Bu, insanlığa qarşı yönəlmiş cinayət faktlarından biridir-Sahil Kərimli- ÖZƏL
7 Mart 2024 18:17 Siyasət"Ermənistan Cənubi Qafqaz bölgəsində uzun illərdir təkcə hərbi işğalçılıq, terrorçuluq, separatizm siyasəti yürütmür, eyni zamanda paralel olaraq ekoterror sahəsində də bir çox yaramaz addımlar atır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Azərbaycanın əraziləri uzun illər işğalda saxlanılıb, eyni zamanda da ermənilər tərəfindən ərazilərimizin flora və faunasına, ekologiyasına çox ciddi ziyanlar vurulub. Paralel olaraq bir sıra təhlükəli zavodlar, məsələn atom elektrik stansiyası fəaliyyət göstərib. Ermənistan tərəfi qızıl istismarı ilə məşğul olaraq bir çox belə pozuntulara yol verir. Əlbəttə ki, qızıl istehsalı zamanı Ermənistan ciddi pozuntulara yol verir və bu isə onunla nəticələnir ki, Azərbaycan ərazisindən keçən çaylar, xüsusilə də Araz çayı çirkləndirilir. Bu həm beynəlxalq konvensiyalara, həm də insanlığa qarşı yönəlmiş cinayət faktlarından biridir. Azərbaycan dövləti dəfələrlə bu istiqamətdə öz haqlı və ədalətli mövqeyini ortaya qoyub. Ermənistan tərəfinə ciddi narazılıq mesajları göndərilibdir. Təəssüf ki, Ermənistan həmişə olduğu kimi yenə də bu cür haqlı iradlara məhəl qoymur. Beynəlxalq ictimaiət, bu sahə ilə məşğul olan beynəlxalq təşkilatlar Ermənistana çox ciddi tədbirlər görməli, reaksiya bildirməlidir. Ermənistan bu cür yaramaz addımlardan çəkindirilməlidir".