Zəfərin arxasında onilliklər ərzində davam edən mürəkkəb tarixi və siyasi proses dayanırdı- ÖZƏL
25 Sentyabr 15:05 Siyasət"44 gün davam edən müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması ilə yanaşı, beynəlxalq hüququn fundamental prinsiplərinin - dövlətlərin ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində mühüm nəticə əldə edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Lakin bu Zəfərin arxasında yalnız 44 günlük hərbi əməliyyatlar deyil, onilliklər ərzində davam edən mürəkkəb tarixi və siyasi proses dayanırdı. Azərbaycan torpaqlarının işğalı ilə nəticələnmiş Birinci Qarabağ müharibəsi, yüz minlərlə soydaşımızın doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması və dinc əhaliyə qarşı törədilən ağır cinayətlər xalqımızın yaddaşında dərin iz buraxıb. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin mühüm hissəsi uzun illər işğal altında saxlanıldı. Beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sənədlər də Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb edilirdi. Lakin uzun illər ərzində bu qətnamələrin icrasının təmin olunmaması münaqişənin həllini uzatdı və regionda davamlı sülhün formalaşmasına imkan vermədi. Azərbaycan isə bütün bu dövr ərzində münaqişənin sülh və danışıqlar yolu ilə həllinə sadiq qaldı. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların uzun illər davam etməsinə baxmayaraq, real nəticə əldə olunmadı. Nəticədə işğal faktı aradan qaldırılmadı, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilmədi. Azərbaycan xalqının səbir və dözümü də sonsuz deyildi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistanın hərbi-siyasi rəhbərliyinin təxribatçı addımları və yeni ərazilərin işğalı ilə bağlı səsləndirdiyi iddialar isə vəziyyəti daha da gərginləşdirirdi. Belə bir şəraitdə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu yeni müharibənin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. 44 gün ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri və çoxsaylı yaşayış məntəqələri, Hadrut qəsəbəsi, strateji yüksəkliklər, ən əsası isə Şuşa şəhəri azad edildi. Şuşanın azad olunması Vətən müharibəsinin hərbi-siyasi baxımdan həlledici məqamlarından biri oldu. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi uğurlar siyasi müstəvidə də nəticəsini verdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. 2022-ci ilin avqustunda isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin hərbi yolla bərpasını təmin etməklə yanaşı, sonrakı mərhələdə ölkəmizin suverenliyinin tam bərpasına aparan yeni siyasi reallıqlar yaratdı".