Azərbaycanın müdafiə sənayesi inkişaf yolunda
8 Mart 2024 15:07 SiyasətQısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində əksər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də inkişaf danılmazdır. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri buna ən bariz nümunədir. Hərbi sənayenin inkişafının 2-ci mərhələsinə başlanması və bu sahədə asılılığın aradan qaldırılması ilə bağlı hərbi ekspertlərin rəylərini aldıq.
Hərbi məsələlər üzrə eskpert Azər Bayramov:

-Azərbaycanda ordu quruculuğu ilə yanaşı müdafiə sənayesinin inkişafı da qarşıda duran əsas prioritet məsələlərdəndir. Məhz cənab Ali Baş Komandanın 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə bağlı verdiyi qərarın nə qədər doğru, yerində və strateji olduğu bu gün açıq-aydın şəkildə görünməkdədir. Xüsusilə qeyd edək ki, bu gün dünyanın aparıcı ölkələrinin ordularında məhz döyüş sursatları və digər zəruri avadanlıqlarla təchizatı daxili imkanlar hesabına həyata keçirilir. Əlbəttə ki, bu da həmin dövlətin gücünü ortaya qoymaqdadır. Çox sevindirici haldır ki, Azərbaycan da bu gün həmin sıralara qoşulmaqdadır. Xüsusilə vurğulasaq ki, məhz Müdafiə Sənayesi Nazirliyi yarandığı gündən İkinci Qarabağ müharibəsi dönəminə qədər bir çox atıcı silahların, döyüş mərmilərinin, xüsusilə də artilleriya mərmilərinin istehsalında artıq daxili tələbatı tam şəkildə ödəyirdi. Xüsusilə də getdikcə istehsal edilən həmin malların çeşidlərinin artdığını, keyfiyyətinin yüksəldiyini açıq-aydın şəkildə görürdük. Məhz İkinci Qarabağ müharibəsi dönəmində də bunu əyani şəkildə hər kəs müşahidə etdi. İkinci bir tərəfdən müdafiə sənayesinin inkişafını elə bu aspektdən iki hissəyə ayırmaq olar. Hansı ki, birinci hissə İkinci Qarabağ müharibəsinə qədər olan və ondan sonrakı dönəmə baxdığımız zaman Azərbaycan daim müasir dövrün tələblərinə uyğun olaraq müdafiə sənayesində əldə etdiyi uğurlar və bu uğurların əldə edilməsində də bir çox inkişaf etmiş dost ölkələrin təcrübəsindən yararlanmağa davam edir. Burda başda məhz qardaş Türkiyə ilə İsraili vurğulamaq olar. Əlbəttə qardaş ölkələrin də təcrübəsindən yararlanaraq Azərbaycanın müdafiə sənayesi istiqamətində ciddi uğurlar əldə etməkdədir. Artıq Müdafiə Sənayesi Nazirliyinin yüzlərlə çeşiddə məhsul istehsal etdiyini bilirik. Burada nəinki atıcı silahlar, döyüş sursatları və artilleriya mərmiləri ilə yanaşı bir çox avadanlıqlar müasir dövrün tələbinə uyğun olaraq radiotexniki vasitələr, naviqasiya sistemlərinin istehsalı artıq bu çeşidlərin çoxşaxəli olduğu və məhz bu fəaliyyətin də cari dövrün tələbinə uyğun olaraq aparıldığını müşahidə edirik. Xüsusilə, dünyada baş verən proseslərə və yeni nəsil müharibənin aparılmasında ayrılmaz hissəyə çevrilmiş pilotsuz uçuş aparatları ilə bağlı istehsalın artırılması və keyfiyyətin yüksəldilməsi də məhz sözügedən istiqamətdə inkişafın göstəricilərindəndir. Burada həmin silah-sursatın istehsalı ilə yanaşı eyni zamanda, onun orduya uyğunlaşdırılması və onu istifadə edə biləcək peşəkar heyətin hazırlanması əlbəttə ki, özü-özlüyündə kompleks iş tələb edir. Hesab edirəm ki, Azərbaycan ordusu və digər silahlı birləşmələri, xüsusilə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bu silah-sursatların səmərəli tətbiqi və düzgün istifadəsiylə bağlı yetərincə təcrübə əldə edib. Artıq biz bunu İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri dönəmində açıq-aydın şəkildə gördük. Sözügedən proseslərin daha da təkmilləşdirilməsi üçün yetərincə də iş aparılır. Qardaş ölkə Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi və ordu quruculuğu ilə bağlı dərin fəaliyyətin aparıldığını müşahidə edirik. Buna bariz nümunə kimi də son olaraq Azərbaycanda PUA Akademiyasının açılması da məhz sözügedən istiqamətdə növbəti uğur kimi qiymətləndirilməlidir. Artıq Azərbaycan qardaş ölkə Türkiyə və bir çox dövlətlərin aparıcı silah istehsal edən şirkətləri var ki, onlarla da çox yaxından əməkdaşlıq edir. Elə hesab edirəm ki, bu istiqamətdə aparılan işlər, eyni zamanda, gələcəkdə planlaşdırılan bir çox layihələr var ki, məhz bunların hər biri Azərbaycanın təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Xüsusilə də, müdafiə sənayesinin artıq daxili tələbatımızı deyil, eyni zamanda, həmin istehsal edilən hərbi təyinatlı malların bir çoxunun ixracının da bu günə qədər həyata keçirildiyini müşahidə etmişik. Düşünürəm ki, bu getdikcə daha da genişlənəcək. Əsas diqqət olunmalı məqam ondan ibarətdir ki, zamanında Azərbaycan məhz ordunun silah-sursat təminatında hər hansısa bir kənar dövlətdən asılı idisə, bu gün həmin proses tamamilə Azərbaycanın lehinə çevrilməkdədir. Bu da cənab Ali Baş Komandanın zamanında verdiyi çox doğru və düzgün qərarın nəticəsidir. Bu gün Azərbaycan artıq bir çox ölkələrə məhz müdafiə təyinatlı mallar ixrac edir. Bir çox inkişaf etmiş ölkələr var ki, məhz Azərbaycandan hərbi təyinatlı məhsulların və digər cihaz və avadanlıqların idxalı prosesini həyat keçirir. Əlbəttə, bunun hər biri Azərbaycanın uğurudur. Elə hesab edirəm ki, bayaq vurğuladığımız kimi məhz qardaş ölkə Türkiyə ilə bu sahədə dərin əməkdaşlıq müdafiə sənayemizin daha da inkişafını təmin edəcəkdir. Xüsusilə də pilotsuz uçuş aparatları ilə bağlı, Türkiyənin yeni nəsil qırıcılarının bir çox layihələrində Azərbaycanın da iştirakı, eyni zamanda, pilotsuz uçuş aparatlarının istehsalında yaxından əməkdaşlıq məhz Azərbaycanı yaxın zaman içərisində dünyanın bu istiqamətdə inkişaf etmiş ölkələrinin sıralarına çıxaracaqdır. İstənilən halda bu istiqamətdə atılmış addımlar məhz cənab Prezidentin Azərbaycanın heç kimdən asılı olmadığının, xüsusilə də təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasına yönəlik atılmış qəti addımlardan biridir. Bu günə qədər görülmüş işlər, bundan sonra qarşıya qoyulmuş tapşırıqlar və layihələr onu deməyə əsas verir ki, Azərbaycan müdafiə sənayesi məhsullarının istehsalında dinamik şəkildə inkişafını davam etdirəcək.
Hərbi məsələlər üzrə ekspert Telman Qasımov:

-Ordu quruculuğu dövlətimizin əsas prioritet məsələlərindən biri olduğu kimi yenə də gündəmdədir. Xüsusən də 44 günlük müharibədən sonra Azərbaycan ordusunda daha sürətlə ordu quruculuq işlər, orduda yeni müasir texnologiyalara uyğun olaraq 4-cü, 5-ci nəslə aid olan silaj-sursat texnikaların təmin olunması prosesi daha da inkişaf etdirmişdir. Təbii ki, 44 günlük müharibəyə qədər də Azərbaycan ordusunun quruculuq işləri, yeni silahların təmin olunması prosesi gedirdi. Torpaqlarımızın işğaldan azad olunması üçün sürətlə müharibəyə hazılaşırdıq, böyük işlər görülürdü. 44 günlük müharibə bizim üçün çox böyük bir poliqon oldu. Daha çox silahların hansı effektə malik olduğunu gördük. Bu baxımdan 44 günlük müharibə və ondan sonrakı proseslər bizim üçün çox böyük bir sınaq meydanı oldu. Buraxılmış həmin o yanlışlıqlar, üstün olan tərəflər hamısı götür-qoy edildi. Yeni silahların əldə olunması daha da konkretləşdirildi. Əgər 44 günlük müharibəyə qədər biz hücum xarakterli silahlar alırdıqsa, bu gün artıq həm hücum, həm müdafiə xarakterli, xüsusən də havadan müdafiə sistemlərimizin gücləndirilməsi sahəsində böyük irəliləyiş əldə edirik. Çünki, bilirik ki, düşmən revanşa hazırlaşır. Düşmənə bel bağlamaq olmaz. Xüsusən də düşmən tərəfinin bizim təcrübəmizə baxıb eyni addımları ataraq ordusunun arsenalında havadan müdafiə sistemlərini, radar sistemlərini Fransa tərəfindən təmin etdirir. Digər tərəfdən İrandan və Hindistandan pilotsuz uçuş aparatlarını əldə edir. Düşmənin əldə etdiyi silahlarla hücum edəcəyi halda bunun qarşısını almaqdan ötrü bütün lazım olan müdafiə sistemlərini ordumuzda təmin etmişik. Hal-hazırda hərbi sənayemiz də inkişafa doğru getməkdədir. Türkiyə ilə çox geniş əlaqələrimiz yaranmaqdadır. Digər tərəfdən ordumuzun Türkiyə sistemiylə uyğunlaşdırılması onu göstərir Azərbaycan ordusunda islahatlar daha çox Türkiyə modelinə və NATO standartlarına uyğunlaşdırılır. Bundan başqa yaxınlarda Pakistandan 40-a yaxın yeni qırıcı təyyarələrin alınması imzalanmışdır. Cənab Prezident də dəfələrlə çıxışlarında və görüşlərində orduda gedən yenidənqurmanı, yeni nəsil silahlarının təmin olunması ilə bağlı hər zaman vurğulayır və fikirlərində bildirir. Bu da bir daha sübut edir ki, biz gücləndikcə ordunun güclənməsi bizim üçün əsas prioritet məsələlərdən biridir.
Hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev:

-Azərbaycan Vətən müharibəsində əldə etdiyi uğura əsaslanaraq Türkiyə ordu modelinə keçidə üstünlük verdi. Eyni zamanda da ordumuzun strukturunda, silahlanmasında və tərkibində kifayət qədər ciddi dəyişikliklər baş verdi. İlk növbədə Quru Qoşunları yaradıldı və Quru Qoşunlarının tabeliyində olan birliklərin hər birində əvvəlcə bir, sonra isə bir neçə komanda hissələri yaradılmağa başlanıldı. Bu hissələrin sayı gələcəkdə daha da artırılacaqdır. Vətən müharibəsində sursat məsələsində yerli istehsal olan sursatlarımıza və tərəfdaşlarımızın, Türkiyə və İsrail sursatlarına daha çox üstünlük verdik. Nəticə etibarilə bu gün Azərbaycan müdafiə sənayesini inkişaf etdirərək daha üstün bir səviyyğ əldə etmək üçün addımlar atır. Müdafiə sənayesinin inkişafında Türkiyənin bir sıra böyük müdafiə sənayesi şirlətləri ilə müqavilələr imzalanıb. Artıq Azərbaycanda bir neçə ortaq müəssisələr yaradılır. Onların arasında Havelsan, Aselsan, Roketsan, Baykar Makina, STM kimi şirkətlərin də adını çəkmək olar. Eyni zamanda, Azərbaycanın yerli özəl müdafiə sənayesi şirkətlərinin də bu prosesə qatılması gözlənilir. 2024-cü il ərzində özəl və dövlət sektoru müdafiə sənayesinə 1 milyard manat sərmayə yatırmağı planlayıb ki, bu da son illərin ən böyük rəqəmidir. Hesab edirəm ki, ortaq müdafiə sənayesi şirkətlərinin məhsulları yalnız Azərbaycan və Türkiyənin tələbatını deyil, eyni zamanda, bizə müttəfiq və dost ölkələrin də silahlı qüvvələrinə ixrac ediləcək. Bu proseslər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və planlı bir şəkildə inkişaf etdirilir. Hesab edirəm ki, yaxın bir il ərzində bir artıq bu gün müdafiə sənayesi sahəsində həyata keçirilən yeni layihələrin nəticələrini görəcəyik.
Zeynəb Rzayeva