Dünya siyasəti tarixində bundan gülünc və cəfəng açıqlama olmayıb- ÖZƏL
22 Oktyabr 2024 10:55 Siyasət"Jan-Noel Barronun Azərbaycan əleyhinə açıqlamaları oldu. Hətta belə bir ifadə işlətdi ki, Azərbaycan Ermənistana münasibətdə beynəlxalq hüququ pozub. Dünya siyasəti tarixində bundan gülünc və cəfəng açıqlama hələ eşitməmişdim. Çünki reallıq tam bunun əksidir. 30 il ərzində Azərbaycan torpaqları erməni işğalı altında olub, 20 faiz torpaqlarımız işğal altında olub, bir milyona yaxın məcburi köçkün və qaçqınımız öz dədə- baba torpaqlarından erməni aqressiyası nəticəsində didərgin düşüblər. Beynəlxalq hüququn bütün qaydalarını, təməl prinsiplərini, Helsinki Yekun Aktının prinsiplərini, BMT-nin prinsiplərini ilk növbədə pozan məhz 90-cı illərdə Azərbaycana qarşı işğalçı siyasət yürütmüş Ermənistan olub".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib:
"Ermənistana qarşı BMT Təhlükəsiz Şurasının dörd qətnaməsi, Avropa Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri oldu və həmçinin digər qurumların. Ermənistan heç bir qətnaməni yerinə yetirmədi. Belə olan halda hansı tərəf beynəlxalq hüququ pozur? Digər tərəfdən, Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə BMT-nin bütün qətnamələrini özbaşına yerinə yetirdi və beynəlxalq hüququ təmin etmiş oldu. Azərbaycan regionu terrorizmdən, separatizmdən, işğal rejimindən təmizlənməsinə vəsilə oldu. Amma biz görürük ki, Fransa yenə bizi qınamaq siyasi kursunu tutdu. İkinci Qarabağ müharibəsi dönəmində Makronun sərsəm açıqlamaları, ondan sonra Fransa Milli Assambleyasının hər iki palatasının Azərbaycanı işğalda günahlandırması ilə bağlı qətnamələr qəbul etməsi, daha sonra Ermənistan -Fransa arasında imzalanan hərbi əməkdaşlıq sazişləri, Ermənistana Bastyon tipli zirehli maşınların verilməsi və s. göstərir ki, Fransanın Cənubi Qafqaz siyasəti qərəzlidir və sırf ermənilərin təəssübkeşliyinə xidmət edir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan antiterror əməliyyatı həyata keçirərək öz suverenliyini bərpa etdi, erməni separatçılığına son qoydu. Fransa niyə Korsikaya müstəqillik vermir? Çünki öz ərazi bütövlüyünün təmininə çalışır. Amma Azərbaycanla münasibətdə biz görürük ki, əksinə, separatizmi dəstəkləyəcək tərəflərdən biri kimi yer almaqdadır. Antiterror əməliyyatları nəticəsində Azərbaycan yalnız legitim hədəfləri, hərbi infrastrukturu və düşmənin hərbi mövqelərini hədəf altına aldı. Qarabağdakı ermənilərin könüllü şəkildə Qarabağa qayıtmasına şərait yaratdı. Bununla belə, Azərbaycan hökuməti dəfələrlə bildirmişdi ki, həmin Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün əlindən gələni etməyə hazırdır. Bununla bağlı rəqəmsal platformada portal da yaradıldı. Qarabağ ermənilərindən, sadəcə Azərbaycan pasportu, Azərbaycan vətəndaşlığının qəbulu tələb olunurdu. Elə olacaq halda Azərbaycan onları hər cür hüquqlar və təhlükəsizliyi təmin edəcəkdi. Qarabağ ermənilərinin əksəriyyəti Ermənistana köçmək istəsə belə, Azərbaycan onların köçünə mane olmadı. Onların bütün əşyalarını, pal-paltarını götürərək avtomobillərlə çıxıb getməsinə imkan yaratdı. Halbuki 90-cı illərdə ermənilər bizim soydaşlarımıza qarşı qətliam həyata keçirdilər. Xocalıda qadınlarımızı, uşaqlarımızı həlak etdilər. İnsanlarımızın öz dədə-baba yurdlarını ayaqyalın, qışın soyuğunda, heç bir əşya götürmədən tərk etmələrinə məcbur etdilər. Fransa bunları görməzdən gələrək Azərbaycanı beynəlxalq hüququ pozmaqda günahlandırırsa, Fransanın sözsüz ki, ikibaşlı, riyakar və konkret hansısa bir məkrli planlara xidmət edəcək mövqedə olduğunun göstəricisidir. Fransa birinci növbədə bu mövqeyini gözdən keçirməli və Azərbaycanı qınamaq əvəzinə Ermənistanı sülh prosesinə təhrik etməlidir".
Zeynəb Rzayeva