“20  YANVAR”IN  PROLOQU

Mən  əsrləri nəhəng bir ermitaja, illərisə həmin ermitajın böyük salonlarına bənzədirəm. Bu salonların hər birinin özünəməxsus ekspozisiyası vardır. Bəşəriyyət üçün, xüsusən Azərbaycan xalqı üçün XX əsr ermitajında gözəl, xoşagəlimli, gözoxşayan salonlarla yanaşı, dəhşətli salonlar da vardır. 1905-ci, 1918-ci, 1920-ci, 1937-ci, 1941-45-ci, 1948-ci, 1988-ci, 1990-cı və 1992-ci illər. Bəli, bu illər salonlar xalqımızın qan yaddaşına əbədi olaraq ona qarşı törədilmiş qırğın, təcavüzü, işğal, repressiya, müharibə, deportasiya, fəlakət, faciə və soyqırım adlı ekspozisiyaları ilə həkk olunmuşdur.     

Belə dəhşətli salonlardan birinin ən dəhşətli ekspozisiyasını 1990-cı ilin qanlı-qadalı yanvarını bir daha xatırlayaq, çünki bu ekspozisiyanın tərtibindən düz 34 il keçir. Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarını bu il daha geniş miqyasda, dərin hüzünlə yanaşı böyük fəxarət hissilə, vüqarla qeyd edir. Çünki builki ildönümü məhz 1990-cı ilin yanvarında mövcud olmuş, heç bir ərazisi, bölgəsi işğal altında olmayan Azərbaycanda qeyd edilir.  "20 Yanvar" faciəsinin ildönümlərini xalqımız 2021-ci ildən iftixarla qeyd edir. Lakin bu il, 34-cü ildönümü artıq suverenliyini tam bərpa etmiş müstəqil Azərbaycanda, üçrəngli bayrağı Xandkəndidə dalğalanan, sözün əsl mənasında azadlığına qovuşmuş Azərbaycanda qeyd edilir. Bu idi "20 Yanvar" şəhidlərinin uğrunda canlarını fəda etdikləri amal, arzu!

Hər il olduğu kimi, bu il də ekranda və efirdə verilişlər gedir, mətbuatda müxtəlif yazılar dərc olunur. Mən isə "20 Yanvar"ın proloqundan - 1990-cı ilin yanvarında baş vermiş Naxçıvan hadisələrindən söz açmaq istəyirəm.

Məlumdur ki, 1988-ci ilin əvvəlindən, Dağlıq Qarabağ problemi ortaya atıldıqdan bir-iki ay sonra Azərbaycanda buna cavab əlaməti olaraq çoxdan közərməkdə olan milli azadlıq hərəkatı alovlanmağa başladı, həmin ilin yazında Naxçıvanda "Yurd" birliyi yaradıldı. Bu təşkilat o zaman sovet quruluşu dövründə qəlbi azadlıq eşqilə çırpınan, vətənpərvər insanları, ziyalıları, fəhlə və qulluqçuları, tələbələri öz ətrafında birləşdirən ilk leqal təşkilat idi. Eləcə də "Yurd" bir il sonra yaranan Azərbaycan Xalq Cəbhəsinin ilk rüşeymi idi, çünki 1988-ci ilin sonunda onun adı artıq "Naxçıvan Xalq Cəbhəsi" adlandırıldı. Bu, sözün əsl mənasında hər cür təcavüzə, işğala sinə gərən, Vətənin istiqlaliyyəti uğrunda bütün sınaqlara hazır olan insanları özündə birləşdirən "Xalq Cəbhəsi" idi.

1988-ci ilin noyabrından Bakıda başlayan "Meydan hərəkatı" paralel olaraq Naxçıvanda da geniş vüsət aldı.

Artıq 1989-cu ildə hamıya çox gözəl məlum olan hadisələri təkrar yada salmağa ehtiyac duymuram. Yalnız həmin ilin son günü Naxçıvan Muxtar Respublikasında baş vermiş fövqəladə hadisəni demək olar ki, bütün dünyada ajiotaj yaradan 31 dekabrdakı "Sərhəd hərəkatı"nı xatırlatmaq istəyirəm. Məhz həmin gün AXC Naxçıvan şöbəsinin təşəbbüsü ilə geniş xalq kütləsi hər an baş verə biləcək toqquşmanın, hətta ölümün belə fərqinə varmadan Ordubaddan Sədərəyədək Araz boyu uzanan SSRİ-nin Dövlət sərhədindəki qurğuları darmadağın etdi. Bu tarixi gün sovet dövlətində ilk dəfə baş vermiş bu hadisə hər il "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" kimi bayram edilir.

Həmin gün heç bir insidentin baş verməməsi, yəni sərhəd qoşunlarının bu hadisəyə müdaxilə etməməsi və yalnız müşahidəçi rolunu oynaması nəinki Naxçıvan, hətta bütün Azərbaycan əhalisində, sovet respublikalarında, eləcə də dünya ictimaiyyətində böyük maraq və təəccüb doğurmuşdu. Lakin həmin gün axşam Moskvanın "Zaman" xəbərlər proqramında verilən xüsusi reportaj və göstərilən videokadrlar qaranlıq mətləblərə aydınlıq gətirdi. Sərhəd məftillərinin demək olar ki, 160 km məsafə boyunca kütləvi surətdə sökən mütəşəkkil xalq, Mərkəzi Televiziya vasitəsilə dünyaya bir qrup quldur dəstəsi, narkoman və alkoqolik kimi tanıtdırıldı. Sərhəd dəstələrində, zastavalarda xüsusi videooperatorların əvvəlcədən yerləşdirilməsi də bu aksiyadan gizli məqsədlər üçün istifadə ediləcəyindən xəbər verirdi.

Həmin hadisədən bir neçə gün əvvəl dekabrın 14-də Sədərək, Günnüt və Havuş kəndləri erməni dəstələri tərəfindən güclü avtomat və minamyotlardan atəşə tutulmuşdu. Son bir il ərzində muxtar respublikanın Ermənistanla sərhədində bu ilk və ən böyük miqyaslı gülləbaran idi. Sən demə, bu da cəmi bir ay sonra Naxçıvana qarşı başlanacaq təcavüzə xəbərdarlıq imiş.

Bəli, 1990-cı il yanvarın 18-nə keçən gecə muxtar respublikanın Sədərəkətrafı sərhədyanı ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən aramsız top və raket atəşinə tutuldu.

Həmin gün sərhəd zonasında yerləşən Sədərək Şərab Zavodu partladıldı, Sədərəkdə bir neçə yaşayış evi dağıdıldı. Belə evlərdən birinin həyətinə düşən mərmi iki körpənin 7 yaşlı Elvin və 5 yaşlı Malik Nəsirovların həyatına son qoydu.

Naxçıvan ilk şəhidlərini verirdi. Yanvarın 18-si və 19-da Sədərək uğrunda gedən ağır döyüşlər nəticəsində Naxçıvan şəhərindən İdris Məmmədov,  Babək rayonundan Abbasəli Nəzərəliyev, Şərur rayonundan Məhərrəm Seyidov, Etibar Əhmədov və Məhəmməd Məmmədov qəhrəmancasına həlak oldular.

Beləcə, Naxçıvan ilk şəhidlərinə ağı dedi. Mən o günlərdə yenicə yaradılmış Naxçıvan Dövlət Kukla Teatrına rəhbər təyin olunsam da, eyni zamanda axşamlar Naxçıvan Dövlət Teleradiosunda diktor işləyirdim. O dəhşətli saatlarda xalqa döyüş bölgəsindən ağır, bəd, qara xəbərləri çatdırınca ekranda və efirdə dərin sarsıntı keçirirdim. Yadımdadır, həmin vaxtların ən bəd xəbəri yanvarın 19-da gəldi: "Yanvarın 18-də Naxçıvan MSSR Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuşdur". Həmin gün mən ümumiyyətlə "Xəbərlər"i  oxumaqdan imtina etdim. Bu rüsvayçı xəbər başda olmaqla o günün "Xəbərlər"ini qadın diktorlardan biri oxudu.

Kərki muxtar respublikanın şimal-qərbində, Sədərəyin yaxınlığında, Ermənistan ərazisində yerləşmiş kənddir. Buranın özünümüdafiə dəstəsi mühasirədə olduğundan, guya kəndi etibarlı müdafiə etmək məqsədilə oraya girmiş rus qoşunları Kərkini axıradək əldə saxlayacaqları barədə şirin vəd verərək könüllü müdafiə dəstəsini kənd sakinlərilə birlikdə Sədərəyədək gətirib sonra  geri dönərək 19-na keçən gecə Kərkini ermənilərə təhvil vermişdilər. Atalarımız belə yerdə deyib: "Arqalı köpək qurd basar".

Yanvarın 19-da, günün ikinci yarısında bu xəbəri eşidən Naxçıvan şəhərinin əhalisi hər gün "Xalq Cəbhəsi" qərargahının qarşısına toplaşan izdihamla bərabər qəzəb və təlaş içində Lenin (indiki Azadlıq) meydanına və burada yerləşən Vilayət Partiya Komitəsi (indiki Ali Məclis) və Ali Sovetin Rəyasət Heyəti (İndiki Nazirlər Kabineti) binalarının qarşısına axışdı. Xalq burada muxtar respublika rəhbərliyindən konkret cavab və fəaliyyət tələb edirdi. Vilayət Partiya Komitəsi qarşısında o zaman birinci katib işləyən, Azərbaycan xalqının şanlı oğlu, dövlətçiliyimiz və müstəqilliyimiz yolunda qurban gedən mərhum Afiyəddin Cəlilov xalqa müraciətdə bildirdi: "Naxçıvanı işğal etmək məqsədilə bu torpağa girəcək ilk tank yalnız mənim üzərimdən keçərsə irəliləyə bilər. Təlaşa ehtiyac yoxdur. Səbrli və dözümlü olun. Vəziyyət barədə Bakıya və Moskvaya məlumat verilmişdir. Yerevanla danışıqlar aparılır. Ermənilər Naxçıvana girməyə cürət edə bilməzlər. Belə bir vəziyyət yaranarsa, biz dərhal Türkiyəyə və digər beynəlxalq təşkilatlara müraciət edəcəyik. Bakının özündə bu saat vəziyyət çox gərgindir. Telestudiyada partlayış baş vermiş, informasiya əlaqəsi kəsilmişdir. İndi Mərkəzi Komitə qarşısında böyük mitinq gedir..."

Bəli, həmin saatlarda Bakıda, MK qarşısındakı mitinqdə telestudiyanın partladılması, Sədərək döyüşləri və Kərki kəndinin işğalı barədə paytaxt əhalisinə məlumat verilirdi. "Qanlı şənbə"yə cəmi bir neçə saat qalırdı.

Naxçıvanda isə xalq "Biz artıq Moskvanı tanımırıq!", "Rədd olsun Sov.İKP MK!" sədaları altında Ali Sovetin binası önündə yekdil qərar qəbul etdi: Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxsın, Naxçıvan "respublika" adlandırılsın və yardım üçün Türkiyəyə, İrana, digər nüfuzlu beynəlxalq təşkilatlara müraciət edilsin. Bu istəyin qərar şəklində rəsmiləşdirilməsi üçün Ali Sovetin Rəyasət Heyəti qarşısında tələb irəli sürüldü. Təxminən iki saatdan sonra Muxtar Respublika Ali Sovetinin Rəyasət Heyəti sədr Səkinə Əliyevanın imzası ilə 1990-cı il yanvarın 19-da aşağıdakı tarixi qərarı qəbul etdi:

"Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında"

Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı.

"Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının

həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri

kobud surətdə pozulduğundan, Naxçıvan MSSR SSRİ tərkibindən

çıxıb özünü müstəqil respublika elan edir".

Yanvarın 20-də səhər radio ilə verilən dəhşətli xəbər bütün Naxçıvan əhalisini dərindən sarsıtdı. 19-dan 20-ə keçən gecə Bakıya müxtəlif istiqamətlərdən daxil olan Sovet Ordusunun tankları və müxtəlif zirehli maşınları dinc, silahsız əhaliyə kütləvi divan tutmuş, səhərədək qətliam törədilmişdir. Nəticədə 100-dən artıq insan həlak olmuş, 300-dən artığı müxtəlif ağır bədən xəsarəti almış, onlarla adam itkin düşmüşdür.

Günün ikinci yarısında Naxçıvan Teleradiosuna şəhərdəki xarici dil mütəxəssisləri dəvət olundular.  Azərbaycan dilindən əlavə 7 dildə Naxçıvana yanvarın 18-dən erməni-rus qoşun birləşmələrinin etdiyi təcavüz, yanvarın 19-dan Naxçıvanın SSRİ tərkibindən çıxması və respublika adlandırılması haqqında Ali Sovetin Fərmanı, yanvarın 20-ə keçən gecə Bakıda Sovet ordusunun törətdiyi qanlı cinayət, kütləvi qətliam barədə ilk dəfə olaraq, bütün dünyanı xəbərdar etdik. Bu xəbəri mən (Azərbaycan dilində), Tünzalə Hüseynova (rusca), Fəsahət Hüseynov (türkcə), Şəmsi Əhmədov (farsca), Qafar Məmmədov (ingiliscə), Validə Qafarova (fransızca), Həmid Arzulu (almanca) və  Nazim Həsənov (ərəbcə) Naxçıvan Televiziyası vasitəsilə qonşu Türkiyə və İrana, Naxçıvan Radiosu vasitəsilə isə orta dalğadan dünya ictimaiyyətinə çatdırdıq. Qeyd edim ki, bu, Naxçıvan Radiosunun tarixində orta dalğada efirə ilk çıxışı idi.

Həmin xəbərlər üç gün müntəzəm olaraq, hər axşam televiziya ilə gün ərzində bir neçə dəfə radio ilə verilirdi. O günlərdə Azərbaycan Teleradiosunun enerji bloku partladıldığından Bakı hadisələrini dünya ictimaiyyətinə çatdırmaq qeyri-mümkün idi. Məhz bu missiyanı Naxçıvan Teleradiosu gözlənilmədən, uğurla yerinə yetirdi. Bunun da nəticəsində Sədərək döyüşləri səngidi, Bakıda yanvarın 21-də səhərədək davam edən atışma dayandırıldı. Ayın 22-də isə "20 Yanvar" qurbanlarının cənazələri Bakının Azadlıq meydanından yüz minlik izdihamla qaldırılaraq şəhərin ən uca zirvəsində, indiki "Şəhidlər Xiyabanı"nda böyük ehtiramla dəfn edildilər.

1990-cı ilin yanvar şəhidləri heç zaman unudulmayacaq!

ƏLƏKBƏR QASIMOV

AMEA Naxçivan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31