Ermənistan Aİİ və Aİ arasında seçim qarşısındadır: Əhalinin 60%-i referendum istəyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gallup International" şirkətinin keçirdiyi son rəy sorğusuna əsasən, Ermənistan vətəndaşlarının təxminən 60%-i ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması və Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendumun keçirilməsini dəstəkləyir. Təxminən 35% respondent isə səsvermənin əleyhinə çıxış edib. Səsvermə baş tutacağı təqdirdə, sorğuda iştirak edənlərin 35,1%-i Aİ-yə inteqrasiyanı, 29,4%-i isə Aİİ-də qalmağı seçəcəyini bildirib.

Bu addım Ermənistan parlamentinin və prezidentinin Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanunu təsdiqləməsindən sonra gündəmə gəlib. Rusiya Prezidenti Vladimir Putin və Aİİ liderləri İrəvanı tez bir zamanda yekun seçim etməyə və referendum keçirməyə çağırıblar. Rusiya tərəfi xəbərdarlıq edib ki, Ermənistanın Aİ standartlarına keçməsi ittifaq üçün təhdid yaradır və Aİİ-dən çıxacağı təqdirdə ölkə ümumi daxili məhsulunun 14%-ni, həmçinin ticarət dövriyyəsinin təxminən 40%-ni itirə bilər. 

Baş nazir Nikol Paşinyan isə ölkənin hələlik Aİİ-in tamhüquqlu üzvü olaraq qaldığını və referendumun yalnız obyektiv zərurət yarandıqda mümkün olacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31