Azərbaycanın yaratdığı yeni regional münasibətlər müstəvisində Ermənistan özünü harada görür?- ÖZƏL
16:38 Siyasət"Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi və diplomatik hadisə olmaqla yanaşı, regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik mühitdə qəbul edildiyini göstərən əlamətdar addımlardan biridir. 11-12 sentyabr tarixlərində keçirilən səfərin Ermənistan daxilində ciddi reaksiyalar doğurması isə ayrıca təhlilə ehtiyac yaradır. Çünki söhbət xarici diplomatların Azərbaycanın ərazisində həyata keçirdikləri səfərdən gedir və bu səfərin özünə qarşı Ermənistan cəmiyyətinin və siyasi dairələrinin etiraz etməsi suverenlik və ərazi bütövlüyü prinsipləri kontekstində ciddi suallar doğurur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib:
"Azərbaycanın mövqeyi bu məsələdə aydındır: Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının suveren əraziləridir. Bu baxımdan, Azərbaycanda akkreditə olunmuş diplomatların ölkə daxilində müxtəlif regionlara səfər etməsi normal diplomatik fəaliyyət çərçivəsində qiymətləndirilməlidir. Xarici diplomatların hansı istiqamətdə hərəkət etməsinə dair Ermənistan daxilində etirazların səsləndirilməsi isə Azərbaycanın daxili məsələlərinə münasibət bildirmək müstəvisinə keçir.
Burada daha mühüm məqam ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sülh prosesinin əsas dayaqlarından biri dövlətlərin bir-birinin suverenliyi və ərazi bütövlüyünü qəbul etməsidir. Bu baxımdan, Ermənistan siyasi və ictimai diskursunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və ya Qarabağ məsələsini yenidən beynəlxalq gündəliyə qaytarmağa çalışan yanaşmaların meydana çıxması sülh prosesinin ictimai-siyasi əsasları baxımından diqqətlə izlənilməlidir.
Xüsusilə Ermənistan parlamentinin rəhbərliyindən səslənən fikirlər məsələnin artıq yalnız sosial şəbəkə reaksiyası olmadığını göstərir. Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın diplomatların səfərinin sülhə xidmət etmədiyini bildirməsi məsələnin siyasi müstəviyə daşındığını nümayiş etdirir.
Əlbəttə, Ermənistan cəmiyyətində müxtəlif fikirlərin səsləndirilməsi demokratik mühitin bir hissəsi kimi qiymətləndirilə bilər. Lakin məsələ xarici diplomatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində səfərinə görə təzyiq və ittiham kampaniyasına çevrildikdə, artıq fərdi fikir azadlığından daha geniş siyasi kontekstdən danışmaq lazım gəlir.
Daha diqqətçəkən məqam həmin reaksiyaların revanşist ritorika ilə kəsişməsidir. Ermənistan daxilində Qarabağla bağlı əvvəlki siyasi təsəvvürləri qorumağa çalışan qüvvələrin mövcudluğu sirr deyil. Məsələnin təhlükəli tərəfi isə budur ki, belə yanaşmalar cəmiyyətin müəyyən hissəsində yenidən legitimləşərsə, bu, sülh prosesinin yalnız siyasi deyil, ictimai əsaslarını da zəiflədə bilər.
14 sentyabrda Ermənistan parlamentində 2022-ci ilin sentyabr döyüşlərində həlak olan hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi də məhz bu kontekstdə diqqət çəkir. Belə tədbirlər öz-özlüyündə parlament fəaliyyətinin bir hissəsi olsa da, onların hansı siyasi ritorika ilə müşayiət olunması və cəmiyyətə hansı mesajı ötürməsi ayrıca əhəmiyyət daşıyır.
Əsas məsələ isə Ermənistanın sülh prosesində verdiyi mesajlarla daxili siyasi və ictimai diskurs arasında uyğunluğun olub-olmamasıdır. Sülh yalnız sənəd üzərində razılaşmadan ibarət deyil. Davamlı sülh üçün cəmiyyətlərin də yeni reallıqları qəbul etməsi, qarşı tərəfin suverenliyinə hörmət etməsi və revanşist çağırışlardan uzaqlaşması vacibdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması artıq bölgənin siyasi reallığıdır. Bu reallığı dəyişdirməyə yönələn siyasi və informasiya cəhdləri nə qədər davam edərsə, regionda etimadın formalaşması da bir o qədər çətinləşə bilər.
Bu hadisənin Azərbaycandakı siyasi müstəviyə təsiri də ayrıca diqqət edilməsi vacib olan məsələdir. Dünya praktikasında siyasi müxalifətin hakimiyyətin siyasətinə tənqidi yanaşması təbii bir prosesdir. Lakin Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın suveren ərazisi olması və s. bu kimi dövlət və dövlətçilik baxımından elə taleyüklü məsələlər var ki, bu məsələlər artıq siyasi partiyalararası mübahisənin predmeti deyil. Məhz buna görə xarici diplomatların həmin ərazilərə səfəri ilə bağlı mövqenin formalaşdırılmasında daxili siyasi rəqabətlə dövlətin fundamental maraqları arasında sərhədin qorunması vacibdir.
Maraqlıdır ki, müxalifət düşərgəsinin özündə də səfərin əhəmiyyətini Azərbaycanın postmünaqişə mərhələsində yaratdığı reallıqların beynəlxalq ictimaiyyətə təqdimatı kimi qiymətləndirən yanaşmalar mövcuddur.
Bu məqam əslində mühüm siyasi nəticə ortaya qoyur: Qarabağ məsələsinə münasibətdə hakimiyyət-müxalifət fərqlərinin mövcudluğu Azərbaycanın suverenliyi məsələsində fikir ayrılığı ilə eyniləşdirilməməlidir. Hakimiyyətin fəaliyyəti tənqid oluna, bərpa prosesinin ayrı-ayrı istiqamətləri ilə bağlı fərqli yanaşmalar irəli sürülə bilər. Lakin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi daxili siyasi rəqabətdən kənarda saxlanmalı olan məsələdir.
Burada siyasi müxalifət üçün də mühüm məsələ yaranır: daxili siyasi mübarizə ilə dövlət maraqlarını bir-birindən ayırmaq. Bir daha vurğulayaq ki, müxalifətin hakimiyyətə tənqidi mövqeyi demokratik siyasi sistemin normal elementidir. Ancaq bu tənqid Ermənistanın Qarabağla bağlı iddialarının dolayı şəkildə legitimləşdirilməsinə və ya Azərbaycanın suverenliyi barədə qeyri-müəyyən təsəvvürlərin yaranmasına səbəb olmamalıdır.
Nəticə etibarilə, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə verilən reaksiyalara yalnız bir səfərə münasibət kimi yanaşmaq düzgün olmazdı. Burada daha fundamental məsələ Ermənistan cəmiyyətinin və siyasi dairələrinin Azərbaycanla münasibətlərdə hansı gələcək modeli qəbul etməsidir. keçmiş münaqişə gündəliyinin davam etdirilməsi, yoxsa suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan yeni regional münasibətlər sistemi? Bizcə bu sualın düzgün cavabı hər ötən gün daha da güclənən qalib Azərbaycan və Azərbaycanın iştirakı ilə yaranan yeni regional münasibətlər müstəvisində Ermənistanın özünü harada görməsidir"