Azərbaycan mədəniyyətlərarası dialoq məkanına çevrilib
30 Aprel 2024 16:24 SiyasətMüasir dünyada mədəniyyətlərin deqradasiyası, dinlər və məssəblərarasi ziddiyyətlərin pik həddə çatması sivil münasibətlərin formalaşmasında əngəl kimi çıxış edir. Etiraf edilməlidir ki, din, əqidə, dil və mədəniyyətlərin bu formada aşılanması təkamül prosesinin ləngiməsinə təsirsiz ötüşməyib. O da faktdır ki, dini və mədəni dəyərlərin tənəzzülə uğramasında daha çox millətlər və xalqların, başqa sözlə insan faktorunun "əməyi" üstünlük təşkil edir. Deməli, dünya ictimaiyyəti arasında etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsinə ehtiyac var ki, bu missiyanı da Azərbaycan öz üzərinə götürüb. Həm də qədim mədəni və dini köklərə malik Azərbaycan millət və xalqların özünü dərk etməsi, dini və mədəni tolerantlığın bərqərar olması istiqamətində kifayət qədər tövsiyyələr verib. Hazırda Azərbaycanın bu sahədə əldə etdiyi naliyyətlər beynəlxalq aləmdə müsbət qarşılanır və tədqir edilir. Kifayət qədər faktlar var ki, ölkəmizin bu təcrübəsi hətta inkişaf etmiş ölkələr tərəfindən öyrənilərək tətbiq edilir. Yeri gəkmişkən qeyd edək ki, Azərbaycan qısa bir zaman çərçivəsində bu təcrübəni əldə edərək dünyada nümunəvi ölkəyə çevrilib. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə "Bakı Prosesi"nə start verilib. Mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan "Bakı Prosesi" tez bir zaman kəsiyində mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşımağa başladı. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Təsəvvür etmək elə də çətin deyil ki, kifayət qədər geniş sahələri əhatə edən "Bakı Prosesi" məzmun və forma baxımından irimiqyaslı bir prosesi əhatə edir. Baxmayaraq ki, Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir, bununla yanaşı, "Bakı Prosesi" təkcə Azərbaycanda yaşayan çoxsaylı xalqlara deyil, eləcə də dünya xalqlarının mədəniyyətinə kifayət qədər töhvələr verib.
Sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə ciddi önəm verir və dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanıb. Son illər Azərbaycanda mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərdə müzakirə edilən mövzulara diqqət yetirsək əmin olarıq ki, respublikamız dünyanın mədəni həyatının mərkəzinə çevirib, eyni zamanda, qlobal problemlərin həllində platforma rolunu oynayır. Paralel olaraq, nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti qlobal arenada müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfindən irəli sürülüb və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə reallaşdırılıb.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək ölkəmizdə təşkil ediləcək "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. Xatırladaq ki, "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir.
Alim