İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada və hörmətə söykənir
24 May 2024 13:49 SiyasətBeynəlxalq layihələrin reallaşdırılması iki dövlət arasında dostluğun təzahürüdür
Azərbaycanla İran arasında dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm də bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir.
Milli Məclisin deputatı Məşhur Məmmədov qeyd edib ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşdülər. Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər ölkələrimiz arasında üst-üstə düşür: "Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik. Bir neçə gün öncə "Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcək. Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələri həyata keçirilir. Avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək. Birgə səylərlə həm ölkələrimizin gələcək inkişafını, eyni zamanda, bir çox ölkələrin nəqliyyat təhlükəsizliyini təmin edəcəyik. Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. Bu bölgələr Azərbaycan ərazisinin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə "yaşıl enerji" mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq".
Onun sözlərinə görə, Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi bir daha göstərdi ki, İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir: "Son illər ərzində ölkə rəhbərlərinin artıq beşinci görüşü təşkil olunur. Bundan sonra da bu görüşlər olacaq. Bu görüşlərin həm mahiyyət üzrə çox böyük əhəmiyyəti var, həm də xalqlarımıza, bölgəyə və dünyaya ciddi mesajdır. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz hər iki ölkə bunu bir daha sübut etdi".
Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, xalqlarımız əsrlər boyu bərabər yaşayıblar, iqtisadi, ticari, elmi, mədəni əlaqələr Azərbaycan və İran xalqlarını tarix boyu birləşdirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - İran 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyıb. Müasir dövrdə iki müstəqil dövlət arasındakı əməkdaşlıq əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub: "1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib ki, bu da münasibətləri normallaşdırıb və inkişaf mərhələsinə adladıb. Hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqustunda İrana səfəri zamanı Heydər Əliyev bu ölkənin dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi və digər rəsmi şəxslərlə danışıqlar aparıb. Həmin səfərdə İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasına müxtəlif sahələrdə yardımı, tərəflərin əməkdaşlığını nəzərdə tutan sazişlər imzalanıb. Bu gün qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir. Bütün bunları şərtləndirən əsas amil kimi iki ölkə prezidentlərinin siyasi iradəsi xüsusilə vurğulanmalıdır.
Azərbaycan ilə İran arasında 765 kilometr sərhəd var ki, bu da qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə imkan yaradır. Bu mənada nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri digər dövlətlərə nümunə ola bilər. Mayın 19-da ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşdülər. Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər ölkələrimiz arasında üst-üstə düşür. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi isə onu göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Su tutumu 1,6 milyard kubmetr olan "Xudafərin" və 56,75 milyon kubmetr su tutumuna malik "Qız Qalası" hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin nümunəsi olacaqdır".
Onun sözlərinə görə, bu layihə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaqdır. "Xudafərin" və "Qız Qalası" Şərqi Zəngəzurun "yaşıl enerji zonası" kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcəkdir. Eyni zamanda, stansiyaların qoşulacağı "Cəbrayıl" enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcəkdir: "Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi bir daha göstərdi ki, İran-Azərbaycan əlaqələri qarşılıqlı etimada, hörmətə və münasibətlərin səmimi xarakter daşımasına söykənir. Bütün bunlar iki qonşu və dost ölkənin əməkdaşlıq əlaqələrinin daha da dərinləşəcəyindən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyindən xəbər verir. Ən nəhayət isə əsrlər boyu böyük dövlətlərin kəsişən maraqları nəticəsində müharibələrin, münaqişələrin, gərginliklərin yaşandığı bu bölgənin artıq sabitliyin, əmin-amanlığın, dostluq və əməkdaşlıq mühitinin hökm sürdüyü çiçəklənən, inkişaf edən regiona çevrilməsi üçün çox gözəl şərait yetişib".
Alim