“Sülh körpüsü” görüşünün təxirə salınması Ermənistana hansı mesajı verir?- ÖZƏL

Azərbaycan tərəfi "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistanda keçirilməsi planlaşdırılan ekspert görüşünü təxirə salıb. Buna səbəb kimi Ermənistanda Azərbaycan əleyhinə ritorikanın və informasiya kampaniyasının artması göstərilib. Bakı görüşün hazırkı şəraitdə Ermənistanda keçirilməsini məqsədəuyğun saymayıb.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:

" Bu məsələ elə bir məsələdir ki, əslində bizi təəccübləndirməməlidir və bir növ şəxsən mənim üçün gözlənilən idi. Çünki Ermənistan cəmiyyəti üçün son 200, hətta deyək ki, 300 ildir aparılan çirkli bir informasiya müharibəsi var. Bunu başlatmışlar ingilislər, fransızlar, sonra bunu davam etdirdilər ruslar və məqsəd də o idi ki, İslam dünyasının xristian dünyası ilə görüşdüyü Anadolu və Qafqaz sərhədlərində türk dövlətçiliyini zəiflətmək, beləcə, türk-islam dünyasına, dolayısıyla bütün İslam dünyasına zərbə vurmaqfır. Və ermənilər burada bir alət kimi seçildilər.
Onlara dövlət qurulmasının səbəbi də bu idi. Onlara dövlət vədinin verilməsi, "dənizdən-dənizə Ermənistan"ın vəd olunması da həmin bu çirkli niyyətlərin nəticəsidir. Və bu, 200-300 illik çirkli ideologiyanın təbliğatının nəticəsidir ki, bugün Ermənistan cəmiyyətində hələ də anti-Azərbaycan, anti-türk tezislər bizim qarşımıza çıxır.
Müharibədə uduzmalarına baxmayaraq, Paşinyan iqtidarının yeni reallıqları görməliyik, yeni reallıqlarla barışmalıyıq deməsinə baxmayaraq, bax, indi də biz görürük ki, Ermənistan cəmiyyəti hələ də yeni dünyanı anlamır, yeni reallıqları anlamır, hələ də utopik, eyni zamanda şovinist ideyaların əsirinə çevrilmiş vəziyyətdə qalır. Və bu bizim üçün təəccüblü deyil, bu gözləniləndir. Bəlkə də onilliklər sonra Ermənistan cəmiyyəti bu ideyalardan uzaqlaşacaq, son nəfəsinə qədər. Amma bugün üçün hələ ki, bu nöqtədə Azərbaycan tərəfinin belə bir qərar verməsi də alqışlanan hərəkətdir. Çünki Azərbaycandan Ermənistana gələcək bizim siyasətçilərimizin, digər nümayəndələrimizin həyatının təhlükəsizliyi, bəlkə həyati təhlükə olmasa belə, onların orada irqi-şovinist bir mühitdə necə qarşılanacağı kimi məsələlər bizi narahat etməlidir. Çünki biz bunun məsuliyyətini daşımalıyıq və görünür ki, Azərbaycan tərəfi də bu məsuliyyətdən irəli gələrək bizim siyasətçi və digər nümayəndələrimizin Ermənistana getməsini məqsədəuyğun hesab etməyib və bu, çox doğru addımdır.
Nəyə görə doğru addımdır? Gəlin onu izah edək. Birincisi, qalib dövlət bizik. Yeni reallıqları quran bizik. Bundan ziyadə, haqlı olan tərəf bizik. Haqlarını istəyən tərəf bizik və bölgədə sülh quruculuğunu başlayan və başladığı kimi tamamlamağa səmimiyyətlə çalışan tərəf yenə bizik.
Belə olan halda, Ermənistanda hansısa dairələr orada özləri üçün şovinist ideyalar səsləndirəcəklər və Ermənistan dövləti də onları susdurmayacaq. Biz niyə bununla razı olmalıyıq? Ermənistan hakimiyyətinin əlində güc qrupları var, dövlət təhlükəsizlik xidmətləri var. Onlar bu işlə məşğul olmalı idilər. Kimlər ki, sülhə zərbə vururlar, kimlər ki, şovinist, terrorçu, irqçi ideyalar yayırlar, onlar vaxtında susdurulmalı, onlara məsuliyyət, haqq, hüquq, ədalət, yeni dünya, yeni reallıqlar aşılanmalı idi, başa salınmalı idi. Normal, sivil qaydada bunu başa düşməyənlər üçün radikal olduğunu anlamaq çətin deyil.
Yəqin ki, Ermənistan hakimiyyəti də bunu anlayır və radikal düşüncəli insanlarla qanunun tələb etdiyi cəza metodları ilə danışmaq lazım idi ki, belə ürəkbulandırıcı nəticələr də ortaya çıxmasın. Görünür, Ermənistan hakimiyyəti də özünə düşən məsuliyyəti tam yerinə yetirməyib.
Belə olan halda, biz niyə Ermənistana  nümayəndə heyətini göndərməliyik? Olsun, görüş yenə davam etdirilsin, amma daha təhlükəsiz, daha şəffaf bir məkan seçilməklə. Azərbaycan özü də buna bir nümunədir. Gəlsin ermənilər bura, biz qonağı necə qarşılamaq lazımdır, necə şovinizmdən uzaqlaşmaq lazımdır, necə dünyanı görmək, tanımaq, sivil inteqrasiyanı necə tamamlamaq lazımdır. Belə, Bakıda biz onlara bunu lazımi qaydada göstərək və ya başqa hər hansı bu standartlara cavab verən bir məkan tapılar və orada danışırlar, davam etdirirlər. Ona görə də mən düşünmürəm ki, bu, hansısa təxribatdır. Elə sizin də qeyd edəcəyiniz kimi, Ermənistan tərəfinə ciddi siyasi mesajdır. Artıq belə çürük oyunları, belə işə yaramayan planları tərk etmək lazımdır.
Normal masaya oturmalıdırlar, normal, sivil qaydada müzakirələri tamamlamalıdırlar, qərarlar yekunlaşdırılmalıdır, kim nə qədər haqlıdır, kimin haqqı hara qədərdir. Bunlar dəqiq şəkildə müəyyən olunmalıdır və ondan sonra da nəticəyönümlü addımlar atılmalıdır.
Yoxsa belə, Ermənistan tərəfi " bizdə daxili siyasi konyunktura o deyil", "bizdə türk, anti-Azərbaycan qüvvələr var, onları nəzərə alıb addımlar atırıq" və s. Belə yalanlar, oyunu uzatmağa hesablanmış taktiki gedişlər artıq işləmir, işləməməlidir və Azərbaycan tərəfi də bunu ən sərfəli formada, lazım gələrsə, Ermənistan tərəfinə göstərməlidir, başa salmalıdır.
Son sualınıza gəldikdə isə, düzdür, bəlkə bu, Ermənistanın rəsmi mövqeyini göstərmir, ancaq burada məsələ, dediyim kimi, ondan ibarətdir ki, Ermənistan tərəfi, əgər rəsmi mövqeyi onların da belə, o radikal kəsim kimi deyilsə, həmin o radikallara qarşı da tədbirlər görməlidirlər. Sülh quruculuğunu, normallaşma prosesini zədələyən bu kimi zərərli düşüncələri susdurmalıdırlar. Burada mən qeyri-qanuni addımların atılmasından bəhs etmirəm. Axı, radikal bir kəsim varsa içəridə, bunlara qarşı cəza tədbirlərinin görülməməsi heç də qeyri-qanuni hal deyil axı. İrqçi, şovinist ideyalar daşıyan kəsimlər susdurulmalıdır, bunun qarşısına keçilməlidir. Deməli, Ermənistan tərəfi özü də ya məqsədyönlü şəkildə, ya da çıxılmaz vəziyyətdə qaldığından bu addımlara getmirlər. Məsələnin bu tərəfi də artıq bizi maraqlandırmır. Bizim üçün sivil qaydada haqqımızın geri verilməsi, sülhün təmin edilməsi və bölgənin inkişafına gedəcək layihələrin həyata keçirilməsi maraqlıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31