Ermənistanın ekoloji terror fəaliyyəti dərhal dayandırılmalıdır-Əli Mustafa- ÖZƏL
7 Mart 2024 17:47 SiyasətErmənistanın bölgədə ekaloji tarazlığın pozulmasında fəaliyyəti uzun illərdir bizi narahat edir. Konkret olaraq "Amulsar" qızıl yatağının istismarı ilə bağlı məsələ var".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bu qızıl yatağından istifadə, orda olan digər zərərli maddələrin də çıxarılması və çaylar vasitəsi ilə Araz çayına axıdılması Azərbaycanın ekosistemi üçün olduqca təhlükəlidir, böyük risklər yaradır. Bilirik ki, Ermənistan uzun illərdir ki, belə zərərli fəaliyyətlə məşğuldur. Vaxtı ilə Zod qızıl yatağında da, Ermənistan ərazisində olan digər faydalı qazıntılarla məşğul yataqların istismarında da beynəlxalq standartları gözləmədiyi üçün, bu zərərli maddələrin axıdılamasında lazımi tədbirləri görmədiyi üçün Azərbaycan ərazisinin ekosistemi konkret olaraq müəyyən zərərlərlə üzləşib. Təəssüf ki, beynəlxalq birlik də bu məsələlərə yetərində diqqət ayırmır. Bildiyim qədər, mədən qazıntıları ilə bağlı bir çox beynəlxalq qurumlar, birliklər var. Onlar normalda ekoloji vəziyyəti pozan, əhalinin, regionun maraqlarına zərər vuran, insanların sağlamlığına zərərli olan bu cür fəaliyyətlərin qarşısını almalıdırlar. Normalda monitorinq, yoxlamalar edilməlidir. Orda hansısa zərərli maddələrin çıxarılması, çaylara axıdılması baş verirsə, dərhal həmin fəaliyyət dayandırılmalıdır. Hansısa sanksiyalar tətbiq olunmalıdır, ya da ora daha müasir texnologiyaların gətirilməsi, o zərərli maddələrin çıxarılmasının qarşısının alınması və s. kimi işlər görülməlidir. Təəssüf ki, Ermənistana qarşı belə bir fəaliyyəti müşahidə etmirik. Ermənistan da hər zaman bundan sui-istifadə edir. Onlar bizim ölkəmizin dağlıq bölgəsində yerləşirlər. Ona görə də, onların vurduğu zərərlər Azərbaycan tərəfə gəlir. Araz çayı vasitəsi ilə Azərbaycanın bölgələrinə, rayonlarına, torpaqlarına, eyni zamanda Xəzər dənizinə belə zərər vurur. Əlbəttə, bu, yolverilməzdir. Bu məsələlərlə bağlı Azərbaycan tərəfi, bu sahənin ekspertləri, mütəxəssisləri beynəlxalq qurumlara müraciət etməlidirlər. Ermənistanda "Amulsar" qızıl yatağının istismarı sayəsində Azərbaycanın ekosisteminə zərər vuran fəaliyyətlər varsa, həmin yatağın istismarının dayandırılmasını tələb etmək və təmin etmək gərəkir. Düşünürəm ki, bu məsələ hamımızın sağlamlığı ilə bağlıdır. Bütövlükdə bitki, heyvanat, canlı aləminin sağlamlığı, Xəzər dənizi ilə bağlıdır. Araz çayı vasitəsiylə Azərbaycanın əhəmiyyətli torpaqları suvarılır. Deməli, o zərərli maddələr həmin o ərazilərə, bitkilərə, ora yetişdirilən məhsullara da bir formada təsir edir. Ermənistanın ekoloji terroruna qarşı bütün mümkün leqal imkanlardan istifadə etməliyik və onların bu zərərli fəaliyyətini dayandırmalıyıq".
Qiymət Mahir