Ermənistan Gürcüstan və Ukraynanın başına gələnlərdən dərs almalıdır
5 Mart 2024 08:35 SiyasətAzərbaycan, Türkiyə, Rusiya və İran kimi güclü qonşularının narahatlığını nəzərə almayan cırtdan Ermənistan Avropa İttifaqı və NATO ilə yaxınlaşmaq və regiona aid olmayan hərbi qüvvələri Qafqaza yeritmək üçün əlindən gələni edir. Belə bir təhlükəli addımları 2008-ci ildə Gürcüstan atmışdı.
Aİ və NATO-ya üzv olmaq perspektivləri haqqında 16 ildir ki, vədlər alan Gürcüstan Fransanın keçmiş prezidenti Sarkozinin təkidi ilə kapitulyasiya aktını imzaladı. Nəticədə bu gün Tiflis Abxaziya və Cənubi Osetiyaya kimi ərazilərinə nəzarəti tam itirib. Nəzarətin bərpası perspektivləri isə yaxın və orta perspektivdə gözlənilmir.
Küçik əraziyə malik Gürcüstanın belə bir böyük itkilərə məruz qalması belə Tiflisi Aİ və NATO üzvlüyünə yaxınlaşdırmadı. Gürcüstan hakimiyyəti keçmişdən ağrılı və acılı bir dərs aldı. Tiflis hazırda Qərbin Rusiyaya qarşı sanksiya oyunlarına qarışmağa belə risk etmir. Gürcülər Qərbin fitvası ilə ikinci dəfə öz ayağına atəş açmaq və sonradan məğlub duruma düşmək istəmirlər.
NATO və Aİ-nin Rusiya sərhədlərinə yaxınlaşmasına Kreml daim həssas yanaşıb. Ermənistandan 30 dəfə böyük olan və sərhədləri NATO üzvü olan dost ölkələrlə əhatə olunan Ukrayna kimi böyük bir ölkə belə Rusiya ilə qarşıdurmada ərazilərinin 20 faizini itirib və bu itkilər hələ də davam edir.
İndiyə qədər bir nəfər də olsun NATO əsgəri əlinə silah alıb nə Gürcüstanda, nə Ukraynada, nə də Qarabağ və Zəngəzurda savaşmadı. Ermənistan
Amma Paşinyan, Simonyan və Qriqoryandan ibarət 3 erməni "müşketyor" qonşu Gürcüstanda, Ukraynada və ya Vətən Müharibəsində baş verənlərdən dərs çıxarmaq istəmir, qonşularının maraqlarını nəzərə almır və Fransanın vədlərinə inanaraq Aİ və NATO-ya daha yaxın olmağa, onları regiona yeritməyə çalışır. 2 milyonluq Ermənitanın rəhbərliyi 320 milyonluq qonşularına qarşı çıxmaqla bərabər erməni xalqını da şirin vədlərlə aldadır. Məğlubiyyətlərdən və itkilərdən bezən erməni xalqı isə belə bir qeyri-müəyyən vəziyyətdə möcüzə baş verəcəyinə inanır. Əslində isə vəziyyət fərqlidir. Vaxtilə Ermənistanı "turk ölkələri arasında zəhərli yastıq" dövlət olaraq yaradan Rusiya, bu gün Ermənistanın davranışlarını "Kremlə qarşı demarş" kimi qəbul edir. Azərbaycan və Türkiyə Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə görə, Kreml isə "muşketyor demarşlarına" görə İrəvana qarşı səbri tükəndiyini gizlətmir. Erməni rəhbərlərin hələ də real addımlar atmaq əvəzinə söz güləşdirmək istəyi isə "menyuya daxil edilən" məğlub Ermənistana yaxşı heç nə vəd etmir.
Ədalət Verdiyev,
hərbi ekspert