Rəsmi Parisin Cənubi Qafqaz siyasəti fiaskoya uğrayıb

Makron Fransa dövlətinin imicini, fransız xalqının maraqlarını ayaqlar altına atır

Fransanın Azərbaycana qarşı səlib yürüşü bütün sahələrdə özünü büruzə verməkdədir. Siyasi, iqtisadi, hərbi, diplomatik müstəvidə ölkəmizə qarşı hücuma keçən Fransa Avropa dövlətlərini də bu prosesə cəlb etməklə Azərbaycanı beynəlxalq aləmdən təcrid etmək niyyətini güdür. Etiraf edilməlidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz Parisin sinəsinə ox kimi sancılıb. Ermənidən çox erməniləşən Fransa kiçik bacısına qaxmar çıxmaqdan ötrü bütün abır-həyasını, şərəf və ləyaqətini, hətta dövlətin imicini ortaya qoyub. Ölkəmizə qarşı qərəzli mövqeyini gizlətməyən Fransa Azərbaycanı daha nələrdə ittiham etməyib. Müstəqillik əldə etdiyimiz dönəmdən bəri "insan hüquqları və demokratiya silahı" ilə hədələyərək dünyaya inteqrasiyamıza sipər çəkdi. Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna soxularaq bütün vasitələrdən istifadə etməklə ölkəmiz əleyhinə iş apardı. Düz 30 il ərzində ən müxtəlif formalarda əleyhimizə qruplaşmalar formalaşdıraraq çoxsaylı ali kürsülərdən Azərbaycanı aşağılayan sənədlərin qəbuluna cəhdlər etdi. Laçındakı ekoaksiya zamanı "blokada şousu", Natəvanın  heykəlini təhqir etməsi ilə davam edən proses indi də qondarma separatçı rejimin tanınması ilə gündəmə gəlib. Belə məlum olur ki, az qala dünyaya demokratiya, insan hüquqlarından dərs keçən Fransa parlamenti separatçılara, terrorçulara   dəstək verir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi faktını həzm edə bilməyən Fransa şəbəkəsi indi də Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd edib ki, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu: "Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib - yəni, etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi". Dövlət başçısı həmçinin bildirib ki, bu, suverenliyimizi bərpa etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir: "Bu, ikili standartların göstəricisidir. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır".

Lakin bütün sadalananlara baxmayaraq  Azərbaycan strateji səbr nümayiş etdirərək Fransa ilə münasibətlərin korlanması istiqamətində heç bir addım atmayıb. Əksinə, Ermənistanla münasibətləri normallaşdırmağa, regionda davamlı sülhün bərqərar olması naminə Fransa ilə münasibətlərin üzərindən qara xətt çəkməməyə çalışıb. Bunun müqabilində Fransa regionda sülh prosesinin qarşısının alınması üçün  əlindən gələn hər şeyi edib. Belə məlum olur ki, Fransa geostrateji və geoiqtisadi məqsədlərinə nail olmaq üçün nəyə desən gedər. Elə Fransanın Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırması buna bariz nümunədir. Burda deyiblər: "Oğru elə bağırdı, doğrunun bağrı çatladı", yaxud, "utanmasan oynamağa nə var". Əslində Fransa bu addımı ilə sübut edir ki, oğurluğu özünə peşə seçib, odur ki, utanmağa üzü yoxdur. "Siyasət saman altdan su yeritməkdir" devizinə  söykənən Makron isə yürütdüyü sürüşkən xarici siyasəti ilə Fransa dövlətinin imicini, fransız xalqının maraqlarını jandarm atlarının ayaqları altına atır. Ümumilkidə Fransanın Ermənistan-Azərbaycan, eləcə də Cənubi Qafqaz siyasəti beynəlxalq ictimaiyyətin mövqeyindən kəskin şəkildə fərqlənir. Rəsmi Paris ikili standartlardan çıxış edərək nəyin bahasına olursa-olsun Azərbaycanı cəzalandırmaq yolunu tutub. Lakin bütün cəhdlərə baxmayaraq  Azərbaycanı özünə dost və strateji müttəfiq hesab edən ölkələr Fransanın bu arzusunu ürəyində qoyub.

Xatırladaq ki, rəsmi Paris heç bir halda Azərbaycanla diplomatik əlaqələri kəsmək iqtidarında deyil. Çünki, Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının üzvüdür, üstəlik dünyanın güc mərkəzləri tərəfindən müstəqil dövlət kimi qəbul edilir. Dünyanın ən qlobal problemləri Bakıda həll olunur, üstəlik  Azərbaycan beynəlxalq səviyyəli münaqişələrin həllinə öz töhvəsini verir. Məhz bu kimi səbəblərdən dünyanın güc mərkəzləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu da əlavə etsək, Fransanın Cənubi Qafqaz siyasətinin fiaskoya uğrayacağı şübhə doğurmur. Çünki, Fransa elitası çox yaxşı başa düşür ki, Azərbaycanla diplomatik əlaqələrin kəsilməsi bu ölkənin Cənubi Qafqaz siyasətinə son qoyulması deməkdir. Yəni, belə bir addımın atılması regionda Fransanın xarici siyasətinin dəfn edilməsinə bərabərdir. Həm də Fransa nəhayət anlamalıdır ki, rəsmi Paris birtərəfli şəkildə Azərbaycanla münasibətləri pozmağa davam edəcəksə, onda Bakı da mütənasib qərarlar qəbul etməkdən çəkinməyəcək. Odur ki, heç kim Azərbaycana qarşı təzyiq və təhdid dili ilə danışa bilməz. Çünki, Azərbaycan xalqı milli maraqlarımızın təmin olunmasını həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında cəmləşib.

Əslində Fransanın Cənubi Qafqaz, konkret olaraq Azərbaycana qarşı yönəlik məkrli siyasəti fiaskoya uğrayıb. Təsəvvür edin ki, Fransa var gücü ilə çalışsa da beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə tutarlı bir sənəd qəbul etdirə bilmədi. Hətta, Fransa ilə müttəfiqlik münasibətində olan ölkələr belə  Parisi deyil, Bakının haqlı mövqeyini dəstəklədilər. İkincisi, Fransa Ermənistanı nə qədər silahla təchiz etsə belə, sərhədlərə ağır hərbi texnika yerləşdirsə belə, Azərbaycanın üstün mövqeyi ilə razılaşmaq zorunda qaldı. Fransa  Azərbaycanın Kaledoniyaya verdiyi dəstəyə görə bu addımı atıb. Məhz Fransanın  Ermənistanı silahlandırması, anti-Azərbaycan mövqeyi situasiyanı gərginləşdirib və sülhə mane olur. Ona görə də Azərbaycan öz səfirini məsləhətləşmələr üçün geri çağırmaqda buluna bilər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31