Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
17:50 SiyasətAzərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar sayəsində regionun ən cəlbedici investisiya məkanlarından biridir. Ölkəmizin investisiya mühitini gücləndirən və xarici investorlar üçün cəlbedici edən əsas amillər sırasında coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji və nəqliyyat imkanlarının genişliyi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, əlverişli biznes mühitinin mövcudluğu, ən əsası inkişafa yol açan siyasi və makroiqtisadi sabitlik xüsusi qeyd edilir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi əksər dövlətlər arasında Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında tərəddüdlərin yaranmasına səbəb olmuşdu. Xarici investorlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Həyata keçirilən uğurlu siyasət ölkəmizi qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Ümummilli Lider Heydər Əliyev yerli və xarici investorları ölkə iqtisadiyyatına investisiya yatırmağa çağırdı, həmin sərmayələrin təhlükəsizliyinə tam əmin ola biləcəklərini bildirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollara çatdırılması məhz həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən biznes forumlar, Bakı Enerji Həftəsi, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya forumları ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu günlərdə dövlət başçısı İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir bir daha iqtisadi reallıqlarımızın təbliğində öz sözünü dedi. Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı. Forumda Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil etdi. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olundu. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, indiyədək görülən işlər, şübhəsiz ki, gələcək inkişaf üçün ilkin şərt oldu. Çünki görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var.
Millət vəkili bildirib ki, iqtisadiyyatın ikinci hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Qeyd etdiyimiz kimi, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Avrasiya məkanında yük və enerji daşımalarını birləşdirən mühüm beynəlxalq tranzit ölkə kimi nüfuz qazanması nəqliyyat imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə, Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisinə və yenidən qurulmasına böyük əhəmiyyət verir. Dövlət başçısı İlham Əliyevin çıxışında bu reallıqlar da diqqətə çatdırıldı. Ölkə Prezidenti bildirdi ki, biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artımın olduğunu bildirən Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu gün biz istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbatın artdığını müşahidə edirik. Biz bu iki mühüm qovşaq üzərində yerləşirik. Azərbaycan hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda ölkələrdən biridir. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi bu il 16 milyon tona çatacaq. Lakin hədəf 2030-cu ilədək hər iki istiqamətdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında daşımaların həcmini 25 milyon tona, bəlkə də daha yüksək səviyyəyə çatdırmaqdır.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın regionda rəqəmsal transformasiya və fəaliyyət mərkəzinə çevrilməsi ilə bağlı bir neçə istiqamətə də diqqəti yönəltdi. Əlbəttə, bunlardan biri potensialın, kadr imkanlarının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildən etibarən ölkənin gələcək inkişaf modelini məhz insan kapitalının formalaşdırılması üzərində qurmuşdur. Onun bu strateji yanaşması "Qara qızılı insan kapitalına çevirək!" tezisi ilə dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Bu çağırış ölkənin yalnız neft və qaz resurslarından asılı olmaması, dayanıqlı inkişafın təmin edilməsi üçün təhsilin, elmin və innovasiyaların rolunu önə çəkdi. Bu strategiyanın uğurlu davamı olaraq ötən illər ərzində mühüm addımlar atılmışdır ki, bunlardan biri də gənclərin xarici ölkələrdə təhsil almasıdır. Həmçinin ölkəmizdə yeni texnologiyaların inkişafına və tətbiqinə böyük diqqət göstərildi. Dünyanın texnoloji yeniliklərinin Azərbaycanda müzakirə edilməsi bu sahədə qazandığımız uğurların, zəngin təcrübənin təsdiqidir. Prezident İlham Əliyev vurğuladı ki, hazırda təhsil sahəsində çox iş görülür. Artıq bir müddətdir ki, fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılmış ilk mühüm addım idi. Çünki təhsil və hazırlıqlı kadrların yetişdirilməsi hər şeydən önəmlidir. Peşəkar və ixtisaslı kadrlar olmadan heç vaxt qarşıya qoyduğumuz məqsədlərə nail ola bilmərik. Bu gün kifayət qədər böyük maliyyə resurslarına malik olduğumuz üçün istənilən texnologiyanı əldə edə bilərik. Əlbəttə, əgər söhbət məxfi texnologiyalardan getmirsə. Təcrübəyə gəldikdə isə Prezident İlham Əlyev qeyd etdi ki, bu, çox mühümdür. Burada neft-qaz sənayesindəki təcrübəmiz yaxşı nümunədir. 1994-cü ildə Hasilatın pay bölgüsü haqqında Saziş imzalananda Qərbin enerji şirkətlərində çalışan əməkdaşların 90 faizindən çoxu əcnəbilər idi. İndi isə yəqin ki, əcnəbi əməkdaşların payı təxminən 5 faizdir. Bu, ölkənin inkişafına və potensialının formalaşdırılmasına misilsiz töhfə oldu. Hazırda çoxsaylı Azərbaycan vətəndaşı müxtəlif şirkətlərdə qlobal miqyasda fəaliyyət göstərir. Biz, həmçinin nümayəndələrimizin mühüm vəzifələr tutmasından məmnunuq və bununla fəxr edirik. Azərbaycanın savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu və təhsil sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq kadr hazırlığı və potensialın gücləndirilməsi son dərəcə mühüm olacaq. 2003-cü ildə ilk dəfə Prezident seçildikdən dərhal sonra gənclərimizin xaricdə təhsil alması məqsədilə Dövlət Proqramı qəbul etdik. O vaxtdan bəri minlərlə, bəlkə də on minlərlə gəncimiz xaricdə təhsil alıb və onların mütləq əksəriyyəti geri qayıdıb. Beləliklə, bu, satın ala bilməyəcəyimiz bir potensialın formalaşdırılmasıdır.
Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin tədbirdə "Cənab Prezident, burada toplaşmış trilyonlarla dollar həcmində kapitalı təmsil edənlər Azərbaycan və onun gələcəyi ilə bağlı bu görüşdən hansı mesajla ayrılmalıdırlar? Mənim eşitdiklərimə əsasən, Azərbaycan biznes üçün açıqdır, investisiya üçün cəlbedici məkandır. Onlar başqa nələri nəzərə almalıdırlar" sualına "Hesab edirəm ki, onlar feyk xəbərlər yayan mediaya inanmamalıdırlar. Zənnimcə, belə tədbirlərin üstünlüklərindən biri də odur ki, burada iştirak edənlər hər şeyi öz gözləri ilə görə bilirlər. Onlar insanların nə dediyini eşidə bilərlər" cavabı özündə bütün məqamları ümumiləşdirir. Reallıq budur ki, Azərbaycan bütün sahələrdə inkişafın təkmil modelini təqdim edir. Uğurlarımızın təməlində iqtisadi strategiyamızın düzgün qurulması, uğurla yerinə yetirilməsi amilləri dayanır. Azərbaycan hər zaman yeni əməkdaşlıq körpülərinin qurulması çağırışları ilə diqqətdə olub və bunu real addımları ilə təsdiqləyir. Azərbaycana xoş niyyətlə ayaq basan xarici iş adamları burada yaradılan şəraitdən bəhrələnərək əməkdaşlığa böyük töhfələr vermək imkanındadırlar. Prezident İlham Əliyev qonaqlara bildirdi ki, bunun üçün onlar Bakıda bir müddət qalsınlar və bəlkə də yenidən gəlsinlər. Əlbəttə, onların geri qayıtmasını, bizimlə əməkdaşlıq etməsini və yeni inkişaf yolumuzda bizimlə birgə addımlamalarını istərdik.