AŞPA-da fraqmentasiya və parçalanma sürətlənir-Sultan Zahidov- ÖZƏL

" Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanat yaydı ki, artıq nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən vaxta qədər dayandırır".

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a  açıqlamasında bildirib:

"Bunun da əsas səbəbləri bəyanatda açıq-aşkar vurğulanıb. Əsas səbəblərdən biri kimi AŞPA-dakı bəzi deputatların Azərbaycana qarşı qərəzli və ikili standartlara dayanan mövqeyidir ki, bu deputatlar bilirik ki, daimi əsasda Ermənistan-Azərbaycan münaqişəsində hansı ki, 2020-ci ilə kimi bu münaqişə davam edirdi, bu münaqişə boyunca daimi şəkildə Azərbaycana qarşı qeyri-adekvat fikirlər səsləndirmiş, Ermənistan isə heç bir halda qınaq hədəfinə çevrilməmiş, əksinə ona dəstək nümayiş etdirmişlər. 2020-ci il Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra da AŞPA-dan daimi əsasda Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunduğunun şahidi olmuşuq. 2023-cü ildə iki belə qətnamə verildi. Ondan əlavə 2023-cü ilin oktyabrında Azərbaycana qarşı yenə bir qətnamə qəbul olundu. Bu qətnamənin 23-cü bəndi Azərbaycanı açıq-aşkar hədələyirdi. Orada qeyd olunurdu ki, Azərbaycanın 19-20 sentyabrda həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri əslində hərbi əməliyyatdır və dırnaqarası Dağlıq Qarabağda guya humanitar fəlakət yaşanır və s. Qeyd olunurdu ki, əgər Azərbaycan öhdəliklərini yerinə yetirməsə artıq 2024-cü ildə Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyəcək. Bu qətnamənin özündə də qərəz açıq-aşkar görülür, hiss olunur ki, bu qətnamə müxtəlif erməni lobbi qruplaşmalarının və eyni zamanda da Fransanın başçılığı altında müəyyən dövlətlərin təsiri altında hazırlanan qətnamədir. Bu bir daha onu göstərir ki, AŞPA müstəqil bir qurum deyildir. Hansısa bir və ya bir neçə dövlətin və müəyyən lobbi qruplaşmalarının maraqlarına xidmət edir. Ümumiyyətlə, Azərbaycanla bağlı verilən bu qərar bilirik ki, almaniyalı deputat Frank Schwabe-nin təşəbbüsü əsasında alındı. Əgər Frank Schwabenin çıxışına baxsaq görərik ki, orada səsləndirilən ittihamların heç biri reallığı əks etdirmir. Qeyd olunur ki, guya Azərbaycan 100000 ermənini zorakı yolla Qarabağdan çıxardıb, halbuki, bu həqiqəti əks etdirmir. BMT-nin monitorinq missiyası və onun hesabatlarına da baxsaq görə bilərik ki, həmin ermənilər Azərbaycanın Qarabağ regionunu könüllü şəkildə tərk etdilər. Digər tərəfdən Frank Schwabenin açıqlamasında Azərbaycanın Avropa Şurasının tələblərini yerinə yetirmədiyi, siyasi məhbusların olduğu vurğulanır. Halbuki Azərbaycan Avropa Şurasına üzv olduqdan əvvəl də sonra da imzaladığı bütün konvensiyalar çərçivəsində, o cümlədən, Avopa İnsan Haqları Konvensiyası və digər konvensiyalar çərçivəsindəki bütün öhdəlikləri yerinə yetirmiş, eyni zamanda da siyasi məhbus məsələsində gəldikdə, görünən odur ki, AŞPA Azərbaycandakı separatçı rejimin rəhbərlərini siyasi məhbus hesab edir. Halbuki, həmin şəxslərin Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı terror əməlləri mövcuddur ki, bu kimi şəxslərə heç bir halda siyasi məhbus donu geydirmək düzgün, etik olmaz. Yəni, AŞPA-nın bu qərarı, bəyanatları ilk növbədə Avropa Şurasının norma və prinsiplərinə zidd bir qərardır. Xatırlatmaq lazımdır ki, Avropa Şurası 1949-cu ildə yarandığı zaman onun əsas məqsədi qanunun aliliyini, insan hüquqlarını təmin etmək idi. Amma görürük ki, AŞPA Avropa Şurasının əsas orqanı kimi qanunun aliliyinin təminində üzv dövlətlərə qarşı heç də ədalətli və bərabər mövqe sərgiləmir. 2001-ci ildə Azərbaycan AŞPA-ya üzv olanda Azərbaycanın ümidi o idi ki, AŞPA Qarabağ münaqişəsinin həllinə müəyyən töhfələr verər. Halbuki, bu ümidlər özünü doğrultmadı. Həmin dövr ərzində AŞPA nəinki, Ermənistana qarşı hər hansı bir təzyiq və təsir göstərmiş, əksinə, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdür. Bu da AŞPA-nın qərəzliliyinin, ikili standartlara dayandığının bariz nümunəsi kimi göstərilə bilər. Bütün baş verənlər onu deməyə əsas verir ki, AŞPA Fransa və Almaniya kimi dövlətlərin əlində bir vasitədir. Bilirik ki, Fransanın regionda neoimperial, postkolonial maaraqları mövcuddur. Fransa Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə mane olmağa çalışır. Öz məqsədlərinə nail olmaq üçün müxtəlif çirkin vasitələrə əl atır ki, onlardan da biri Avropa Parlamenti və Avropa Şurası kimi qurumlarda öz maraqlarına xidmət edən deputatları təşkilatlandırmaq və onların Azərbaycana qarşı səs verməsinə vəsilə olmaqdır. Frank Schwabenin hesabatından sonra Avropa Şurası rəhbərinin kom-monitorinq məsələləri üzrə müavini Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi və səsvermə hüququnun dondurulması ilə bağlı bəyanat açıqladı. Qeyd etmək lazımdır ki, bu bəyanata əsas kimi də az öncə sadaladığım əsassız səbəblər gətirildi. Guya Azərbaycan erməniləri zorakılıqla Qarabağdan qovub. Sual verilə bilər ki, belə olan halda nəyə görə 30 il ərzində Azərbaycan torpaqları işğal altında olanda, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqının hüquqları ermənilər tərəfindən pozulanda AŞPA erməni nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi haqqında qərar vermədi? Nəyə görə Ermənistana qarşı lazımı təsir və təzyiq mexanizmlərindən istifadə etmədi? Bu mövqe bir daha onu göstərir ki, AŞPA-dakı həmin dünənki qərarın lehinə səs verən deputatlar birmənalı şəkildə erməni lobbisinin və Fransa kimi imperialist dövlətlərin maraqlarına xidmət edən şəxslərdir. Ən son olaraq da bir məqamı vurğulayım ki, AŞPA-nın bu qərarı Azərbaycanı sözsüz ki, Avropa Şurasından çıxarmır, çıxara da bilməz. Azərbaycan AŞPA-nın tam üzvüdür, sadəcə Azərbaycan nümayəndə heyəti özü də bəyan etdi ki, AŞPA-nın görüşlərində, iclaslarında qeyri-müəyyən müddətə iştirak etməyəcək. Çünki, bu görüşlərin artıq Azərbaycan üçün heç bir mənası yoxdur. Yekun olaraq qeyd etmək lazımdır ki, bu qərar özü bir kağız parçasıdır, bunun Azərbaycana heç bir fiziki təsiri olmayacaq. Ümumiyyətlə, Avropa Şurası beynəlxalq sistemdə elə də ciddi qurum hesab olunmur. Avropa Şurasının hansəsa məcbur edici mexanizmləri yoxdur. Üzv dövlətləri hansısa qərarlara məcbur etmək iqtidarında deyildir. Məsələnin əsas faciəvi tərəfi odur ki, beynəlxalq insan hüquqlarına, qanunun aliliyi, demokratiya kimi dəyərlərini özünün əsas prinsipləri kimi seçmiş bir qurum özü bu prinsipləri, normaları tapdalayır, üzv ölkələrə qarşı ədalətsiz mövqe sərgiləyir. AŞPA-nın bu mövqeyiylə bağlı digər dövlətlərdən də etirazlar oldu, Ukraynanın, Türkiyənin və başqa ölkələrin etirazlarını gördük. Bu onu göstərir ki AŞPA-da fraqmentasiya və parçalanma sürətlənir. Bu onsuz da effektiv olmayan bir qurumun daha da rəzil vəziyyətə düşməsinə səbəb ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31