BRİKS-in özü coğrafi mövqeyinə və logistika marşrutlarına görə Azərbaycana ehtiyac duyur- ÖZƏL
25 Oktyabr 2024 13:41 Siyasət"BRİKS-in özü bir sıra mühüm səbəblərə görə, ilk növbədə, ölkənin coğrafi mövqeyinə və oradan keçən logistika marşrutlarına görə Azərbaycana ehtiyac duyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Ölkəmizin kluba daxil olması onu bu quruma daxil olan və qoşulmağı planlaşdıran dövlətlərin, xüsusilə Asiya və ərəb ölkələrinin birbaşa strateji tərəfdaşına çevirəcək. Çünki Azərbaycan müəyyən mənada BRİKS ilə bir sıra ərəb və müsəlman ölkələri arasında körpü rolunu oynamaq imkanına malikdir. Ona görə də BRİKS həm də ərəb və islam dünyası ilə münasibətlərin daha yüksək səviyyədə təşəkkül tapması üçün Azərbaycanın potensialını yüksək dəyərləndirir".
Onun bildirdiyinə görə, BRICS-in Kazan Sammiti həm də Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların çağırışları fonunda ortaya qoyduğu sülh gündəliyinin və təşəbbüslərinin dəqiq konturlarını ifadə etmək, dünya ictimaiyyətinə özünün sülhsevər siyasətini, bölgənin lider dövləti olaraq Azərbaycan-Ermənistan münasibətlərinin sivil məcraya yönəldilməsinə mühüm töhvələr vermək niyyətini nümayiş etdirmək baxımından da əlamətdar hadisədir: "Sammit əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin ətraflı müzakirəsi, tərəflərin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatların verilməsi onu deməyə əsas verir ki, Azərbaycanın və onun qalib Liderinin sülh naminə ortaya qoyduğu "yol xəritəsi" reallaşmağa doğru yeni və daha mühüm mərhələyə qədəm qoyub".