Ölkədə siyasi dialoq və milli həmrəyliyin əsasları yaradılıb
8 Mart 2024 10:35 SiyasətAzərbaycan xalqının ağır günlərində ulu öndər Heydər Əliyev yenidən öz xalqının xilaskarına çevrildi. Xalqımız Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. YAP qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Xalqımız başa düşürdü ki, ulu öndərin öz xalqına olan sadiqliyi və sevgisi onları bu əzab-əziyyətdən çıxaracaq və gözəl gələcəyə aparacaq. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi, peşəkarlığı nəticəsində dövlətimiz parçalanmaqdan və bir çox başqa təhlükədən xilas oldu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ilin oktyabrında xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Heydər Əliyev Prezident seçildi. Ulu öndər Prezident seçildikdən sonra Azərbaycanın tarixində yeni mərhələ başladı və ölkəmiz böhrandan çıxma prosesinə qədəm qoydu. Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf etdi, böyük layihələrə imza atmış oldu. Ölkəmizin iqtisadi inkişafı onun müstəqilliyini də möhkəmləndirdi. Azərbaycan dövləti Ermənistandan fərqli olaraq iqtisadiyatını heç kimin köməyi olmadan öz daxili imkanları hesabına artırırdı. Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, son dövrlər ölkəmizdə siyasi islahatların reallaşması inkişafımızı daha da sürətləndirmişdir. 2018-ci il Prezident və 2020-ci il parlament seçkilərində, 2020-ci ildə ikinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbədən sonra yaranmış reallıqlar siyasi islahatların daha da dərindən aparılmasına səbəb oldu. Yeni Azərbaycan Partitasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinin davamıdır: "2021-ci il 5 mart tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YAP-ın bu günə kimi keçdiyi yoldan danışdı və partiyanın gələcək fəaliyyətinə dair tövsiyə və tapşırıqlarını verdi. VII qurultayda qəbul edilmiş qərarlar iqtidarla xalq arasında mövcud birliyin, eləcə də bu həmrəyliyin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdı. Qurultayda partiyanın birinci müavini postunun təsis edilməsi və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsi partiyada idarəetmə prosesinin təkmilləşdirilməsinə böyük təkan verir. YAP- ın ən prioritet vəzifələrindən biri də hər zaman milli maraqların qorunması olmuşdur. YAP gənc nəslə böyük dəstək verən və onları öz ətrafında birləşdirən bir partiyadır. Vətən müharibəsində qələbə qazanmağımızın ən əsas səbəblərindən biri də 2003- cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyevin vaxtında uşaq və yeniyetmə olan gənclərimizin, savaşda böyük mərdlik və qəhrəmanlıq göstərməsi olmuşdur. Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərin milli ruhda yetişməsinə böyük diqqət yetirir".
Onun sözlərinə görə, ölkədə həmrəylik və demokratiyanın bərqərar olması üçün iqtidar partiyası olaraq YAP hər zaman digər siyasi partiyalara çağırış etmişdir: "Ölkəmizin inkişafı və tərəqqisi naminə YAP respublikamızda fəaliyyət göstərən bütün siyasi partiyalarla əməkdaşlıq etməyə və dialoq qurmağa hazır olduğunu bəyan etmişdir. YAP-ın VII-ci qurultayında Partiyanın yeni Nizamnaməsi təsdiq olundu. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, eləcə də partiyanın strukturunda Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının yerli təşkilatlarının və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. VII-ci qurultayda həmçinin İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmişdir. Siyasi dialoqun və milli həmrəyliyin təzahürü olaraq qurultayda ölkəmizdə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması barədə müraciətlərinə baxılmış və öz müsbət həllini tapmışdır. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, həmçinin digər müavini və partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir. YAP beynəlxalq əlaqələrin də qurulmasına böyük önəm verir. Son illər YAP xarici dövlətlərin hakim partiyaları ilə əlaqələr yaradıb və əməkdaşlığa dair niyyət protokolları imzalamışdır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi önəm daşıyır. 2021-ci il dekabrın 3- də YAP ilə Ukraynanın "Xalqın Xidmətçisi" Partiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. YAP ın Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos, Kamboca, Gürcüstan, Koreya, Pakistan, Qırğızıstan, Qazaxıstan hakim partiyaları ilə əlaqələri yüksək səviyyədədir. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixində keçirilən iclasında 5 fəsildən və ümumilikdə 29 müddəadan ibarət Proqram təsdiq edilmişdir. Proqramda YAP ın siyasi dəyərləri və prinsipləri sistemində 10 strateji istiqamət müəyyən olunmuşdur. Bu gün Azərbaycan xalqı iqtidar partiyası olan YAP-ı dəstəkləyir və partiyanın sədri, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi özlərinin lideri hesab edir. YAP dünyada mövcud olan hakim partiyalar arasında sayılıb seçilən bir partiyadır. Partiya bu gün də regionda ən böyük partiya statusunu özündə saxlamaqdadır.YAP hər zaman Azərbaycan xalqının milli maraqlarına xidmət edən, sülhü, bərabərliyi, insan faktorunu hər şeydən uca tutan bir partiya olub, belə də qalacaq. Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimi "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır".
Millət vəkili Vüqar İsgəndərov qeyd edib ki, 2021-ci il 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə oldu: "Bu bir həqiqətdir ki, xalq-iqtidar birliyi bu partiyanı nəinki ölkənin, hətta Qafqazın ən böyük partiyası mövqeyinə gətirib. Bu da onun nəticəsidir ki, iqtidar partiyası atdığı bütün addımlarda xalqın mənafeyinə xidmət edir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı da qeyd etdiyi kimi, ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, bu gün onun sıraları ildən-ilə genişlənir. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyətli dəyişikliklərə səbəb olub. Partiyadaxili struktur islahatlar və təşkilati məsələlərin həlli yeniləşən partiyanın gücünə güc qatıb. Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilməklə yanaşı, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavinləri seçilib. Bununla yanaşı iqtidar partiyası olaraq YAP-ın xalq arasında olan nüfuzu və ideal idarəetmə şəkli digər partiyaların da YAP-a qoşulmasına səbəb olmuşdur. Atılan ən önəmli addımlardan biri də ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətlərinin öz müsbət həllini tapmasıdır. Prioritet məsələsi ölkənin inkişafı olan Partiyamız siyasi dialoq mühitinin təşviq olunmasına da həmişə önəm verib. Çünki Yeni Azərbaycan Partiyası həm iqtidar, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatların məqsədi ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət etməkdir". Deputat qeyd edib ki, Partiyanın müəyyənləşdirdiyi strateji istiqamət bu gün də öz effektivliyi qoruyur. YAP-ın konsepsiyasında siyasi dəyərlər və prinsiplər bu baxımdan mühüm rol oynayır: "Ulu Öndərin "bir millət iki dövlət" şüarı bu gün YAP üçün əsas prioritet istiqamətlərdən biridir. Türkiyə ilə dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir. Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu məsələdə Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolunu xüsusi qeyd etmək lazımdır. Bundan sonra isə YAP-ın qarşısında daha böyük hədəflər var. Çünki ölkəmiz yeni mərhələyə qədəm qoyub. Bu hədəflərə doğru isə bizi Cənab Prezidentin müəyyənləşdirdiyi strateji yollar aparacaq".
Alim