Revanşistlər hələ də Zəngəzur dəhlizinin açılmağını istəmir- ÖZƏL
21 Oktyabr 2024 12:20 Siyasət"Zəngəzur dəhlizinin açılması ilə bağlı ortada ciddi mövqelər var. Hesab edirəm ki, "3+3" platformasının xarici işlər nazirləri səviyyəsində ötən həftənin sonu İstanbulda keçirilən görüşdə Ermənistana və İrana Zəngəzur dəhlizinin regional kommunikasiya baxımdan nə qədər əhəmiyyətli olduğu, bütövlükdə bütün bölgə üçün yeni iqtisadi dividenlər gətirəcəyi ilə bağlı stimulverici mesajlar verilib".

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Son dövrlər istər Ermənistan hakimiyyətindən, istərsə də revanşistlərdən Zəngəzur dəhlizi ilə bağlı məsələdə fərqli mövqelər var. Revanşistlər hələ də Zəngəzur dəhlizinin açılmağını istəmir, bunun əleyhinə Ermənistanda ictimai rəyi qızışdırmaqla məşğuldur. Ermənistan iqtidarı isə bu məsələdə kəskin addımlar və fikirlər səsləndirmək yerinə hələ ki daha sakit mövqe nümayiş etdirir. Əvvəl-axır Zəngəzur dəhlizi açılmalıdır. Bunu istəyənlərin sayı, əleyhinə olanlardan dəfələrlə çoxdur. Bu da imkan verir ki, ən qısa zamanda ən yaxşı perspektivlərlə Zəngəzur dəhlizi layihəsi reallaşsın. Burada bir məqamı da unutmamalıyıq ki, Alen Gevondyan və onun kimi Ermənistandakı müxtəlif şərhçilər obyektiv reallığı əks etdirən analizlərlə çıxış etmirlər. Onlar daha çox dağıdıcı, gərginliyə xidmət edən missiyalarla dolu açıqlamalar verərək erməni ictimai rəyində xaosun üstün olmağına çalışırlar. Zəngəzur dəhlizi ilə bağlı qəti tarix demək real olmasa da, mütləq açılacağını bildirə bilərik".
Zeynəb Rzayeva