Azərbaycanın da Avropada və dünyanın böyük siyasi səhnəsində yaxın müttəfiqləri var-Kazım Kazımov- ÖZƏL

"AŞPA-nın çox ciddi şəkildə riyakarlıqla məşğul olmasının şahidi oluruq".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Çünki, Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzvdür və 1991-ci ildən Azərbaycan aktiv şəkildə Avropanın siyasi çevrələri ilə bir çox siyasi məsələləri görüşmüş, gündəmə gətirmişdir. Belə ki, müstəqillik qazanan kimi 1991-ci ilin sonları, 1992-ci ilin əvvəllərindən Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən çox ciddi terror və işğalçılıq fəaliyyəti həyata keçirmişdir. Quşçular, Malıbəyli faciələri, ardınca Xocalı faciəsi və sonra Şuşanın, Laçının, Kəlbəcərin və digər rayonların işğalı dövründə Azərbaycan hər zaman Avropanın diqqətinə çatdırmağa çalışmışdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edir, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Yəni, Azərbaycan xalqı soyqırımla qarşı-qarşıya qalır. Nə Birinci Qarabağ müharibəsi dövründə, nə İkinci Qarabağ müharibəsi dövründən sonrakı 30 illik müddət ərzində Avropa Şurası heç bir zaman Ermənistana qarşı ciddi bir siyasi addım atmamış, sanksiya həyata keçirməmişdir. Lakin nə vaxt ki, Azərbaycan öz torpaqlarını azad etdi və ardınca Azərbaycan suverenliyini bərpa etmək üçün beynəlxalq hüquqa uyğun olaraq addımlar atmağa başladı. Avropa Şurasındakı siyasi dırnaqarası özünü insan haqq və hüquqlarının müdafiəçisi sanan, əslində isə erməni lobbisinin təsiri altında və erməni lobbisindən maddi qaynaqlar alan millət vəkilləri, digər siyasi qurum nümayəndələri açıq şəkildə Azərbaycana qarşı "qara piar" kompaniyasına başladılar. Onlar iddia etdilər ki, Azərbaycan uzun aylar ərzində Qarabağdakı erməniləri Laçını blokadaya alaraq acığa məhkum edir. Halbuki, üzə çıxdı ki, Azərbaycan heç kimi blokadaya almayıb, nə də ki, irda ac heç kim yoxdur. Antiterror əməliyyatlarından sonra 30 il ərzində qeyri-qanuni məskunlaşan cinayətə bulaşanlar istisna olmaqla ermənilərə qədər nə qədər humanist davrandığını bütün dünya gördü. Buna rəğmən yenə də Azərbaycan müxtəif əsassız ittihamlarla qarşı-qarşıya qaldı. Bütün bunların fonunda Avropa çalışır ki, ən azından Qarabağ mövzusunda özünə bir uğur xalı əlavə etsin. Belə ki, Avropa ciddi şəkildə istəyir ki, bu sülh prosesi davam edəcəksə Brüsseldə davam etsin. Fransanın, erməni lobbisinə yaxın çevrələrin diktə etdiyi şərtlər daxilində sülh müqaviləsi imzalansın. Birincisi, Azərbaycan bu işi Brüsseldə həll etmək məcburiyyətində deyil. Çünki, Brüssel bu günə qədər Azərbaycanın bütün haqlı tələblərinə və Azərbaycan xalqının məğlub olduğu qeyri-insani rəftara göz yumub, gözməzdən gəlib. Avropadakı siyasi çevrələrin bu gün ermənipərəst olduğu açıq aşkarkən nəyə görə Azərbaycan bu gün Brüsselin dedikləri ilə hərəkət etməlidir? İstəyirlər ki, Azərbaycanı Qərb Şərq münaqişəsində yeni bir münaqişə ocağına çevirsinlər. Ancaq Azərbaycan hökuməti, cənab İlham Əliyev Avropanın bu siyasi oyunbazlığını çox yaxşı görür. Bunun üçün də Azərbaycan heç bir zaman balanslı siyasətindən əl çəkməyərək, Qərb-Şərq arasında Azərbaycan hər zaman normal dialoqun qurulmasının tərəfdarı olaraq, yeni bir beynəlxalq münaqişənin tərəfi olmamağa çalışaraq, Brüsselin də istəklərini rədd edir, digər çevrənin istəklərini də rədd edir. Belə olan təqdirdə isə onlar riyakarcasına Azərbaycanın beynəlxalq aləmdə hədəf almağa çalışırlar. Ancaq bunu da vurğulayaq ki, Avropanın Qafqazda 30 ildir yeritdiyi siyasət, necə ki, Qarabağ müharibəsində iflasa uğradısa, bundan sonra atacağı addımlar da iflasa uğrayacaqdır. Çünki, Azərbaycan hər nə qədər də Avropa Şurasında hədəf alınsa da Azərbaycanın da Avropada və dünyanın böyük siyasi səhnəsində yaxın müttəfiqləri var. Azərbaycanın işi haqq işidir. Buna görə də ehtimal etmirəm ki, Azərbaycan Avropanın sanksiyaları qarşısında qalacaq. Hər hansı bir sanksiya qəbul edilərsə, Azərbaycanın bundan çox ciddi şəkildə zərər görəcəyini düşünmürəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31