Rusiya-Azərbaycan arasındakı münasibətlərdə əsaslı dönüş Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra başlayıb
26 Aprel 2024 12:00 Siyasətİlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini diqqət mərkəzində saxlayır
Müşahidələr və təhlillər göstərir ki, son illər Rusiya-Azərbaycan münasibətləri müsbət dinamika üzərində inkişaf etməkdədir. Bu tendensiya həm siyasi, həm də iqtisadi sahədə özünü aydın şəkildə büruzə verir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtında Prezident Vladimir Putinlə görüşünün məzmunu və Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirakı iki dövlət arasındakı mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq niyyətinin təzahürüdür. Bu, həm də yaxın keçmişdəki birgə tariximizin uğurlu səhifələrinin yad edilməsi üçün bir vasitə oldu.
Milli Məclisin deputatı, parlamentin hüquq siyasətə və dövlət quruculuğu komitəsinin sədri, birinci vitse-spiker Əli Hüseynli qeyd edib ki, sözügedən tədbirdə XX əsrin tikintisi sayılan BAM-nın ərsəyə gəlməsində o dövrdə SSRİ-nin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin müstəsna rolunun qeyd olunması Ulu Öndərin xatirəsinə dərin ehtiramın ifadəsidir: "Bildiyiniz kimi, həmin illər Sovet İttifaqının ən mühüm və çətin layihələrə rəhbərliyin bilavasitə Heydər Əliyevə həvalə olunması onun heyrətamiz liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinə inamdan irəli gəlirdi. Ötən il "Heydər Əliyev ili"nin bütün Rusiya ərazisində təntənəli şəkildə qeyd edilməsi Moskvanın və rus xalqının Ulu Öndərin şəxsiyyətinə verilən dəyərin daha bir ölçüsüdür. Əlbəttə, Heydər Əliyevin Kremldəki titanik fəaliyyəti bu gün Sovetlər Birliyinin varisi sayılan Rusiya ilə Azərbaycan arasında münasibətlərin istiqamətini müəyyənləşdirən siyasi bazadır. BAM-nın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə dövlətimizin başçısı bu reallığı belə ifadə edib: "Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib".
Vitse-spikerin sözlərinə görə, tarixdən bəllidir ki, ötən əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra yenidən müstəqillik əldə etmiş bu iki dövlət arasındakı münasibətlər mənfi meyllərlə müşayiət olunurdu: "Belə vəziyyət həm Rusiyada, həm də Azərbaycanda xalq azadlıq hərəkatının dalğası üzərində hakimiyyətə gəlmiş rəhbərlərin-SSRİ prezidenti Qorbaçovun bütövlükdə sovet xalqına xəyanətindən, Rusiya prezidenti Yeltsinin dünya siyasətinə yanlış baxışından və Azərbaycan prezidenti Əbülfəz Əliyevin səhv diplomatik addımlarından və qonşuluq münasibətlərinə səriştəsiz yanaşmasından qaynaqlanırdı. Ölkələrimiz arasındakı münasibətlərdə əsaslı dönüş isə məhz Heydər Əliyevin və Vladimir Putinin ali rəhbərliyə gəlişindən sonra - 2000-ci illərin əvvəllərindən başlayaraq formalaşmağa başlayıb. Və cənab İlham Əliyevin prezidentliyi dönəmində bu münasibətlərin 2022-ci ildə müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə qədər qalxmasına yol açılıb. Burada da dövlət başçılarının birgə müdrik diplomatik gedişləri həlledici rol oynayıb. Heç kimə sirr deyil ki, Azərbaycanın real müstəqilliyinin təmin ediməsi, ərazi bütövlüyünün və bütün ölkə ərazisində konstitusiya quruluşunun etibarlı şəkildə bərpası digər amillərlə yanaşı beynəlxalq güclərlə, qonşu dövlətlərlə, o cümlədən dünyanın fövqəldövlətlərindən biri olan və Cənubi Qafqazda ən böyük təsir imkanlarına malik qonşu Rusiya ilə münasibətlərin lazımi istiqamətdə tənzimlənməsi ilə bilavasitə əlaqədardır. Təkcə onu qeyd etmək kifayətdir ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfəri rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli bəyanat məhz Moskvanın vasitəçiliyi ilə imzalanmışdı. Bu gün iki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard ABŞ dolları səviyyəsindədir və bu inkişaf tendensiyası böyük perspektivlər üçün yeni imkanlar açır. Azərbaycan və Rusiya böyük nəqliyyat layihələri həyata keçirir, "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox sahələrdə fəal əməkdaşlıq aparırlar. Ölkələrimiz bir çox beynəlxalq təşkilatların işində, o cümlədən parlament ölçüsündə birgə məhsuldar fəaliyyət nümayiş etdirirlər. Cənab İlham Əliyevin "Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qardaşlıq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır" ifadəsi ölkələrimiz arasında münasibətlərin bugünkü reallıqlar prizmasından yüksək qiymətə layiq olduğunu bir daha təsdiq edir".
Milli Məclisin deputatı Məşhur Məmmədov qeyd edib ki, Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafı əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox asılıdır. Ona görə də ölkə rəhbəri İlham Əliyev qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır: "Prezident İlham Əliyev rəhbərliyi dövründə hər zaman Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik müqaviləsinin şərtlərinə uyğun olaraq qarşılıqlı fəaliyyət haqqında Bəyannamə çərçivəsində münasibətlərimiz davam edir. Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır". Onun sözlərinə görə, siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir: "Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. "Şimal-Cənub" nəqliyyat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq."Şimal-Cənub" Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan üzərindən keçməsi səbəbindən ötən müddətdə dövlətimiz tərəfindən böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakının cənub hissəsində yeni beynəlxalq ticarət limanının inşası xüsusi əhəmiyyət daşıyır. Son illər limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər Bakı Dəniz Ticarəti Limanının beynəlxalq statusunu bir qədər gücləndirir. Bundan əlavə, Ələt-Astara avtomobil yolunun yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub. Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə bu həcmin 10 milyon tona qədər artırılması planlaşdırılır. Yeri gəlmişkən, hazırda İrana, əsasən, taxıl məhsulları və meşə materialları, əks istiqmətdən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s. daşınır.
"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan Respublikasının həm xarici, həm də daxili iqtisadi maraqlarına cavab verir. Yeni İpək Yolunun Transxəzər hissəsindən keçən bu dəhliz regionda qüvvələr balansını yaxşılaşdırmaqla yanaşı, Süveyş kanalına və ümumilikdə, dəniz yoluna alternativ bir marşrut olduğundan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu marşrutun istifadəyə verilməsi ilə Xəzər dənizində xarici ticarət fəaliyyəti ilə yanaşı, Xəzəryanı ölkələrin logistikasına investisiyaların axını da artır. Perspektiv əməkdaşlıq istiqaməti davam edir, yeni logistik layihələr işlənir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir. Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətlə inkişafa davam edəcək".
Alim