Ermənistanda köçkünlərlə bağlı qalmaqal: Müxalifətin məqsədi nədir? – ÖZƏL
14:05 SiyasətErmənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyası və hökumət rəsmiləri Qarabağ köçkünlərinin problemlərinə həsr olunmuş parlament müzakirəsini tərk ediblər. Hakim partiyanın deputatı Mariam Poğosyan boykotu tədbirdə "Artsax"ın keçmiş parlament qurumlarına və vəzifələrinə istinad edilməsi ilə əsaslandıraraq, ölkədə ikinci dövlət və ya paralel parlamentin ola bilməyəcəyini vurğulayıb. İnsan hüquqları komitəsinin sədri Lilit Qalstyan isə bu addımı tənqid edərək bildirib ki, iclasda siyasi bəyanatlar verilməyib, yalnız köçkünlərin mənzil, pensiya və təhsil kimi fundamental hüquqları müzakirə olunub.
"Böyük ehtimalla müxalifət bu müzakirələrdən istifadə etməklə yenidən Qarabağ məsələsini, "Artsax" məsələsini gündəmə gətirmək, ictimai müzakirəyə çıxarmaq və tədricən bu müzakirələri parlamentdən küçələrə, xalqın içinə daşımaq istəyir. Hökumət də görünür, bunu anladığına görə çəkinir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu məsələ yalnız Azərbaycana qarşı deyil, həm də Paşinyan hökumətinə qarşı istifadə olunur. Onlar da bunun fərqindədirlər. Odur ki, əlbəttə, onlar köçkünlərin hüquqlarını, sosial hüquqlarını və məişət məsələlərini təmin etmək üçün konkret və ciddi müstəvilər tapa bilərlər. Necə ki, biz bunu edirik. Eyni zamanda bu məsələlərin siyasi xarakterli məsələlərlə toqquşmamasını təmin edə bilərlər və etməlidirlər. Əslində, indi onların status məsələsini gündəmə gətirməsi, əlbəttə, bir manipulyasiyadır. Yəni zatən onlar başa düşürlər ki, artıq nə "Artsax" var, nə də onun hansısa siyasi qurumu mövcuddur. Sadəcə olaraq, onun adından istifadə etməklə, ola bilsin, özlərini bir qədər dəyərli göstərməyə çalışırlar. Amma indiki hakimiyyət faktoru da bunu istəmir. Onlar öz şanslarını veriblər.
"Ümumiyyətlə, "Artsax" məsələsinin siyasi mirasını Ermənistan tamamilə gündəmdən çıxartmalıdır. Ümumiyyətlə, bunun mövcudluğunu ləğv etməlidir. Həm mənəvi, həm də siyasi müstəvilərdə artıq bu məsələ sıfırlanmalıdır. Çünki bu məsələ bizim üçün, mənim üçün də böyük faciələr yaratmış bir fitnənin sanki görüntüsüdür, təzahürüdür. Hər halda Paşinyan və onun komandası sosial məsələlərlə, insan haqları məsələləri ilə elə məşğul ola bilər ki, həmin məsələlər Azərbaycan məsələsinə, Qarabağ məsələsinə, ümumiyyətlə, Azərbaycan-Ermənistan münasibətlərinə ziyan vurmasın. Bunu etmək çox asandır. Sadəcə olaraq, köhnə viruslardan qurtulmaq lazımdır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova