Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu uğurla reallığa çevrilən layihələrdən, eyni zamanda, imzalanan sənədlərdən aydın görünür. Son zamanlar enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. İstər Azərbaycanın Avropa dövlətlərinə, istərsə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin ardıcıl xarakter alması, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də bunu təsdiqləyir. Bu arada müstəqil Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Məhz bu amillər Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Millət vəkili Məşhur Məmmədov edib ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: "Ölkə rəhbəri dəfələrlə çıxışlarında bildirdiyi kimi, bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar-interkonnektorlar əlavə edilib. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Cənub Qaz Dəhlizinin genişlənməsinin və təbii qaza aid istənilən digər layihənin maliyyələşməsi elə bir şəkildə aparılmalıdır ki, bizim əsas hədəfimizə mane olmasın. Avropada Azərbaycan qazına böyük tələbat var idi və olmaqda qalır. Bizə bir çox ölkələr müraciət etmişdir və artıq altı ölkə bizim təbii qazı alır. Əlavə bir neçə ölkə ilə danışıqlar aparılır. Qaza tələbat var, resurslarımız və müvafiq infrastrukturumuz da var. Avropa maliyyə institutlarının maliyyələşməsi real yanaşmaya əsaslanmalıdır və ümumi hal almış qazıntı yanacağına qarşı meyillərin kölgəsi altına düşməməlidir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı əldə olunub. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir". Onun sözlərinə görə, ölkəmiz üçün daha artıq alternativlər və seçimlər ola bilər: "Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət edir. Ötən həftə baş tutan Məşvərət Şurasında və ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Bizim enerji layihələrimizlə bağlı daha bir məqam ondan ibarətdir ki, dost Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkəti Abşeron layihəsinin səhmdarı oldu. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi, bu planlar tamamilə realdır, onlar müfəssəl təhlilə, məlumata, informasiyaya və bizim maliyyə resurslarına, habelə investorlarla razılaşmalarımıza əsaslanır. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, potensial var və artmaqdadır. Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün "Azərbaycanda kifayət qədər qaz yoxdur" kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilirik".

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev qeyd edib ki, Azərbaycanın uzun illərdir ki, apardığı iqtisadi və beynəlxalq siyasəti bu gün ölkəmizin güc ölkəsinə çevrildiyinin əsas göstəricisidir: "Azərbaycana bəslənən ümidlər və beynəlxalq təşkilatların mötəbər tədbirlərinin paytaxtı Bakı hər zaman ekologiyaya verdiyi töhfələri ilə seçilib. Neft və qaz ixracına görə Avropanın altı ölkəsini enerji ilə təmin edən Azərbaycan, həmçinin Xəzər dənizinin çirklənməsinin qarşısının alınması istiqamətində regionda ekologiya və ətraf mühitin qorunmasını da diqqətdə saxlayır. 2030-cu ilədək ölkədə bərpa olunan və alternativ enerjidən əldə edilən elektrik enerjisinin istehsalı və istifadəsi, eləcə də yaşıl enerjinin satışı gələcək planlarımızın sırasındadır. 30 il sonra işğaldan azad olunan ərazilərimizdə yenidən qurulan şəhərlər müasir dövrün standartlarına uyğun şəkildə yaşıl enerji prinsipi ilə ekoloji təmiz və ağıllı texnologiyaları əsasında qurulmaqdadır. Bu qədər layihənin icra olunduğu ölkə, sözsüz ki, diqqəti üzərinə cəmləməyi bacardı və bu il BMT- nin İqlim Dəyişikliyi  Konfransı, yəni COP 29 Bakıda keçiriləcək. Bu mötəbər layihənin Azərbaycanda təşkil olunması üçün bir sıra səbəblər var. Çünki dünya arenasında Azərbaycan son 10 ildə ekoloji layihələrin keçirilməsi və dəstəyinə görə lider ölkələrdən hesab olunur. Bizim bərpa olunan enerji ehtiyatları baxımından nəhəng potensialımız var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasında çıxışı zamanı diqqəti bu mühüm məqama yönəldərək deyib: "Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir". Xüsusən "Qara Dəniz Yaşıl Kabel" layihəsi ilə Azərbaycan Avropaya yaşıl enerji ötürən əsas ixracatçılardan birinə çevriləcək. Bu təşəbbüs region üçün xüsusi önəm daşıyır. Belə ki, 2030-cu ilə qədər 16 faizdən artıq və 2040-cı ilə qədər təxminən 80 faizə qədər elektrik enerjisi tələbatının artması nəzərdə tutulur.

Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100  il ərzində bərpa olunan enerji resursları olmadan da yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib, hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal tədbirin Azərbaycanda təşkil edilməsi qərarı beynəlxalq birliyin ölkəmizə olan hörmətin əlamətidir. Azərbaycanın coğrafi mövqeyi burada istənilən növ bərpa olunan enerji stansiyalarının qurulmasına imkan verir. Ümumiyyətlə, Azərbaycanın bərpa olunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ildə qəbul edilən  "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i təşkil edir. Beləliklə, COP 29-a ev sahibliyi etmək üçün Azərbaycanın yetəri qədər potensialı və iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində çıxış yolları mövcuddur. Bu potensial isə ötən 10 il ərzində atılan düzgün siyasətin nəticəsidir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31