malikdir. Bu həlledici potensial ənənəvi dəyərlərə sadiqlik nümayiş etdirməklə Gürcüstan vətəndaşları kimi Qərbin regionu bölmək, müharibə ocağına çevirmək siyasətinə və cəhdlərinə qarşı hərəkət enerjisinə çevrildi. Regionda inkarolunmaz, həm də aydın görünən Gürcüstan-Azərbaycan birliyi mövcuddur. Keçmiş, hadisələrin inkişaf tendensiyası sübut edir ki, sözügedən birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edir, beynəlxalq arenada da eyni mövqeni bölüşürlər.
Seçkinin nəticəsi bundan sonra fərdi və kollektiv davranış, siyasətin istehlakçı davranışı, inzibati davranış, qiymət təyini, qanunvericilik aktları, təbliğat, öyrənmə, xarici əlaqələr və sosial nəzarət kimi nəzəriyyələrdə gürcü xalqının üstünlük verdiyi həyat tərzinin təzühürü olacaq".
Zeynəb Rzayeva