Bu söküntü işlərindən geriyə qalan əyri mismarlar ermənilərin əyilmiş, sınmış xəyallarıdır-Şəbnəm Həsənova- ÖZƏL

"Azərbaycan dövlətinin istər daxili, istərsə də xarici siyasətdə aldığı qərarlarının yeganə istinad nöqtəsi hüquqdur. Haqq səsimizin susdurulmamasının yəqin və böyük ehtimal ki, yeganə səbəbi işlərin məhz hüquqi prizmadan icrasıdır".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:

"Belə olmasa idi ərazi bütövlüyü və suverenliyi məsələsini sivilizasiyaların toqquşması, dinlərin qarşıdurması kimi tamamilə fərqli istiqamətlərə süni olaraq daşıyanlar islamafobiya, Azərbaycana və türkəfobiya meyillərinin barıtını daha da sərt edərdilər. Çünki, məhz bu qüvvələrin Ermənistanı Cənubi Qafqazda xristianlığın məbəd nöqtəsi kimi qələmə verməsi, mədəniyyət qalası kimi dünyaya təqdim etməsi onların azğınlığını daha da artırdı. 
 Xankəndidə qanunsuz tikililərin sökülməsini geniş ictimaiyyətə fərqli çatdıran kiçik dünyalarında yaşayan cılız dairələr bilməlidir ki, Xankəndinin abadlaşdırılması heç bir dövlətin və şəxsin deyil, məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bunu sübut edən tarixi faktlar mövcuddur. Məhz bu dahi şəxsiyyətin səyi ilə zamanında azərbaycanlılar və ermənilər dostluq şəraitində yaşamış, birgə işlər görmüş, investisiyalar qoyulmuşdu. Xankəndinin baş planı da hələ sovet dövründə Ulu Öndərimizin rəhbərliyi ilə təsdiqlənmiş və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri məhz Azərbaycan büdcəsinin hesabına həyata keçirilmişdir. İşğaldan sonra nəinki şəhərin bütün mənzərəsi pozulmuş, üstəlik baş plana uyğun olmayan yöndəmsiz binalar da tikilmişdir ki, bütün bu əməllər də azərbaycanlıların izini silmək, türkün nəfəsini kəsmək məqsədinə xidmət etmişdir. 
Cənab Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Dövlət Bayrağını ucaldarkən tarixi proseslərə işıq tutması bir daha bugünkü reallıqlar haqqında aydın təsəvvür formalaşdırır. Düşmənçiliyin alovlandırılmasının ilkin etapı Fransanın bir qəzetində başladı, bu gün də davam edir. "Parlament"in tikintisi üçün ABŞ dollarının miqdarının isə hər dəfə artırılması ondan xəbər verir ki, bu bina yaxşı pulyuma obyekti və məntəqəsi olub. Yenə də zərbənin istiqamətinin, gücünün hardan gəldiyi məlumdur. 
Azərbaycan dövləti bütün bölgələrdə tikilən qanunsuz tikilililərlə bağlı müvafiq addımlar atır. Bu da onların biridir. Azərbaycanlılara qarşı işğal və soyqırım planlarının cızıldığı və qərarların qəbul olunduğu çirkli bir yuvanın "Parlament" adı ilə "yuyulması" ermənilərin çoxillik kirli xislətlərini təmizləmə cəhdi idisə, bu gün də Ermənistan bütün məsələlər kimi bu binaların sökülməsinə də siyasi don geydirməsi ilə bir daha aydın olur ki, Azərbaycana qarşı münasibəti kökündən və neqativ istiqamətdə dəyişməyə ciddi əsaslar yaratmağa çalışılır. Eynilə Şuşanı da bu cür çirkli oyunların məkanına çevirmək istəyir, "parlament"in binasının tikintisini planlaşdırırdılar. Lakin Şuşanı bilək gücünə azad edən mərd oğullarımız onların arzularını gözlərində qoydu. 2021-ci il yanvarın 14-də Şuşaya ilk səfəri zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev bu binanı "şeytan yuvası" adlandırmış, onların çirkin oyunlarının pərdəarxası məqamları haqqında xalqımıza və dünya ictimaiyyətinə təfsilatlı məlumat vermişdi. Məlum oldu ki, qanunsuz rejimin növbəti hədəfi "parlamenti"ni Şuşaya köçürmək imiş ki bütün çirkin oyunlar kimi bu oyunu da Azərbaycan fundamentindən məhv etdi. Ardınca isə məhz həmin məkanda beşulduzlu "Şuşa" otelinin açılışı baş tutdu. Odur ki, binaların sökülməsi əsaslı, siyasi don geyindirmək əsassız olduğu qədər, bu söküntü işlərindən geriyə qalan əyri mismarlar da ermənilərin əyilmiş, sınmış xəyallarıdır. 

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31