Azərbaycanın qlobal arenada etibarlı imici daha da möhkəmlənir- ÖZƏL
15:16 Siyasət"Sosial şəbəkələrdə alqoritmlərin diqtəsi ilə diqqət daha çox emosional xarakterli və "nəlbəkidəki fırtına" təsiri bağışlayan mövzulara yönəldiyindən ötən həftə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu haqda demək olar ki, çox az şərh gördüm. Halbuki ölkənin gələcəyi baxımından mühüm rol oynayacaq və hər birimizin həyatına təsir edəcək anlaşmaların imzalandığı çox mühüm bir tədbirdən söhbət gedir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Forumda 30 trilyon dollarlıq kapitalı idarə edən "BlackRock", "Global Infrastructure Partners" və sair kimi dünya nəhəngləri təmsil olunurdu. Onların Bakıya gəlməsi heç şübhəsiz Azərbaycanın qlobal arenada "etibarlı tərəfdaş və sabit investisiya mərkəzi" imicini daha da möhkəmlədir. Bu imici möhkəmlədən əlamətlərdən biri də bizimlə əməkdaşlıq edən xarici şirkətlərin çoxunun öz mənfəətlərini buradan çıxarmamaları, yenidən təkrar investisiya şəklində Azərbaycan iqtisadiyyatına yatırmalarıdır.
Bütövlükdə forumda 10,8 milyard ABŞ dolları həcmində 26 mühüm sənəd imzalandı ki, onların sırasında ən mühümü fikrimcə, böyük texnologiya şirkətlərinin iştirakı ilə Azərbaycanda regional məlumat mərkəzlərinin qurulması üçün əldə olunan razılaşmalar idi. Bu bizə sadəcə iqtisadi transformasiya və divident vəd etmir, həm də təhlükəsizlik məsələsidir.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda keçirilən tədbirdə dövlətimizin başçısının ölkədə yeni neft bumunun yaşana biləcəyi ilə bağlı açıqlaması da oldu. Onu təmin edəcək daha iki mühüm müqavilə də imzalanıb. Onlardan biri "Abşeron" yatağının işlənilməsinin ikinci mərhələsi üzrə "TotalEnergies" şirkəti ilə imzalanan müqavilədir. Ancaq ən önəmlisi Orta Kür hövzəsinin şist laylarının birgə kəşfiyyatı və istismarı haqda müqavilədir ki, burada ABŞ-nin "ExxonMobil" şirkəti 50% iştirak payı ilə operatorluq edəcək.
Beləliklə, biz Azərbaycanda böyük işçi qüvvəsinə ehtiyac duyulan və nəhəng potensialının olduğu güman edilən ilk qeyri-ənənəvi neft və qaz yataqlarının istismarı ərəfəsindəyik. Mütəxəssislər bununla ölkəmizin ən azı daha 30-40 il önəmli neft istehsalçısı olaraq qalacağını proqnozlaşdırırlar.
Amma öncə vurğuladığımız kimi, Azərbaycanın əsas məqsədi Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun nəinki payını daha da artırmaq, həmçinin ixracda da onun öndə olmasını təmin etməkdir. İyunda Bakı Enerji Həftəsi çərçivəsində imzalananları da nəzərə alsaq, bütövlükdə 16,7 milyard dollarlıq anlaşmaların çoxu məhz bunun üçündür.
Burada diqqət çəkən önəmli məqamlardan biri də Orta Dəhlizin ilk növbədə ölkəmizdən keçən hissəsinin təkcə tranzit marşrutu deyil, həm də birgə emal və maliyyə mərkəzinə çevrilməsi, dəyər zəncirinin yaradılması yönündə atılan ardıcıl addımlardır"