Daxilə nüfuza cəhd Qərbin ənənəvi planıdır-Şəbnəm Həsənova- ÖZƏL
29 Fevral 2024 16:40 Siyasət"Cənab Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edərkən proseslərə düzgün dəyərləndirmə və istiqamət verməklə yanaşı, bir çox iyrənc oyunları da düzgün ifşa etdi ki, bir yandan konstruktiv olduğunuzu iddia edir, hətta üzdə belə göstərir, digər yandan rəhbərliyiniz altında olan kəslər vasitəsilə Azərbaycana təzyiqlər edirsiniz".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"Başa salınan məntiq çox sadədir. Fikriniz töhfə verməkdirsə, buyurun, sizə qapıları bağlanır deyə haray salmayın, yox, əgər işiniz fitnə-fəsaddırsa, məhz o qapılar qıfıllıdır.
18-ci əsrin sonlarından etibarən dünyanı formalaşdıran Qərbin sadəcə mütləq monopoliya dövrü başa çatmır, yaşadığımız epoxa həm də onun mədəni iddialarının sonudur desək, yanılmarıq. Azərbaycanın isə heç kimin qarşısında öhdəliyi yoxdur. Qərbin guya fərdi hüquqlar, məsuliyyətin tarazlaşdırılması, ictimai harmoniya təmin etmək, bu nöqtəyə gedən yolda rəqabət aparan inanc sistemləri formalaşdıran yeni sintez müəyyən etmək mübarizəsi heç nə ilə deyil, məhz onun ikiüzlü siyasəti ilə toqquşmağa davam edir. Bu baxımdandır ki, məhz cəmiyyət onları özlərinə yaxın buraxmır. Dövlət başçımız aydın şəkildə ifadə etdi ki, Azərbaycanda cəmiyyət, insanlar sual edir ki, Avropa təsisatları Ermənistan və Gürcüstanı yaxın tutur, Azərbaycanı isə kənarda saxlayır, şeytanlaşdırır.
Avropa təsisatları o qədər illeqal əməllərə əl atıblar ki, hüquqi kontekstdə resursların ixracını nəzərdə tutan, ali səviyyədə xahişdən sonra məsuliyyət götürərək imzaladıqları anlaşmaların nəinki hüquqi məsuliyyətini dərk etmədən fikirlər səsləndirir, bu resurların sömürülməsi siyasətini tətbiq etməyə çalışırlar. Hətta Avropa İttifaqı özü və üzv dövlətlər də Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar və qətnamə çağırışına haray vermirlər.
Qərb dövlətin iflasa uğramasına, dövlətə təzyiq edən qeyri-dövlət aktorlarının güclənməsinə gətirib çıxaran dünyanın bəzi yerlərində iqtisadi marjinallaşma və mədəni narazılığın qızışdırılması ilə inkişaf edən, lakin onun çürük dəyərlərini özünə yaxın buraxmayan cəmiyyətlərə sızmaqla beyinləri iflic etməyə çalışır.
Heç bir ölkə, heç siyasi təsisat, blok və ya qruplaşma bizimlə diktə dili ilə danışa bilməz. Necə ki, Qərb Azərbaycanın guya Ermənistana hücuma hazırlaşması, onun aqressiv, Ermənistanın isə qurban obrazını formalaşdırır, eynilə bu narrativi Rusiyaya qarşı da tirajlayır ki, guya Moskva Avropa ölkələrinə hücum planları hazırlayır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Federal Məclisə müraciətində bu bəyanatları "cəfəngiyyat" adlandırdı. Daxilə nüfuza cəhd Qərbin ənənəvi planı olduğu kimi, Azərbaycanı da eyni oyunun tərkib hissəsi etməyə çalışırlar. Azərbaycan isə heç kimin oyunu üzərindən addımlar atmır. Atılan addımlar müstəqil xarici siyasətin məhsuludur. Məhz bu birbaşa siyasətə görə biz orta güc mövqeyini qazandıq.
Avropa Parlamenti yeni seçkilərə hazırlaşdığı bir zamanda Azərbaycana qarşı fəaliyyətin başında əsas hərəkətverici qüvvə Emmanuel Makron, Avropa Parlamentində başdan-ayağa kimi qeyri-leqal fəaliyyətə qərq olan, erməni mafioz lobbisinin pulu ilə oynayan korrupsioner deputatlar, islamafob, rasist və türkofob dairələr, səlibçi və neokolonial təfəkkürlü insanlar, agentlər dayanır. İqtisadi müəssisələrin dini qurumlar və biznes idarəçiliyinin din kimi metaforasından istifadə edərək bu siyasi təsisatlar təşkilatlanmış formada müasir cəmiyyətlərdə mühüm ontoloji rol oynamağa cəhd göstərirlər. Müasir səlibçilik dini metaforanın bu siyasi təsisatlar vasitəsilə missionerlik fəaliyyəti kimi istifadəsi ilə təsvir olunur. Buna görə də dövlət başçımız nüfuz etməyə çalışdıqları cəmiyyətlərin, insanların düşüncəsini onlara çatdıraraq "Azərbaycanın demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir" fikrini səsləndirdi. Kilsəni, dəyərləri siyasətə qarışdıran, konstitusiya dəyişikliyinə qarşı çıxan II Qareginə tapşırıqlar da Avropadan gəlir.
Uşaqlığını erməni terrorizminin qalası sayılan Beyrutda keçirdən, xristianlığın "müdafiəsi" ilə məşğul olmaq müqəddəs missiyasını üstlənən, əslində isə qaçaqmalçılıqla məşğul olan, Belçikada zərgərlik mağazalarına sahib və orada yaşayan erməni əsilli Kaspar Karapetyan bütün bu məsələlərin maliyyələşməsinin arxasında dayanırsa, Avropa Parlamenti deputatlarına verilən rüşvətin mənbəyi də bu insanın cibidir".