Bu cür bəyanatlarla çıxış etmək istintaqa təzyiq hesab edilə bilər - ÖZƏL
18 Yanvar 2024 16:32 Siyasət"Məncə, Avropa Birliyinin təmsilçisi məsələlərə bu yöndən yanaşmamalıdır. Azərbaycanın müvafiq dövlət qanunları var və əlbəttə ki, həmin qanunlar çərçivəsində davranış sərgilənir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Bu davranış təbiidir ki, istintaq qurumlarında, məhkəmə orqanlarında, yəni bütün dövlət qurumlarında da sərgilənir və heç bir xarici dövlətin, eyni zamanda, beynəlxalq təşkilatın, dövlətlərarası qurumun buna qarışmağa hüququ yoxdur. Əlbəttə ki, orada nə baş verdiyini, nə Piter Mexalko, nə də ki, biz deyə bilmərik. Çünki istintaq aparılır və niyə məhz istintaq altındakı adama bu cür münasibət bəslənildiyinə də qərarı məhz istintaq verir. Yəni zərurət var ki, edilir, zərurət olmasa belə edilməz. Ona görə də mən Avropa Birliyinin təmsilçisini bir qədər səbirli olmağa çağırardım. Bir az dözsün, dayansın, bəlli bir müddətdən sonra bütün gerçəklər üzə çıxacaq. Onda yanaşmanın nə qədər doğru olub-olmadığını müzakirə edə bilərik. İndiki mərhələdə bu cür bəyanatlarla çıxış etmək isə istintaqa təzyiq hesab edilə bilər və heç bir dövlət də müstəqil istintaqın aparılmasına, kənar təzyiqlərə dözmür, dözməyə də borclu deyil".