Azərbaycanla Almaniya arasında milyard manatdan yuxarı ticarət dövriyyəsi var - ÖZƏL

"Almaniyanın Azərbaycanla münasibətləri iqtisadi baxımdan da, siyasi baxımdan da yüksək səviyyədə inkişaf edib".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Doğrudur, bəzi alman deputatlarının Avropa Şurasında səsləndirdiyi fikirlər təbii ki, məyusedicidir. Amma bunu sırf alman hökumətinin adına yazmaq, məncə, doğru olmaz. Çünki bu, birbaşa sırf millət vəkilinin, orada erməni lobbisinin işbirliyinin nəticəsində də səslənmiş fikir kimi dəyərləndirilə bilər, yaxud qəbul edilə bilər.
Bundan başqa bir məsələ də var ki, Azərbaycanla Almaniya arasında milyard manatdan yuxarı ticarət dövriyyəsi var. Bu o deməkdir ki, Azərbaycan üçün Almaniya, Almaniya üçün də Azərbaycan iqtisadi tərəfdaşdır və bu gün Almaniyanın iqtisadiyyat nazirin Azərbaycana səfəri və yaxud da ki, alman iqtisadiyyatının Şərq Komitəsinin sədrinin Azərbaycana səfəri əlbəttə ki, Almaniyanın Azərbaycana diqqətindən irəli gəlir. Təbii ki, Avropa İttifaqı çərçivəsində də Almaniya Azərbaycanla əlaqələrin dərinləşdirilməsinin tərəfdarı olduğunu göstərir.
Azərbaycan prezidentinin Münhen Təhlükəsizlik Konfransı səfəri, bu səfər çərçivəsində Olaf Şolz ilə keçirdiyi səmimi görüşlər də, məncə, xüsusi diqqət yetirilməli məsələdir. Eyni zamanda, xarici işlər nazirlərinin, yəni, Azərbaycan və Ermənistan xarici nazirlərinin Almaniyada ikili görüşünün təşkil edilməsi məsələsi də, məncə, münaqişənin həllinə təkan verəcək amillərdən hesab edilə bilər.
O baxımdan düşünürəm ki, biz Azərbaycan-Almaniya münasibətlərinə daha yaxşı, optimist, prizmadan yanaşsaq, yaxşı olar. Çünki bu, ikili münasibətlərimizin gələcək perspektivlərinə də müsbət təsir edə bilər və edəcəyi də gözləniləndir. O baxımdan düşünürəm ki, Almaniyanın həm də bölgədə sülhə böyük töhfə vermək imkanlarını da artırmış olur və yaxın gələcəkdə hesab edirəm ki, Avropa İttifaqı deyəndə biz Almaniyanın da burada bir sülhdə tərəfdaş ola biləcəyini özündə ehtiva edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31