Avropa Şurası siyasi alət vasitəsinə çevrilib

Qurum  Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir

Fransanın dirijorluğu ilə başladılan kampaniya günbəgün daha da çirkin və qərəzli xarakter alır. Anti-Azərbaycan təbliğata insan hüquq və azadlıqlarının qorunmasını əsas prinsipləri elan edən təşkilatların cəlb edilməsi isə riyakarlığın pik həddi sayıla bilər. Söhbət Avropa Şurası, onun bir qolu hesab edilən Avropa Şurası Parlament Assambleyasından gedir. Təşkilatın həyasızlığı o həddə çatıb ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü ilə çıxış edib. Digər Qərb mərkəzləri kimi, AŞPA da Avropadakı siyasi konyukturaya uyğun davranmaq qərarına gəlib, Avropa Parlamentinin ardınca anti-Azərbaycan mövqe ortaya qoyub. Millət vəkili Aydın Hüseynov qeyd edib ki, AŞPA çirkin kampaniyasına almaniyalı deputat Frank Şvabenini də qoşub. Bu şəxs Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dondurulması təşəbbüsünü irəli sürüb: "Bu da o anlama gəlir ki, Emmanuel Makronun Fransası Anti-Azərbaycan kampaniyasını Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Görünən odur ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdlu icraçıya çevirə bilib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Azərbaycan ilk dəfə deyil ki, təşkilatın qərəzi ilə üzləşir. Baş verən proseslərə nəzərə salaq; ötən il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Belə ki, 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Məqsədin ermənilərin "blokada yaşaması"nı göstərmək, bunu hesabatlara salmaq olduğunu aydın dərk edən Azərbaycan tərəfi bu absurd addıma imkan verməyib".

Onun sözlərinə görə, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya ki, bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir: "Bunu sübut edəcək faktlara nəzər salaq; Birincisi, Frank Şvabe təşəbbüsü irəli sürərəkən çıxışında "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. İkincisi, AŞPA 23 oktyabr 2023-cü ildə "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycan təhdid edilir, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatları hərbi əməliyyatlar kimi qiymətləndirilir, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyət"indən ciddi narahatlıq ifadə edilir və ölkəmiz nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin ilk iclasında tanınmamayacağı ilə hədələnir. Bu siqnal o zaman verilmişdi ki, onda növbədənkənar prezident seçkiləri elan olunmamış, ümumiyyətlə bununla bağlı hər hansı bir məlumat müzakirəyə çıxarılmanışdı.Eləcə də ötən ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini "ermənilərin hüquqları" təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik "Laçın dəhlizinin blokadaya alınması"nı qınayan, eləcə də "Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı"nı pisləyən qətnamələr qəbul edib".

Politoloq Turan Rzayev qeyd edib ki, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Məsələ ondadır ki, bu, Azərbaycana qarşı atılan ilk belə addım deyil, böyük ehtimalla son da olmayacaq. Çünki sözügedən qurum müxtəlif ölkələrin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib. Belə şəxslərdən biri də məhz almaniyalı deputat Frank Şvabendir: "Sosial Demokrat Partiyası üzvü olan və Kansler Olaf Şoltsa yaxınlığı ilə bilinən F.Şvaben Cənubi Qafqazla xüsusi maraqlanır. Bir çox AŞPA nümayəndəsi kimi F.Şvabenin də erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır. Bütün bunları ümumiləşdirdikdə F.Şvabenin də islamofob, türkofob olduğu üzə çıxır. Təbii ki, F.Şvaben faktoru həm də başqa bir məsələni gündəmə gətirir: söhbət Fransa və Almaniyanın tandem şəklində çıxış etməsindən gedir. Aydın məsələdir ki, Fransa bir çox hallarda öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Son zamanlar rəsmi Paris Bakı qarşısında ardıcıl məğlubiyyətlər alır, Almaniya ilə birlikdə AŞPA-da belə bir cavab addımı hazırlaya bilər. Yəni Fransa Almaniyanı qabağa verib, AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır".

Onun sözlərinə görə, AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil: "Ümumiyyətlə, rəsmi Bakı AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Təşkilat bu günə qədər Ermənistanın Azərbaycana təcavüzü və ərazilərin işğalı faktına qarşı ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar, qərarlar verməkdən başqa heç nə etməyib. Halbuki AŞPA-ya üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Nəticə etibarilə AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir.Belə bir halda rəsmi Bakı səssiz qalmamalıdır. Azərbaycanın təşkilata etirazı nümayəndə heyətimizin qurumda fəaliyyətinin dayandırması ilə nəticələnə bilər. Prinsip etibarilə, bu gün Azərbaycanın AŞPA-ya ehtiyacı yoxdur. Məsələ ondadır ki, rəsmi Bakı vaxtilə Qarabağ probleminin həllinə görə AŞPA-ya üzv olmuşdu. Artıq bu problem həll olunub. Yəni Azərbaycanın bu gün AŞPA-da olmasında heç bir zərurət yoxdur".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31