20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir- ÖZƏL
18 Yanvar 2024 14:35 Siyasət"Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi". "Olaylar"ın məlumatına görə, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev qeyd edib ki,
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi:
"Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar ayının 22-də Bakının "Azadlıq" meydanında böyük bir matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər Bakı şəhərinin ən uca yeri olan Dağüstü Parkda dəfn edildilər. İndi həmin müqəddəs məkan Şəhidlər Xiyabanı adlanır. Burada Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimiz uyuyur. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu".