Ermənistanın təzminat ödəməsi üçün hüquqi baza mövcuddur

Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladıqları ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Daşı-daş üstə qoymayan, torpağı torba ilə daşıyan ermənilər öz dədə malı kimi yeraltı və yerüstü sərvətlərimizi də talayıblar. Hətta Ermənistan Azərbaycanın təbii sərvətlərini öz brendi adı altında xarici bazarlara çıxarmaqdan belə çəkinməyib. Azərbaycan vətəndaşlarına məxsus mülklərin sökülərək qonşu dövlətlərə satılmasını biləvasitə həyata keçiriblər. Şəhər və kəndlərdə bütün tikililər, evlər, xəstəxanalar, məscidlər, mədəniyyət abidələri hətta qəbirlər, yerlə-yeksan edilmişdir. Belə hallara məhz orta əsrlərdə, cəngəllik qanunlarının hökm sürdüyü vaxtlarda rast gəlinirdi. Halbuki, beynəlxalq hüquq faktiki olaraq işğalçı dövlətin nəzarəti altında yerləşən ərazilərin işğal rejimi altında olduğunu və işğal etmiş dövlətin orada baş verənlərə görə məsuliyyət daşıdığını vurğulayır, eyni zamanda, mülkiyyətin, mədəni irsin, tarixi abidələrin, xəstəxanaların və sairə dağıdılmasını qadağan edir. Çox təəssüf ki, ölkəmizə, dövlətimizə və millətimizə vurulan maddi və mənəvi ziyanın əvəzi hələ də ödənilməmiş qalıb. Amma, bir əlahəzrəti-fakt var ki, hər bir dövlətin beynəlxalq hüququn subyekti kimi mövcud hüquqi rejim çərçivəsində öz haqqını tələb etmək hüququ var. Əslində, ölkəyə vurulmuş ziyanın qüvvədə olan qaydalara uyğun davranış sərgiləməsi sadəcə bir seçim deyil, bu onun üzərinə düşdüyü öhdəlikdir. Əgər o mövcud hüquqi nizamın hər hansı qaydasını pozursa və qeyri-qanuni vəziyyət yaradırsa deməli üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və yaratdığı vəziyyət nəticəsində vurduğu zərərin qarşılqlığını ödəməlidir. Başqa cür desək, beynəlxalq hüquqi nizam dövlətin beynəlxalq öhdəliklərini pozaraq törətdiyi qeyri-qanuni əmələ görə təzminat ödəməsini nəzərdə tutur. 
Bəs, Azərbaycan Ermənistan dövlətinə qarşı təzminat məsələsini hansı qaydada tələb edə bilər, yaxud bunun üçün beynəlxalq hüquq normaları varmı? Əvvala onu qeyd edək ki, dövlətlərarası təzminat məsələsi ilə bağlı beynəlxalq praktika mövcuddur. Yəni, tarixdə təzminat məsələsinin bir neçə həll variantı tətbiq edilib. Məlumat üçün qeyd edək ki, dövlətlərarası münasibətlərdə təzminat məsələsi ən çox  ticarət müstəvisində özünü büruzə verib. Tarixdə kifayət qədər faktlar var ki, bir dövlət digər dövlətin ərazisində onun tacirlərinə dəyən zərərin qarşılığını tələb etmiş, hətta hərbi yürüş, daha müasir dövrlərdə isə daxil işlərə müdaxilə üçün ondan bəhanə kimi istifadə etmişdir. Beynəlxalq hüquqi nizamın bu məsələyə yanaşması sui-istifadə hallarının qarşısını almağa və ümumi qaydaların formalaşmasına töhfə verməyə xidmət edir. Beynəlxalq daimi ədalət məhkəməsi 1928-ci ildə təzminatın dəyən zərərin nəticələrinin aradan qaldırılmasını və zərərdən əvvəlki vəziyyətin bərpasını nəzərdə tutduğunu təsdiq edir. Artıq dövlət qeyri-qanuni fəaliyyətin doğurduğu nəticələrin aradan qaldırılması üçün təzminat ödəməyə borclu hesab edilir.
Bu baxımdan Ermənistandan təzminat tələb etmək beynəlxalq hüququn prinsiplərinə uyğundur. Bunun üçün Ermənistanın 30 il ərzində ölkəmizə qarşı yqrütdüyü işğalçı siyasətin mahiyyətinə nəzər yetirmək kifayətdir. Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi birbaşa beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Beynəlxalq hüquqda belə hərbi müdaxilə təcavüz aktı kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Ermənistan qeyri-qanunu silahlı birləşmə yaradıb, həmin qanunsuz silahlı qüvvələr Azərbaycanın sərhədlərini adlayaraq bizim ərazimizdə döyüş əməliyyatı aparıb. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın bütün hərbi potensialı ilə məğlubiyyətini etiraf etməsi, imzalanan üçtərəfli bəyənatda qanunsuz silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxaracağı ilə bağlı öhdəlik götürməsi özlüyündə təcavüzün etirafı kimi dəyərləndirilə bilər. Bu isə o deməkdir ki, suveren Azərbaycan ərazisində qeyri-qanuni işğal nəticəsində törədilmiş dağıntılara görə Ermənistan məsuliyyət daşıyır. Çünki işğalçı dövlət, yəni Ermənistan işğal edilmiş ərazi üzərində suverenliyə malik deyildi, işğal rejimi çərçivəsində fəaliyyət göstərirdi və bu ərazilərin işğalının müvəqqəti hal olmasını anlayırdı. Lakin bütün sadalananlara baxmayaraq Ermənistan ölkəmizə  ölçüyə gəlməyəcək dərəcədə maddi və mənəvi ziyan vurub. Azərbaycan tərəfi dəyən ziyana görə təzminat ödənilməsi üçün Beynəlxalq Məhkəməyə müraciət edə bilər. Lakin sözügedən məhkəmənin hansı dövlətlərin təsiri altında olduğunu nəzərə alsaq, edilən müraciətin nə ilə nəticələnəcəyini də göz altına almalıyıq. İşğalçı Ermənistanı, separatizmi, terroru dəstəkləyən ölkələrin təsiri altında olan bur "ədalət məhkəməsinin" Azərbaycanın xeyrinə qərar çıxaracağını gözləmək sadəlövlük olardı. Odur ki, təcavüzkar dövlətlərin zərərin ödənilməsi ilə bağlı öhdəlikləri sülh müqaviləsində öz əksini tapmalıdır. Ermənistanla sülh danışıqları mütləq şəkildə təzminat məsələsini əhatə etməli, onun vurduğu zərərin bərpa edilməsi üçün ödəyəcəyi məbləğin miqdarı və ödəniş formaları müəyyən olunmalıdır. Əgər iqtisadiyyatı tənəzzülə uğramış, dövlət kimi məhv olmaq təhlükəsilə üz-üzə dayanan Ermənistanın maliyyə durumu təzminat ödəməyə imkan vermirsə beynəlxalq təzminat fondu yaradıla bilər və Ermənistan "dostları" həmin fond vasitəsilə Ermənistanın təzminatının ödənilməsində iştirak edə bilər. Alternativ variant olaraq Ermənistan öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razlışmasına gedə bilər. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya suveren ərazilərində müəyyən funksional suveren hüquqların, yəni müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31