Demokratiya və insan hüquqları iddiası arxasında gizlənən ikili standartlar- ÖZƏL
25 Oktyabr 2024 14:27 SiyasətFransa hər zaman insan hüquqlarını qoruma sahəsində özünü demokratik bir nümunə olaraq təqdim edir. Lakin ölkə daxilində və ya Fransanın nəzarəti altında olan ərazilərdə baş verən bəzi hadisələr bizə nəyi göstərir? Xüsusilə Yeni Kaledoniya məsələsi və siyasi mülahizələrlə həbs edilən şəxslərlə bağlı vəziyyət, Fransanın insan hüquqları və azadlıq anlayışına dair ciddi suallar doğurur.
Yeni Kaledoniyada müstəqillik və öz müqəddəratını təyin etmə hərəkatına qarşı sərgilənən münasibət Fransa üçün narahatlıq doğuracaq bir nümunədir. 11 fəalın həbsi, etiraz aksiyalarının zorakılıqla yatırılması, hətta bəzi fəalların öldürülməsi Fransanın siyasi hüquqlara və ifadə azadlığına verdiyi önəmin deklarativ olduğunu göstərir. Bu şəxslərin Fransaya etap edilməsi və hazırda həbsdə saxlanılması, yerli əhalinin öz hüquqları uğrunda mübarizəsinin sanki bir "cinayət" kimi qiymətləndirilməsi anlamına gəlir. Bu hadisə göstərir ki, Fransa kimi özünü azadlığın və demokratiyanın qarantı elan edən bir ölkə belə, siyasi mülahizələrlə hüquqi prinsipləri pozmağa meyilli ola bilər. Yeni Kaledoniyadakı etirazların zorla yatırılması yalnız orada yaşayan insanların səsini susdurmaq anlamına gəlmir, həm də Fransanın öz demokratik imicini zədələyir. Bu addım Fransa üçün ikili standartların bariz nümunəsi kimi qəbul edilə bilər. Əgər Fransa öz ərazisində azad sözə və siyasi etiraza bu cür sərt şəkildə yanaşırsa, beynəlxalq arenada insan hüquqlarının müdafiəçisi kimi çıxış etməsinin nə dərəcədə səmimi olduğu sual altına düşür.
Əgər Fransa həqiqətən demokratik və insan hüquqlarına hörmət edən bir ölkə olmaq istəyirsə, siyasi mülahizələrlə həbs edilən şəxsləri dərhal azadlığa buraxmalı və Yeni Kaledoniyadakı hərəkatlara daha humanist yanaşmalıdır.
Qiymət Mahir