Bu, Azərbaycan dövlətinin suveren hüququdur-Azad Məsiyev- ÖZƏL
7 Mart 2024 16:34 Siyasət"Azərbaycan 44 günlük Vətən Müharibəsində, eyni zamanda bir günlük antiterror əməliyyatı zamanı öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu əməliyyatlar nəticəsində Qarabağda yerləşən separatçı terror dəstələri tərk-silah olundu və Ermənistan hərbi kontingenti Azərbaycan ərazisindən çıxarıldı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyazi şərhçi Azad Məsiyev qeyd edib:
"Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı dönəmdə bütün yaşayış məntəqələrini darmadağın etdi. İşğal etdiyi ərazilərdə daşı daş üstündə qoymadı. Faktiki olaraq Azərbaycan işğal olunmuş ərazilərində, o cümlədən Qarabağ bölgəsində abadlıq işlərini aparmaqdadır. Yeni quruculuq işləri, infrastrukturların yaradılmasında dövlət proqramı həyata keçirməkdədir. Bu proqramın tərkib hissəsi kimi Xankəndidə də plan daxilində abadlıq işləri aparılmaqdadır. Antiterror əməliyyatı nəticəsində separatçıların həm ideoloji, həm siyasi, həm hərbi bazası dağıldı. Ümumiyyətlə separatçıların yuvası olan qondarma parlament binası da sökülməkdədir. Təbiidir ki, Azərbaycanın öz ərazisində istənilən rayon və şəhərdə abadlıq işi aparmaq haqqı var. İstənilən binanın sökülməsi və ya tikilməsi Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycan dövləti Xankəndində hansısa bir abadlıq işi aparacaqsa, bunun üçün Ermənistanla məsləhətləşəsi deyil. Unutmayaq ki, Ermənistan Azərbaycan ərazisini işğal etdiyində bütün Azərbaycanın tarixi binalarını, məscidlərini, dini ocaqlarını yerlə yeksan etmişdi. O baxımdan Xankəndində separatçıların parlamentinin binasının sökülməsi Ermənistan tərəfindən dağıdılmış evlər, binalarla müqayisə ediləcək dərəcədə deyil. Ermənistan yenə də qonşuluq münasibətində dinc yaşama yaşama prinsipinə əməl etmir. Azərbaycan əlehinə düşmənçilik siyasəti aparır. Azərbaycanın Xankəndidə hansısa abadlıq işi aparmasına siyasi don geyindirmək istəyirlər. Ermənistanın yenə də bu cür bəyanatlar verməsi Azərbaycanın daxili işlərinə qarışmasına çalışmasından xəbər verib. Azərbaycan hansısa rayonunda, şəhərində abadlıq işləri aparırsa, bunun Ermənistana aidiyyatı yoxdur. Bu, Azərbaycanın suveren hüququdur. Ermənistan tərəfindən buna hansısa qiymət verilməsi yolverilməzdir. Bu məsələlər Ermənistanı yeni problemlə üzləşdirə bilər. Ermənistan xarici siyasətində və qonşuluq münasibətində beynəlxalq hüquqa söykənən addımlar atsa, daha məqsədə uyğun olar".