“Parlament” binası, yoxsa Azərbaycana qarşı işğal planlarının cızıldığı terror yuvası
8 Mart 2024 12:56 SiyasətAzərbaycanın ən füsunkar guşələrindən olan Qarabağ tarixən öz mədəni və tarixi abidələri ilə bütün dünyada tanınıb. Sirr deyil ki, Qarabağ ədəbiyyat, incəsənət və musiqi mədəniyyətinin qədimliyi ilə nəinki Azərbaycanda, hətta dünya ölkələri arasında xüsusi çəkiyə malik bölgədir. Hazırda Qarabağ sənətkarlarının maddi və mədəni nümunələri dünyanın ən məhşur muzeylərinin bəzəyinə çevrilib. Xüsusən, qarabağlı memarlarının əməyi sayəsində meydana gələn tarixi binalar bu ətraf ərazilərin dinamik inkişafını təmin edib. Yaradılan məişət əşyalarının, sənətkarlıq nümunələrinin üzərindəki naxışlar, milli ornamentlər bu bölgənin məhz azərbaycanlılara aid olduğunun tarixi sübutudur. Məlum olduğu kimi 30 illik işğal dövründə heç bir mədəni irsə malik olmayan ermənilər Qarabağdakı, Şuşadakı mədəni və tarixi abidələrimizi saxtalaşdıraraq erməniləşdirməyə cəhdlər ediblər. Erməni vandalları işğal altında saxladıqları ərazilərimizdə tariximizi yer üzərindən silmək, ərazini erməniləşdirmək siyasəti aparıblar. Elə bu məqsədlə də barbarlıq edərək çoxsaylı tarixi abidələrimizi yerlə -yeksan ediblər. Nəticədə Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksinə, Şuşa Dövlət Rəsm Qalereyasının binasına, Şuşa Xalça Muzeyinə və bir çox mədəniyyət nümunələrimizə ciddi ziyan dəyib. Sirr deyil ki, Qarabağda və ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdürdü. Məsələn, ötən əsrin 90-cı illərinin əvvəllərinə olan statistikaya əsasən işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdır. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi. Bu ərazilərdə yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri-Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib. Bir sözlə, ermənilər 30 il ərzində torpaqlarımızı viran qoyublar, tarixi abidələrimizi, mədəniyyət, təhsil ocaqlarımızı dağıdıblar, ekoloji fəlakətlər törədiblər, təbii sərvətlərimizi daşıyıb aparıblar.
Çox təəssüf ki, dünya dövlətlərinin gözü qarşısında baş verən erməni vandalizminə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də biganə münasibət sərgilənib. Azərbaycan tərəfinin dəfələrlə erməni vandalizm aktları barədə beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq ikili standartlar nümayiş etdirilib. 44 günlük Vətən müharibəsindən sonra YUNESKO-nun Azərbaycana qarşı qərəzli mövqeyi dediklərimizin bariz nümunəsidir. Azərbaycan sözügedən təşkilatdan işğal olunmuş ərazilərdə monitorinq missiyası keçirməsini istəsə də, təəssüflər olsun ki, YUNESKO bu istiqamətdə heç bir addım atmadı. Əksinə Azərbaycan əlehinə qərəzli bəyənatlar verməklə öz missiyasını unutdu. Azərbaycan isə daim YUNESKO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Çünki, Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin tərkib hissəsidir. Buna baxmayaraq, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə ölkəmizin çağırışlarına laqeyd yanaşıldı.
Buna rəğmən, Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ ərazisində kompleks işlərə start verilib. Tarixi mədəniyyət abidələrinin bərpasına başlanılıb. Məqsəd ermənilərin viran qoyduqları Qarabağı dirçəltmək, dağıdılmış tarixi və mədəni abidələri bəpa etməkdir. Elə bu məqsədlə də Qarabağdakı bəzi abidələrin və erməni "irsinin" daşıyıcısı olan binaların sökülməsi prosesinə start verilib. Belə ki, işğaldan azad edilmiş Xankəndi şəhərində əvvəllər erməni separatçıları tərəfindən "parlament" kimi istifadə edilən binanın söküntüsü aparılır. Lakin, öz xislətindən əl çəkməyən Ermənistan bu binaların da sökülməsinə siyasi don geydirməyə çalışır. Ənənəvi üsullarına sadiq qalaraq beynəlxalq təşkilatlar qarşısında haray-həşir qoparırlar. Amma, ermənilərin bu cəhdi də əsassızdır və bununla Azərbaycanın Qarabağda apardığı quruculuq işinə maneə olmaq qeyri-mümkündür. Məlumat üşün qeyd edək ki, Xankəndinin baş planı hələ sovet dövründə Ulu Öndərin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. Amma işğaldan sonra şəhərin bütün mənzərəsi pozulub, baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. Bu binalardan biri də ermənilərin "parlament" adlandlrdıqları binadır ki, onun rəmzi mənası Azərbaycanın suverenliyinə və Konstitusiya quruluşuna ziddiyyət təşkil edir. Çünki, "parlament" adlanan bina Azərbaycana qarşı işğal və soyqırım planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub. Məhz sözügedən binada azərbaycanlıların etnik mənşəyinə görə məhv edilməsilə bağlı qərarlar qəbul edilib. Qərarların icrasını həyata keçirən YERKRAPA isə terrorçu dəstədir və minlərlə azərbaycanlının qətlində iştirak edib. Digər tərfdən, qeyd edilməlidir ki, ölkə qnunvericiliyinə görə, işğal dövründə tikilən belə binalar qanunsuz tikililərdir və müvafiq olaraq bu cür tikililər Azərbaycanın istənilən şəhər və rayonunda sökülür. Yeri gəlmişkən qeyd edək ki, işğal vaxtı Şuşada da "parlament binası"nın tikintisi gedirdi. Rəşadətli Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra həmin bina dağıdıldı və Ali Baş Komandan sözügedən bina qarşısında tarixi çıxışını etdi. Artıq heç bir ölkədən, yaxud beynəlxalq maliyyə qurumundan yardım almayan Azərbaycan öz daxili imkanları hesabına işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Sözsüz ki, dövlət tərəfindən təsdiq edilmiş layihə əsasında həyata keçirilən quruculuq işlərində Azərbaycanın milli maraqlarına cavab verməyən binaların sökülməsi anlaşıqlı qəbul edilməlidir. Bu, həm də Azərbaycanın suverenliyinin bütün ölkə üzrə təsdiqi anlamı kimi qarşılanmalıdır.
Alim