Yer Azərbaycanın torpağı, yeksan olan is'ə erməni xülyasıdır- RƏYLƏR

Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı "parlament binası"nın Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 "deputat"ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər. Qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Sən demə, "Azərbaycan Xankəndində erməni irsini, tarixi-mədəniyyət abidələrini məhv edir".

Mövzu ilə bağlı açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirovun sözlərinə görə, son zamanlar Azərbaycana qarşı əsassız iddia istiqamətlərindən biri də Azərbaycanın öz suveren əraziləri tərkibində dövlət qurumlarının atdığı addımlarla bağlıdır:

"Azərbaycanda digər regionda da, rayonlarda da, Bakı şəhərində də çoxlu söküntülər və ya tikintilər həyata keçirilir. Baş plana uyğun dəyişikliklər həyata keçirilir. Amma onlar kiminsə diqqətini cəlb etmir, diqqət cəlb edən Qarabağda baş verən proseslərdir. Çünki, Qarabağla bağlı Azərbaycanın atdığı bütün addımlara siyasi don geyindirməyə, onu fərqli şəkildə beynəlxalq ictimaiətin diqqətinə çatdırmağa cəhdlər olur. Bu da ki, Azərbaycanın son zamanlar Ermənistanla münasibətdə siyasi və diplomatik müstəvidə atdığı addımlarla əlaqədərdir. Azərbaycanın Cənubi Qafqazda sülh əldə edilməsi istiqamətində prinsipial və qətiyyətli mövqeyi ilə bağlıdır. Azərbaycana qarşı bu ittihamların əsas məqsədi Azərbaycanı bu yoldan döndərmək, Azərbaycana əldə etdiyi qələbə ilə bağlı kölgə salmaqdır. 
O ki qaldı ordakı söküntülərlə bağlı məsələlərə, bu, həm Azərbaycan dövlətinin, həm də Azərbaycan xalqının marağına uyğundur. Ona görə ki, Azərbaycan suveren dövlətdir, Azərbaycan ərazisində bir parlament, dövlət var. Dövlətin rəmzləri, qurumları baxımından Azərbaycanda 2-ci eyni paralel qurumun olmasına həm Konstitusiya imkan vermir, həm də Azərbaycan Qanunvericiliyi imkan vermir. Azərbaycanın digər ərazilərində hansı qanunlar hökm sürürsə, Qarabağda da eyni qanunlar hökm sürür və sürməlidir. O, terrorizmin izləridir. Azərbaycan dövləti haqlı olaraq terrorizmin izlərinin silinməsi istiqamətində addımlar atır. Biz 44 günlük İkinci Qarabağ Müharibəsini etməyə ona görə məcbur qalmadıq ki, biz 19-20 sentyabr 2023-cü ildə antiterror tədbirlərinin həyata keçirilməsi məcburiyyətində ona görə qalmadıq ki, bu gün həmin Azərbaycana qarşı terror yuvaları quran, Azərbaycan ərazisində, Qarabağda və digər əvvəldən işğal altında olmuş ərazilərdə terrorçu yuvaları quran, Azərbaycan xalqına və dövlətinə qarşı cinayətlər planlaşdıran terrorçuların abidələrini və yaxud onların fəaliyyət göstərdikləri binaları və digər tikililərin qorunması istiqamətində addımlar ataq. Azərbaycan əgər dünyada erməni mədəniyyətinə qarşı, dini-tarixi abidələrinə qarşı Ermənistanın Azərbaycana göstərdiyi mövqeyi sərgiləsəydi, bu gün Bakı şəhərində bizim dini abidələr olmazdı. Bu gün də qoruduğumuz o abidələr olmazdı. Əslində həm Bakıda, həm də Azərbaycanın digər ərazilərində, eyni zamanda Qarabağda və işğaldan azad edilmiş digər ərazilərdə bu gün çox sayda dini-mədəni abidələr var. Azərbaycan həmin o abidələri Ermənistana, yaxud ermənilərə görə deyil, dünya mədəni irsinə aid olduqlarına və Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalara və sənədlərə hörmət əlaməti olaraq onları qoruyub saxlayır. Biz kiminsə sifarişi, istəyi ilə hansısa bir tikilini həyata keçirmirik və ya hansısa tikilinin qorunmasını həyata keçirmirik. Ona görə də çox təəssüflər olsun ki, beynəlxalq aləmdə bir sıra qüvvələrin diqqətini cəlb etdiyinə və eyni zamanda onları çox narahat etdiyi kimi bizim özümüzdən olan, adı azərbaycanlı olub, amma bütün həyatını, fəaliyyətini və imkanlarını Azərbaycana qarşı mübarizəyə həsr edən bəzi xaricdən olan qüvvələri də narahat edir. Bəlkə də, ermənilərdən də çox narahat edir. Bu da təbii ki, onların özlərinin şəxsi mövqeləridir. Azərbaycan kiminsə diqtəsi altında və yaxud kiminsə niyyətinə istəyinə, marağına uyğun addımlar atmır, kiminsə arzusuna görə proseslər həyata keçirmir. Azərbaycan dövlətinin bir hədəfi var, Azərbaycan suveren əraziləri çərçivəsində quruculuq və bərpa işlərini həyata keçirmək, insanların təhlükəsiz şəraitdə yaşamasını təmin etmək və eyni zamanda bu proseslərin fonunda Cənubi Qafqazda sülhə nail olmaq, faktiki sülhü həm də hüquqi sülhə çevirmək, de-fakto sülh prosesini de-yure sülh prosesinə çevirmək və bu prosesi davam etdirmək. İndi bu istiqamətdə biz hansı legitim addımlar tələb olunacaqsa, biz o addımları atacağıq və düşünürəm ki, Qarabağ ərazisində Azərbaycanın həyata keçirdiyi geniş quruculuq bərpa işlərini bir kənara qoyub, Azərbaycanın ordakı yüzlərlə kilometr avtomobil yollarını, körpülər, tunellər, beynəlxalq standartlara cavab verən dəmir yolları, iki hava limanın-Füzuli və Zəngilan hava limanının artıq istifadəyə verilməsi, Laçın hava limanının tikintisinin həyata keçirilməsi və çoxlu sayda tarixi-mədəni abidələrin bərpası, geniş quruculuq işləri, çox sayda işğaldan azad edilmiş şəhərlərin baş planlarının təsdiq edilməsi və baş plana uyğun tikinti quruculuq işlərinin həyata keçirilməsi, bu prosesi bir kənara qoyub minalardan təmizləmə prosesini kənara qoyub, bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi böyük işləri kənara qoyub bir terror məqsədinə xidmət edən binaların söküntüsünü gündəmə gətirmək bir daha məkrli niyyətdən, antiazərbaycan mövqedən xəbər verir. Azərbaycanın formalaşdırdığı reallıqlara qarşı olmaqdan xəbər verir. Ona görə də bu, bizi narahat etmir. Azərbaycan bu prosesləri gözə alıb hərəkət edir. Bizim əsas məqsədimiz Qarabağ və Qarabağ ətrafı ərazilərdə insanlar üçün həyat şəraitinin təmin edilməsi istiqamətində əlimizdən gələni etmək niyyəti durur ki, biz, bu istiqamətdə bütün addımları atacağıq".

Siyasi şərhçi Telman İsa qeyd edir ki, işğaldan azad olunmuş ərazilərdə geniş inşaat-quruculuq işləri ilə bərabər Azərbaycanın müvafiq qurumları xunta rejiminin tarixin saxtalaşdırılmasına yönəlik planlarını da elə yerində yerə gömür:

"Məlumdur ki, separatçıların işğal dövründə Xankəndidə inşa etdiyi qanunsuz tikililərin, binaların sökülməsinə başlanılıb. Hazırda rejimin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı "parlament binası"nın Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsi həyata keçirilir.

O da məlumdur ki, belə qanunsuz tikililər arasında "Arsaxı azad etmiş döyüşçülər" ittifaqının binası (Ermənistan Respublikasının Könüllülər İttifaqı da ("YERKRAP") adlanır) da var. Üçmərtəbəli bina yuxarıdan baxdıqda xaç işarəsini xatırladıb.Bu o dəstədir ki, bir neçə gün bundan öncə yaraqlıları sərhədçimizə atəş açaraq, ona ciddi xəsarət yetirmişdilər.Təbbi, ciddi dəqiqləşdirmədən sonra ordumuzun müvafiq bölmələrinin üzvləri şərti sərhəddə dolaşan bu yaraqlılara dəqiq zərbələr endirərək, qrupun dörd üzvünü məhv etdilər.Bununla da Azərbaycan qarşı tərəfə istənilən təxribatın qarşısının bu sərtliklə alınacağı barədə bir mesaj vermiş oldu.Kiçik arayış üçün xatırladım ki, "YERKRAP" terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərib, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib.

Budur, öz ənənələrinə sadiq qalan ermənilər diaspora qurumları və Qərbdəki bəzi havadarları hay-həşir qoparmaya başlayıblar ki, guya Azərbaycan Xankəndidə, Şuşada və digər ərazilərdə "erməni iris və tarixi binalarını, abidələri"ni məhv edir, yer üzündən silir. Əlbəttə erməni hiyləsinin, təxribatının ayaqları yer tuta bilər, amma hərəkəti mümkünsüzdür.Çünki hər belə "təşəbbüsdə" rəsmi Bakı dəqiq dəlillər ortaya qoyur və istənilən addımını daxili və beynəlxalq hüquqla əsaslandırır, beləliklə də erməni yalanları beşiyindəcə məhv edir.

Məsələn, əsaslardan biri! Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub, həmin "binalar" da separatçıların terrorçu yuvasına çevrilib.

"Parlament" binasına gəlincə isə, Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib.Xankəndi şəhərinin mərkəzi meydanda tikilmiş binanın açılışı 2013-cü il mayın 9-da baş tutub. Açılışda Ermənistan prezidenti Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak edib.Binanın açılışı mayın 9-na Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub (Şuşa 1992-ci il mayın 8-də işğal olunsa da, ermənilər həmin günü 9 mayda qeyd edirdilər). Açılış bu münasibətlə Xankəndidə təşkil olunmuş "bayram tədbirləri" çərçivəsində baş verib.Deməli, məqsəd güdüblər!

Sonda ən əsas məqamı diqqətə çatdırmaq istərdim! Məlumdur ki, qanunsuz tikililər Azərbaycanın istənilən yerində qarşısısı alınır.Deməli, Xankəndi də istisna deyil. Şəhərin Baş plandan kənar qanunsuz tikililərinin yerlə bir edilməsi olduqca vacibdir.O ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycanın öz ərazisində hansı qərarı verib, hansı addımı atması ölkəmizin öz işidir. Döyüş meydanında olduğu kimi, separatçılığın qarşısı, izləri digər sahələrdə də alnacaq, məhv ediləcək!Ermənilər və onların havadarları başqasının torpağından gözünü çəkməli, ərazi iddialarından birdəfəlik vaz keçməlidirlər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31