İran-Pakistan hərbi-siyasi qarşıdurması rəsmi Tehranın davranışları ucbatından yaranıb-Elçin Xalidbəyli- ÖZƏL

"Pakistan və İran arasında son günlər ortaya çıxan gərginlik həm hər iki ölkə, həm də ümumiyyətlə, bu ölkələrin coğrafi bağlılığı olan regionlar üçün olduqca təhlükəli faktordur. Hələlik hər iki ölkə bir-birinin ərazisinə raket zərbələri endiriblər və bunu silahlı terror qruplaşmalarına qarşı mübarizə ilə əsaslandırmağa çalışıblar. Bu baxımdan, situasiyanın hələlik müəyyən mənada, nəzarət altında olduğunu da düşünmək olar".

Bu sözləri Olaylar.az-açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Ancaq indi həm Pakistan, həm də İran daha ehtiyatlı olmağa məcburdur. Xüsusilə də, İran Pakistana qarşı yolverilməz hərbi aqressiya davranışlarından imtina etməlidir. Çünki indiki situasiyada ona görə də, bu vəziyyətdən yalnız siyasi-diplomatik təmasların artırılması ilə çıxmaq mümkün ola bilər. Hər iki tərəfin hərbi alətləri ön plana çıxaracağı təqdirdə isə yeni dağıdıcı müharibə qaçılmaz xarakter daşıya bilər. Hər halda, hər iki ölkə kifayət qədər güclü hərbi potensiala malik dövlətdir. Onların arasında savaşın başlaması ətraf ölkələrə də uzunmüddətli kataklizmlər vəd edə bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, Pakistan həm də güclü nüvə dövlətidir.
Bütün bunları nəzərə aldıqda, hazırda hər iki dövlətə savaşın sərfəli olduğunu düşünmək qətiyyən mümkün deyil. Böyük ehtimalla yaxın vaxtlarda hər iki ölkə siyasi-diplomatik təmaslar sayəsində vəziyyəti normallaşdırmağa nail olacaqlar. Üstəlik, Türkiyə də həm İran, həm də Pakistan ilə siyasi-diplomatik təmaslar qurmağa başlayıb. Yəqin ki, rəsmi Ankaranın da barışdırıcı müdafiəsi ilə problemlər həll ediləcək. Yəni, bu vəziyyətin dağıdıcı savaşa çevrilmə təhlükəsinin bloklanması ilə bağlı imkanlar qətiyyən tükənməyib. Ona görə də, yeni savaş ehtimalı hələlik o qədər də real görünmür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31