ABŞ lideri C.Baydenin Prezident İlham Əliyevə məktubu - ÖZƏL

"Başlayaq o məsələdən ki, məktub sırf Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqları ilə bağlıdır. Ənənəvi məktublardan fərqli olaraq, məktubda, nə təhlükəsizlik mövzusuna ( Azərbaycanın Əfqanıstandakı və İraqdakı sülhməramlı missiyasında ABŞ ilə əməkdaşlığı), nə də, neft - qaz və Qərbin enerji təhlükəsizliyi istiqamətləri vurğulanmayıb. Çünki mövzu konkretdir. Azərbaycan və Ermənistan arasında sənəd!" Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Sırf danışıqlar prosesi. Məktubda Bayden administrasiyasının israrı və tələsməsi hiss olunur. Prezident bildirir: "Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək". Yeri gəlmişkən, Maykl Karpenter, artıq həm Prezidentin, həm də, xarici işlər nazirinin qəbulunda olub. İstisna deyil ki, səfərin əsas məqsədi tərəflərin ortaq məxrəcə gətirilməsi və COP 29 vaxtı hansısa olsa da sənədə imza atılmasıdır. Çünki, aydındır ki, Azərbaycan qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddiaları olan Ermənistan ilə sülh müvaqiləsi sənədinə indiki mətnlərlə imza atmayacaq. Lakin, "münasibətlərin normallaşmasına dair" hər hansı sənədin imzalanması istisna deyil!
Baydenin məktubunun abzaslarının birindəki son cümləyə diqqət: "Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm".
Beləliklə, müxtəlif təzyiq metodlarından istifadə edən Vaşinqton bu yollarla Azərbaycan rəhbərliyini razılığa gətirə bilmədiyindən, yenidən mülayim diplomatiya metodundan istifadə edərək istədiyi sənəd olmasa da, heç olmasa hansısa sənədin imzalanmasını xahiş etməsi istisna deyil.
Yeri gəlmişkən, sülh müqaviləsinə qədər paraflanmış variantin imzalanmasının mümkünlüyü rəsmi Bakı tərəfindən 2024 -cü ilin qışında təklif edilmişdi. Lakin, həmin vaxtdan bu gün səhər saatlarına qədər ABŞ və Ermənistan Bakı və İrəvan arasında münasibətlərlə bağlı ən üst sənəd sayılacaq "sülh müqaviləsi"nin imzalanmasına israr edirdilər. Baxmayaraq ki, hazırda masada olan müqavilə yarımçıq və natamam sənəd hesab olunmalı, ərazi iddiaları və zidiyyətlərə tam son qoymurdu.
Yuxarıda deyilənlərdən görünür ki, Azərbaycan rəhbərinin bu məsələlərlə bağlı prinsipiallığı bir daha milli maraqlarımızın maksimum şəkildə reallaşması ilə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31