Blinkenlə telefon danışığı mətninin açar sözləri nədən xəbər verir?-Şəbnəm Həsənova- ÖZƏL
30 Aprel 2024 10:48 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ kimi, Qazaxın dörd kəndinin də prinsipial olduğunu nüfuzlu beyin mərkəzlərinin təmsilçilərinin önündə bildirməklə bir daha torpaq məsələsində nə qədər qətiyyətli olduğumuzu göstərdi. Çünki dövlət başçımız bu kəndlərin üçtərəfli bəyanatdan öncə də heç vaxt unudulmadığını diqqətə çatdırdı".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Qətiyyətimizin isə sadəcə dövlət və torpaq deyil, həm də xalq və o torpaqların bərpası üzərindən ümumxalq məsələsi olduğunu Almaniya kansleri Olaf Şoltzla birgə mətbuat konfransı keçirilərkən bir daha məhz o tribunadan bildirdi. Ona görə məhz o tribunadan ki, ümumi düşmənə qarşı mübarizədə torpaq da, bu dövləti, torpağı və xalqı təmsil edən Lider amili "içəri"də hər kəs üçün isbata ehtiyacı olmayan aksiomdur, bu amilin xaricdə də teorem belə olması üçün cüzi cəhd də edilməməlidir. Şəhid verməmək üçün bir güllə atılmadan torpaq azad edən Müzəffər Ali Baş Komandan torpaq kimi toxunulmaz və müqəddəs olmalıdır. Bunda müxaliflik olmaz, üzüdönüklükdən isə hələ heç danışmıram. Xırda detallardan dərhal keçək daha əhəmiyyətli proseslərə.
Aydın məsələdir ki, Cənubi Qafqazda beynəlxalq aktorların daha da aktivləşməsi regional aktorların özünü də aktivləşməyə vadar edir. Etiraf etmək isə lazımdır ki, Azərbaycan gücləndikcə regional aktorlar da bu gücü öz maraqları baxımından balanslaşdırmağa çalışır. Hələ üstəlik o faktı da nəzərə alaq ki, Azərbaycanın dövlət başçısı tarix yazaraq bir güllə atılmadan torpaq azadetmə praktikasını bir daha realizə edə bildi. Beynəlxalq aktorların Azərbaycana və regiona münasibətini isə həm də və bir daha Qazaxın dörd kəndinin qaytarılmasına verilən reaksiya ilə də sezmək, bəzən də açıqca görmək mümkündür. Məsələn, Fransa və Almaniya adları çəkilərkən nəinki şərhə, düşünürəm ki, hətta səthi analizə belə ehtiyac qalmır.
Bu istiqamətdə və aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəngi kontekstində isə məsələləri analiz etməyə ehtiyac yaranır. Praktikaya keçmədən teoretik baxımından onu bildirim ki, mətn təhlili dövlət siyasətinin təhlili vasitələrindən biridir. Yəni, keçmişdə baş verən hadisələrin və proseslərin mövcud inkişaf tendensiyası fonunda siyasətlərin hazırlanması prosesinin demək olar ki, hər bir aspekti hansısa şifahi və ya yazılı ünsiyyət formasını əhatə edir ki onun düzgün oxunması, deşifrə olunması da real vəziyyəti, tərəflərin atacağı addımları, qətiyyətini göstərir, bunlara uyğun olaraq da gələcəyi proqznozlaşdırmaq üçün əsaslar verir. Tərəflər arasında rabitə mətn məlumatları, mövcud tətbiqlərin qısa icmalı, "sənədlərin" tərifi, söz və xüsusiyyət seçimi və matrisi, strukturlaşdırılması tipik ilkin addımları və gələcək hədəfləri emal etməyə yardım edir. Buna görə də Blinkenlə telefon danışığı zamanı istifadə edilən açar sözlər, mətnin düzgün oxunması vacibdir. Blinken ABŞ-ın bu məsələdə təbrik və təqdirini dilə gətirdi. Deməli, ümumilikdə ABŞ prosesə qarşı deyil. Dəstək ifadə etməsinə gəldikdə isə bu da olacaq. Lakin həm də məhz ABŞ perspektivindən baxdıqda etiraf etmək lazımdır ki, şübhəsiz ki, yeganə olmasa da, həm də telefon danışığı zaman toxunulan ən son amil də daxil olmaqla bu, proseslərin inkişaf tendensiyasından asılı olacaq. Dövlət başçımız bildirdi ki, nəticə ikitərəfli əsasda əldə olunub. Yəni, indiki nəticə hansısa tərəfin və yaxud da və ən əsası isə rəqabətin məhsulu deyil və bundan sonra da Azərbaycan hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir. Ayrı yollarda dərin cığırlar və çatlar açmayın, bunları regiona gətirməyə çalışmayın.
Dövlət başçımız beynəlxalq forumda həm də onu bildirmişdi ki, Qazaxıstanın hansısa tərəf deyil, məhz danışıqlar məkanı olması baxımından bu, Qazaxıstan tərəfindən irəli sürülən təklifdir ki tərəflər buna razıdır. Sülh məsələsində də, prosesində də təşəbbüskar da, siyasi iradəyə malik olan tərəfin də həm telefon danışığı zamanı bir daha bildirilməsi, həm də Ermənistan baş naziri ilə də reallaşdırılan telefon danışığının zaman trayektoriyası da ondan xəbər verir ki, Rusiya-Qərb qarşıdurmasının Mərkəzi Asiyada da mövcudluğu fonunda növbəti məkan və müzakirə ediləcək məsələlər heç bir radikalda tərəfdə, kənar və uc nöqtələrdə deyil, mərkəzdə olcacaq, diqqət mərkəzində saxlanılacaq. Dörd kənddən sonra yoldan azmayaraq, ayırıcı xətlər olmadan AİB, KTMT
və ən əsas da yolun açılaraq TDT üzvü olan Qazaxıstanda görüşün keçirilməsi, Orta Dəhlizin vacib elementi olan üzü Zəngəzura doğru dəhlizin açılacağının göstəricisidir.
Azərbaycan sülhdə maraqlıdır, ona görə də həm təşəbbüskar, həm də siyasi iradəyə malik olduğunu bildirdi. Qazaxın dörd kəndinin azad edilməsi sülhə birmənalı töhfədir.
Əliyev və Blinken telefon danışığının növbəti açar sözü niyyətdir ki, Blinken bu niyyəti ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərində ABŞ-nin maraqlı olduğunu bildirir. Yəni, Azərbaycan-Ermənistan məsələsi həll edilir, proses davam edir, fokus isə qaçılmaz olan və daha gələcəyə yönümlü məsələlər üzərindən daha uzunmüddətli hədəflərdir. Bunun da cavabını birbaşa deyil, dolayı yolla elə o istiqamətdə bağlı olsa da dövlət başçımız forumda vermişdi ki, inteqrasiyanın praktiki üstünlükləri və buna doğru müsbət və mənfilər dəyərləndirildikdən sonra düzgün qərarın nəticəsi olacaq.
Bu baxımdan indi Azərbaycan xarici siyasətində seysmik dəyişiklik yoxdur. Ermənistanın aldığı qərarlar intihar addımı olmamalıdır. Olması üçün yola çıxdıqları seysmik dəyişikliyə də milli deyil, xəstə maraqları vadar edir. Reallıqdan qaçmaq olmaz. Rusiya hazırda da Ermənistanın enerji şəbəkələri, dəmir yolları və taxıl kimi əsas malların idxalı üzərində effektiv üstünlüyə malikdir. Ermənistan hökumətinə ictimai dəstək və maliyyə stimulları paradiqmanın dəyişilməsi və mövcudluğunun qorunması baxımından da nə qədər olması üçün kifayət deyilsə, regionun destabilləşdirilməsi üçün bir o qədər bəsdir.
Ermənistan həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Rusiya ilə sıx bağlı olaraq qalır. Bu faktiki olaraq o deməkdir ki, mövcud siyasətini çox dəb halına gətirdiyi çoxvektorlu xarici siyasət adı altında saxlasa da, Ermənistan çətin ki, mənalı təhlükəsizlik təminatları əldə edə bilsin. Qazaxın kəndlərinin boşaldılması zaman hərbçilərin və polisin hara bağlı olduğunu da nəzərə alaraq əvvəlkindən fərqli olaraq qarşı çıxması Nikol Paşinyan hökümətini bu məsələdə təmkinli və diqqətli olmağa vadar etməlidir.
Qeyri-regional aktorlara əməkdaşlıq baxımından qapılar açıqdır. Vəziyyəti destabilləşdirmək baxımından isə heç kimə yer yoxdur. Ermənistanın alət kimi istifadəsi regionda qeyri-stabillik yaratmaq üçün yaxşı "resept"dir. Bunun tətbiq edilib masa üzərinə gətirilməməsində qətiyyət qorunub-saxlanımalıdır".