Azərbaycan sülh ölkəsidir- ÖZƏL

"Azərbaycan sülh ölkəsidir. Sülhə, birgəyaşayışa və mehriban qonşuluq dəyərlərinə sadiqlik xalqımızın həyat tərzidir. Bu humanizm prinsipləri tarix boyu milli düşüncəmizin və dövlətçilik ənənələrimizin əsasını təşkil edib. Lakin bu sülhsevər mövqeyə baxmayaraq ermənilər tarixi torpaqlarımızda dövlət qurduqdan sonra Azərbaycanın suveren ərazilərinə qarşı işğal siyasəti həyata keçirdi. Xalqımız qətllərə, qəsdlərə, istilalara və ağır faciələrə məruz qaldı. Bütün bu vəhşiliklər qarşısında Azərbaycan uzun illər problemin sülh yolu ilə həllinə çalışdı. Lakin qarşı tərəfin qeyri-konstruktiv mövqeyi, danışıqları nəticəsiz qoyması və cəbhə boyunca yeni hərbi eskalasiyalara yol verməsi bölgədə müharibəni qaçılmaz etdi".
"Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib: "27 sentyabr 2020-ci il Azərbaycan tarixində müqəddəs tarix kimi yadda qaldı. Həmin gün Azərbaycan əsgəri Vətən qarşısında dayanan məsuliyyətini silahı ilə ifadə etdi. Əks-həmlə ilə başlayan Vətən müharibəsi xalqın iradəsini, dövlətin gücünü və ordunun döyüş ruhunu vahid məqsəd ətrafında birləşdirdi. Qırx dörd gün davam edən savaş Azərbaycan xalqının öz torpağına bağlılığını, azadlıq iradəsini və Vətən uğrunda mübarizə əzmini bütün dünyaya göstərdi. Keçilməz hesab edilən sədlər dağıldı, işğal altındakı torpaqlarımız azad edildi. İllərlə həsrət çəkən yurd yerlərimiz yenidən Vətən nəfəsinə qovuşdu. Zaman sürətlə keçir, tarix yeni səhifələr açır. Lakin 27 sentyabrın yaddaşımızdakı yeri şəhidlərimizin müqəddəs xatirəsi ilə hər keçən il daha da ucalır. Onlar Vətən torpağına ömürlərini əmanət etməklə adlarını əbədiyyətə yazdılar. 27 sentyabr Azərbaycan xalqının tarix qarşısında haqsızlığa verdiyi böyük cavabın ilk səhifəsidir. O səhifə şəhid qanı ilə yazıldı, Qələbə ilə tamamlandı və xalqımızın yaddaşında əbədi yer aldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31